2019-09-12

Məşhur azərbaycanlı, general-adyutant Hüseyn xan Naxçıvanskinin Sankt-Peterburq şəhərində abidəsinin ucaldılması ilə bağlı

Son günlər sosial şəbəkələrdə məşhur azərbaycanlı, general-adyutant Hüseyn xan Naxçıvanskinin Sankt-Peterburq şəhərində abidəsinin ucaldılması üzrə işlərin maliyyələşdirilməsinin dayandırılması ilə bağlı ictimaiyyəti narahat edən mövzu yayılmaqdadır.

Bununla əlaqədar, Səfirlik rəsmi olaraq bildirir ki, sözügedən layihə ilə bağlı heç bir əlavə maliyyə dəstəyinə ehtiyac yoxdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hər birimiz üçün olduqca vacib olan bu ideyanın tam həyata keçirilməsi üçün bütün lazımi vəsait ayrılmışdır.

Qeyd etmək lazımdır ki, kompozisiyanın seçilməsi ilə bağlı işlərin əvvəlində bir neçə müəllif tərəfindən müxtəlif eskizlər təqdim olunmuşdu. Həmin eskizlər uzun müddət və ətraflı nəzərdən keçirildikdən sonra gənc və istedadlı heykəltəraş Mixail Popov və memar Yevgeni Çerepaxinin xeyrinə seçim edilmişdir. Həmçinin vurğulamaq lazımdır ki, Mədəniyyət Nazirliyindəki iş təcrübəsindən istifadə edərək, Polad Bülbüloğlu sözügedən eskizə bir sıra düzəliş və əlavələr etmişdir ki, bunun sayəsində abidənin kompozisiyasının yaradıcı hissəsi üzrə iş yekunlaşdırılmışdır. Kompozisiyanın seçilməsi və təsdiq olunması ilə paralel olaraq, Səfir Polad Bülbüloğlu Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulu Sultan Qasımov ilə birgə Sankt-Peterburqun o vaxtkı qubernatoru və rəhbərliyi, eləcə də abidənin ucaldılması ideyasını irəli sürmüş Azərbaycan diasporunun nümayəndələri ilə bir sıra görüşlər keçirmişlər. Bundan əlavə, 2016-cı ildə Hüseyn xan Naxçıvanskinin oğluna məxsus məzar daşı aşkar olunduqda, məhz Polad Bülbüloğlu tərəfindən həmin məzar daşının abidənin postamentinə əlavə edilməsi fikri irəli sürülmüşdür.

Hazırda heykəltəraşlıq kompozisiyası, eləcə də memarlıq layihəsi tam olaraq yekunlaşmışdır və işin görülmüş hissəsi ödənilmişdir.

Layihə üzrə növbəti işlərin görülməsi üçün lazımi vəsait köçürülmüşdür. Dövlət vəsaitinin xərclənməsinin hesabatlılığının zəruriliyini, eləcə də vəsaitin qeyri-şəffaf istifadə edilməsinin mümkünlüyünün istisna olmadığını nəzərə alaraq, vəsaitin xərclənməsini təsdiqləyən müvafiq sənədlər sorğu edilmişdir. Lazımi sənədlər təqdim olunmadığından maliyyələşdirilmə dayandırılmışdır.

Həmçinin qeyd etmək vacibdir ki, abidənin ucaldılması üçün Sankt-Peterburq administrasiyası tərəfindən ayrılmış ərazidə yeraltı mühəndis-texniki kommunikasiyalarla bağlı bəzi ciddi problemlər üzə çıxmışdır.

Hazırda Səfirin Sankt-Peterburqun yeni seçilmiş qubernatoru ilə yaranmış problemlərin həlli üçün görüşünün təşkili planlaşdırılır.

Məlum olduğu kimi, 2020-ci ildə Azərbaycan Peterburq Mədəniyyət Forumunda qonaq ölkə kimi təmsil olunacaqdır ki, bu da xalqlarımızın mədəni həyatında olduqca əhəmiyyətli hadisədir. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşdırılmaqla, Forumun əsas tədbirlərindən biri kimi, Hüseyn xan Naxçıvanskinin abidəsinin təntənəli açılışı planlaşdırılır.

İctimaiyyəti “divident” qazanmaq istəyən “vətənşüvənlər” tərəfindən yayılan dezinformasiya və təxribat xarakterli məlumatlara uymamağa çağırırıq.

Səfirlik Azərbaycan xalqının tarixinin qəhrəmanlıq səhifələrinin xatirəsini əbədiləşdirmək üçün ondan asılı və lazım olan bütün tədbirləri görür.

Arxiv üzrə axtarış