Səfir Polad Bülbüloğlu İsveçrənin Rusiyadakı Səfirliyinin Gürcüstan Respublikasının maraqları bölməsinin yeni təyin olunmuş rəhbəri Giorgi Kadjayayı qəbul etmişdir
Cari ilin 18 iyun tarixində Səfir Polad Bülbüloğlu İsveçrə Konfederasiyasının Rusiya Federasiyasındakı Səfirliyinin Gürcüstan Respublikasının maraqları bölməsinin yeni təyin olunmuş rəhbəri Giorgi Kadjayayı qəbul etmişdir.
Gürcüstanın maraqları bölməsinin rəhbəri özü haqqında ətraflı məlumat vermiş və 2007-ci ildə Azərbaycana ATƏT-in fəaliyyətdə olan sədri ilə birgə səfər etdiyini, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə ikitərəfli görüşlərdə iştirak etdiyini qeyd etmişdir.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələr üzrə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunmuşdur.
Strateji tərəfdaşlığımızın regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Azərbaycanın Səfiri, ölkələrimizin iştirakı ilə reallaşan irimiqyaslı enerji və nəqliyyat layihələrinin vacibliyini xüsusilə qeyd etmişdir.
Həmçinin Polad Bülbüloğlu ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu barədə ətraflı danışmış, işğal faktının hələ də davam etdiyini, bir milyondan artıq həmvətənimizin doğma yurd-yuvalarından məcburi köçkün və qaçqın düşdüyünü diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, status-kvonun davam etməsi yolverilməzdir.
Səfir Polad Bülbüloğlu Azərbaycan-Gürcüstan dövlət sərhədi mövzusuna toxunaraq, son vaxtlar Keşikçi Dağı məbəd-kompleksi ətrafında səslənən təxribat xarakterli bəyanatlarla bağlı qeyd etmişdir ki, sözügedən məsələ Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası çərçivəsində aparılan danışıqlar yolu ilə, qarşılıqlı dostluq və qonşuluq münasibətlər nəzərə alınmaqla birgə səylər nəticəsində həll edilməlidir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.