Səfir Polad Bülbüloğlu Rusiya Federasiyası Çeçenistan Respublikasının Rusiya Federasiyası Prezidenti yanında Səlahiyyətli nümayəndəsi – Çeçenistan Respublikası Hökumətinin Sədr müavini Bekxan Taymasxanovu qəbul etmişdir
Cari ilin 8 avqust tarixində Səfir Polad Bülbüloğlu Rusiya Federasiyası Çeçenistan Respublikasının Rusiya Federasiyası Prezidenti yanında Səlahiyyətli nümayəndəsi – Çeçenistan Respublikası Hökumətinin Sədr müavini Bekxan Taymasxanovu qəbul etmişdir.
Görüşdə iki xalq arasında mövcud olan dostluq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunmuş, həmin münasibətlərinin əsasının ümummilli lider Heydər Əliyev və çeçen xalqının lideri Hacı Əhməd Kadırov tərəfindən qoyulduğu qeyd edilmişdir. Hal-hazırda da bu əlaqələrin onların davamçıları olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov tərəfindən daha da genişləndirildiyi və möhkəmləndirildiyi vurğulanmışdır.
Bekxan Taymasxanov 23 avqust 2019-cu il tarixində Çeçenistanda Avropanın ən böyük məscidinin və yeddinci hafizlər məktəbinin açılışı ilə əlaqədar tədbirlər haqqında geniş məlumat vermişdir.
Görüş əsnasında regionda baş verən proseslər müzakirə olunarkən, Polad Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu haqqında qarşı tərəfə məlumat vermiş, son günlər Ermənistan rəhbərliyinin səsləndirdiyi təxribat xarakterli bəyanatlarını misal çəkərək, onların danışıqlar prosesinə, o cümlədən ATƏT-in Minsk Qrupunun fəaliyyətinə ciddi xələl gətirdiyini vurğulamışdır.
Həmçinin görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında da fikir mübadiləsi aparılmışdır.