2019-10-19

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin mətbuat xidmətinin bəyanatı ilə bağlı

Səfirlik Rusiya Federasiyasının Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin sədrinin birinci müavininin mətbuat xidmətinin bəyanatı ilə diqqətlə tanış olmuşdur.

Bəyanatda deyilir ki, Səfirlik tərəfindən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə notanın göndərilməsi deputatın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsinin əleyhinə yönəlmiş isterik kampaniyanın apofeozudur. Diqqəti ona yönəltmək istərdik ki, cənab Zatulinin adlandırdığı “isterik kampaniya” uzun illər ərzində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mövcud olan yüksək səviyyəli əməkdaşlığa xələl gətirmək məqsədilə, onun öz mövqeyindən sui-istifadə etməklə həyata keçirdiyi destruktiv fəaliyyətə son qoyulması üçün bilavasitə çağırışdır. Səfirlik Konstantin Zatulinin diqqətinə çatdırır ki, Azərbaycan-Rusiya münasibətləri o dərəcədə möhkəm və konstruktivdir ki, bu əlaqələrə zərər yetirməyə yönəlmiş istənilən cəhd uğursuzluğa məhkumdur.

Bununla yanaşı, Səfirlik humanitar niyyət adı altında özlərini sülh bələdçisi kimi göstərməyə çalışan hər bir kəsi 30 ildən çoxdur ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini, ölkənin ərazi bütövlüyünün bərpa olunmasını, Azərbaycan əhalisinin etnik təmizlənməsini, Xocalı soyqırımını və digər hərbi cinayətləri törətməkdə günahkar olanların cəzalandırılmasını gözləyən Azərbaycan xalqına diqqət yetirməyə çağırır.

Rusiyalı deputatın mətbuat xidməti tərəfindən irəli sürülən əsassız arqumentlərə, xüsusilə münaqişənin ədalətli həlli ilə bağlı deputatın səsləndirdiyi fikirlərlə əlaqədar Səfirliyin dəqiq cavabının olmaması səbəbindən Rusiya Xarici İşlər Nazirliyinə müraciət etməsinə dair iddiasına gəldikdə isə bildiririk ki, bu həqiqət Zatulindən başqa hər kəsə məlumdur. Yalnız Azərbaycan deyil, bütün dünya ictimaiyyəti, o cümlədən Rusiya   Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin nədən ibarət olduğunu kifayət qədər yaxşı bilir. Bundan əlavə, bir daha təkrar edirik ki, “sülh carçısı” olan Konstantin Zatulin rəsmi nümayəndə, hakim partiyanın üzvü və parlamentdə nümayəndəsi kimi özünün deyil, Rusiya Federasiyasının rəhbərliyinin Qarabağ münaqişəsi ilə bağlı müəyyən etdiyi rəsmi mövqeyi əsas tutmalıdır (!). Səfirliyin notasında əks olunan söz və niyyətlərin təhrif olunması cəhdləri onun qərəzli mövqeyinin təzahüründən başqa bir şey deyildir. Səfirlik heç bir halda Rusiyanın mövqeyini formalaşdırmaq hüququnu mənimsəmək niyyətində deyildir. Biz Rusiya Federasiyasının rəsmi mövqeyinə və Rusiya Xarici İşlər Nazirliyinin diplomatik notalarına əsaslanırıq.

Təbii ki, Konstantin Zatulinin şəxsi fikrə malik olmaq hüququ vardır və onları  öz erməni dostları və himayədarları ilə bölüşə bilər. Bu isə yəqin ki, onun rəhbərlik etdiyi MDB ölkələri İnstitutunun yeməkxanasında baş verir. Lakin Azərbaycanın qanunvericiliyini pozmaqla, deputatın işğal olunmuş ərazilərə səfər etməsi, eləcə də separatçı tədbirlərdə iştirakı qətiyyən yolverilməzdir və eyni zamanda, cənab Zatulinin öz statusu və nüfuzuna zərbə vurur.

ABŞ və Avropa ölkələrinin nümayəndələrinin sözügedən tədbirdə iştirakına və Azərbaycan tərəfinin buna reaksiyasına gəldikdə isə bildiririk ki, göstərilən ölkələrdəki səfirliklərimiz tərəfindən müvafiq addımlar atılır. Eyni zamanda qeyd etmək istərdik ki, regionun əsas dövləti və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyadan gözləntilərimiz kifayət qədər böyükdür və bu səbəbdən rusiyalı deputatın bu cür tədbirlərdə iştirakına reaksiya da adekvatdır.

Erməni soyadlı Rusiya Federasiyası vətəndaşlarının deportasiyası məsələsi ilə bağlı Səfirlik bildirir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov «Известия» qəzetinə verdiyi müsahibəsində artıq ətraflı məlumat vermişdir. Cənab Zatulin sözügedən müsahibə ilə aşağıdakı keçiddən tanış ola bilər: https://iz.ru/931686/elnar-bainazarov/my-nikuda-ne-denemsia-nado-vesti-peregovory-s-armeniei.

Həmçinin Azərbaycan tərəfinin dəfələrlə haqqında mövqeyini bildirdiyi Ramil Səfərovun və Aleksandr Lapşinin adlarını xatırlamaqla, deputatın mətbuat xidməti Konstantin Zatulinin qeyri-qanuni hərəkətlərinə bəraət qazandırmağa çalışır. Səfirlik hesab edir ki, bu kimi spekulyasiyalar Rusiya ictimaiyyətini çaşdırmaq məqsədi daşıyır.

Qaregin Njde simasında Ermənistanın davam etdirdiyi faşizmin tərəfdarlarının qəhrəmanlaşdırılması siyasətinə deputatın münasibət bildirməsi və Rusiya Xarici İşlər Nazirliyinin həmin məsələyə dair mövqeyi ilə tanış olması daha məqsədəuyğun olardı.

Səhv fikir həm də ondan ibarətdir ki, Səfirlik öz notasında guya qərəzli niyyət güdərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına hər hansı istinad verməkdən yayınmışdır. Bu qənaət yalnız gülüş doğurur. Çünki Azərbaycan Respublikası münaqişədən zərər çəkmiş tərəfdir və onun tezliklə nizamlanmasında maraqlıdır. Bunun sübutu isə konkret nəticələrin olmamasına  və işğal olunmuş ərazilərdə status-kvonun saxlanılmasının yolverilməzliyi barəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən dəfələrlə səsləndirilən bəyanatlara baxmayaraq, ölkəmizin danışıqlar prosesində konstruktiv iştirakıdır.  

"Rus əhalisinin aparteidi" barəsində fikirlər isə bir daha təsdiq edir ki, şübhəli xarakter daşıyan separatçı tədbirlərə həddindən artıq aludə olan cənab Zatulin reallıq hissini itirib və Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasından, hətta ölkədə hökm sürən tolerantlıq mühitindən və rus dilinə olduqca böyük ehtiramın göstərilməsindən xəbərsizdir.

Bütün yuxarıda sadalananlara baxmayaraq, Konstantin Zatulinin sözlərindən bəlli olduğu kimi, o, öz fikrinə görə, seçiciləri və bütövlükdə Rusiya Federasiyasını maraqlandıran problemlərin həlli yollarını axtarmaqda davam edir. Səfirlik deputatın niyyətlərini başa düşərək bir daha ona həqiqəti açıqlayır. Qarabağ separatçılarının özləri və Konstantin Zatulin istisna olmaqla, hər kəsin maraqlı olduğu münaqişənin ədalətli həlli yolu Rusiya Federasiyasının da dəstəklədiyi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və digər beynəlxalq hüquqi sənədlərdə artıq təsbit olunmuşdur.

Səfirlik ümid edir ki, rəsmi saytında sadalanan bütün vəzifələri daşıyan Konstantin Fyodoroviç Azərbaycan ictimaiyyətinin onun məsuliyyətsiz hərəkətlərinə reaksiyasını düzgün dərk edəcək və həqiqət yolunu tutacaqdır.

Arxiv üzrə axtarış