2019-09-24

Cari ilin 24 sentyabr tarixində Moskvada “WorldFood Moscow” 28-ci Beynəlxalq qida məhsulları sərgisinin açılışı keçirilmişdir

Cari ilin 24 sentyabr tarixində Moskvada “WorldFood Moscow” 28-ci Beynəlxalq qida məhsulları sərgisinin açılışı keçirilmişdir.

Sərgidə dünyanın 65 ölkəsini və Rusiyanın 43 regionunu təmsil edən 1500-dən artıq qida məhsulları istehsalçıları iştirak etmişdir.

Açılış mərasimində Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğlu çıxış etmişdir. Qonaqları salamlayan Səfir bildirmişdir ki, Azərbaycan artıq üçüncü ildir ki, bu sərginin rəsmi tərəfdaşı kimi çıxış edir və qida sənayesi sahəsindəki uğur və nailiyyətlərini nümayiş etdirən ölkəmiz sərgidə 34 şirkətlə təmsil olunur. Həmçinin Səfir qeyd etmişdir ki, “WorldFood Moscow” sərgisi Moskvanın əsas məkanlarından birinə çevrilmiş, müxtəlif qitələrdən və ölkələrdən gəlmiş qida məhsulları istehsalçıları bu məkanda görüşür, öz məhsullarını təqdim edir, əməkdaşlıqlarını genişləndirirlər. Polad Bülbüloğlu Azərbaycanın tarixən Rusiyanın sabit, etibarlı və ənənəvi ticarət tərəfdaşlarından biri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Başqa sahələrdəki əlaqələr kimi iqtisadi əlaqələrimizin də dinamik şəkildə inkişaf etdiyini deyən Azərbaycanın Səfiri, 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 19 faizdən çox, cari ilin yeddi ayı ərzində isə bu göstəricinin 23 faizdən çox artdığını vurğulamışdır. Səfir onu da qeyd etmişdir ki, Azərbaycandan ixrac edilən və ekoloji cəhətdən təmiz olan ərzaq məhsullarına Rusiyada tələbat yüksəkdir. Bundan əlavə, Polad Bülbüloğlu son illər ölkəmizdə şərabçılığın uğurla inkişaf etdiyini və bu faktın Azərbaycan şərablarının Rusiya bazarında uğurla satılacağına ümid etməyə əsas verdiyini söyləmişdir.  

Çıxışının sonunda ölkəmizin Rusiyadakı Səfiri tədbirdə iştirak edən hər kəsi Azərbaycan stendi ilə tanış olmağa və ölkəmizə səfər etməyə dəvət etmişdir.

Arxiv üzrə axtarış