2020-03-04

"Tsarqrad Tv" analitik informasiya kanalında dərc olunmuş nəşrlə bağlı

Məlum olduğu kimi, cari ilin 26 fevral tarixində Rusiyanın «Царьград Тв» informasiya-analitik televiziya kanalının internet səhifəsində Vladimir Xomyakovun müəllifi olduğu «Русские, не уезжайте, нам нужны рабы и проститутки» başlıqlı məqalə çap edilmişdir.

1990-cı ilin 20 yanvar hadisələrinin açıq təhrif edildiyi sözügedən bu qərəzli məqalə ilə bağlı, Səfir Polad Bülbüloğlunun imzası ilə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun və bu ölkənin Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal xidmətin (Roskomnadzor) rəhbəri Aleksandr Jarovun ünvanlarına məktublar göndərilmişdir.

Məktublarda Azərbaycan tərəfinin qəti etirazı bildirilmiş və dövlətimizin bu məsələ ilə bağlı mövqeyi çatdırılmışdır. “Qanlı yanvar” hadisələri ilə bağlı məsələnin Azərbaycan xalqı üçün həssas olduğu vurğulanaraq, qeyd olunmuşdur ki, 1994-cü ilin 29 mart tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş Qərarla bu hadisələrə siyasi-hüquqi qiymət verilmiş və 20 yanvar tarixi ümumxalq hüzn günü elan edilmişdir. Bildirilmişdir ki, yüksək səviyyəli dövlət səfərləri zamanı xarici qonaqlar, o cümlədən Rusiya dövlət başçısı, Xarici işlər naziri, eləcə də Rusiyanın digər rəsmi şəxsləri “Şəhidlər xiyabanı” abidə kompleksini ziyarət edir, qeyd edilən abidənin önünə əklil qoyaraq, şəhidlərin xatirəsinə ehtiramlarını bildirirlər. Bu kimi nəşr isə rus və Azərbaycan xalqları arasında düşmənçilik və nifrət yaymaq məqsədi güddüyü diqqətə çatdırılmışdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Səfir sözügedən materialın Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 282-ci maddəsinin və 27 iyul 2006-cı il tarixli “İnformasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında” Federal Qanunun 10.6-cı maddəsinin tələblərinin pozulması baxımından müvafiq yoxlamanın aparılmasını xahiş etmişdir.

Arxiv üzrə axtarış