2019-11-27

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyətinin Rusiyaya səfəri baş tutmuşdur

Cari ilin 25-27 noyabr tarixlərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasına işgüzar səfəri baş tutmuşdur.

 

Səfər çərçivəsində Rusiya Federasiyasının Xarici İşlər Nazirinin müavini Andrey Rudenko, MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal agentliyin (Россотрудничество) rəhbəri Eleonora Mitrofanova, Rusiya Federasiyası Prezidentinin Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr üzrə idarəsinin rəisi Vladimir Çernov, Rusiya Federasiyası Prezidentinin Daxili Siyasət idarəsinin rəis müavini Mixail Belousov, “TASS” dövlət informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov ilə görüşlər keçirilmişdir.

 

Keçirilmiş bütün görüşlərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu iştirak etmişdir.   

 

Sözügedən görüşlərdə Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti və diaspor sahəsində ikitərəfli əməkdaşlıq istiqamətləri, soydaşlarımızın Rusiya cəmiyyətinə inteqrasiyası və onların təmsil etdiyi qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.  

 

Səfərin əsas məqsədlərindən biri Moskva şəhərində yaşayan soydaşlarımızla, onların təmsil etdiyi,  rəsmi qeydiyyatdan keçmiş və qeydiyyata alınmamış, özündə müxtəlif sayda azərbaycanlıları birləşdirən təşkilatların nümayəndələri ilə görüşün keçirilməsi olmuşdur.

 

Bu görüşü Səfir Polad Bülbüloğlu giriş sözü ilə açmışdır. Çıxışında Fuad Muradovun səfərinin mahiyyəti və  məqsədi haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandırmış və sözü komitə sədrinə vermişdir. 

 

Fuad Muradov rəhbərlik etdiyi komitənin son il yarım müddət ərzində fəaliyyəti haqqında məlumat vermiş və ölkəmizdə aparılan islahatların diaspor sahəsini də əhatə etdiyni vurğulayaraq, son dövr ərzində görülmüş işlər, əldə edilmiş nailiyyətlər, o cümlədən komitənin yeni yaradılmış radiosu və təqdim etdiyi onlayn xidmətlər barədə danışmışdır. 

 

Daha sonra Diasporla iş üzrə Dövlət Komitəsinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.

 

Görüş çərçivəsində diaspor fəalları Ramiz Abutalıbov, Rauf Ataməlibəyov və Adil Hacinski "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalları ilə təltif edilmişdirlər.

 

Sonra tədbir 4 saata yaxın olan qeyri-rəsmi hissə ilə davam etmişdir. Burada soydaşlarımızın çoxsaylı sualları cavablandırılmış, onların diaspor işi ilə bağlı təklifləri qeydə alınmışdır.  Nəticədə Rusiyada diaspor işinin təkmilləşdirilməsi üçün  ilkin olaraq koordinasiya şurasının yaradılması haqqında razılıq əldə olunmuşdur.

 

Həmçinin belə görüşlərin Moskva şəhərindən sonra ərazisinə görə dünyanın ən böyük dövləti olan Rusiyanın digər regionlarında da keçiriləcəyi vurğulanmışdır.

Arxiv üzrə axtarış