2020-01-20

20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbirinə dair

Cari ilin 20 yanvar tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.

Tədbirdə Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun və Azərbaycan Respublikasının dövlət qurumlarının Rusiya Federasiyasındakı nümayəndələri, Rusiya ictimaiyyətinin təmsilçiləri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları və diaspor təşkilatlarının üzvləri iştirak etmişlər.

Səfirliyin giriş qapısında Qanlı Yanvar şəhidlərinin xatirəsinə quraşdırılmış bannerin önünə gün ərzində Moskvadakı soydaşlarımız tərəfindən güllər qoyulmuşdur. Həmçinin tədbir iştirakçıları Səfirlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin barelyefi önünə və şəhidlərin adları yazılmış lövhənin qarşısına gül dəstələri düzmüş, şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə çıxış edən Səfir Polad Bülbüloğlu iştirakçılara faciə haqqında geniş məlumat verərək vurğulamışdır ki, ölkədəki siyasi vəziyyətə nəzarəti əldən verən Sovet İttifaqı rəhbərliyi 30 il öncə Bakıda mülki əhaliyə qarşı misilsiz və amansız repressiya aktı törətmişdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş dəhşətli hadisələri xatırladaraq, Sovet ordusunun nizami hərbçilərdən fərqlənən, tamamilə anlaşılmaz görkəmdə olan silahlılardan ibarət birləşmələrin Bakıya daxil olduğunu, beynəlxalq konvensiyalarla qadağan edilən ağırlıq mərkəzi dəyişən güllələrdən istifadə etdiklərini, dinc sakinlərin tanklar və digər ağır hərbi texnikanın tırtılları altında əzildiklərini, hətta təcili yardım avtomobilinin də içindəki həkimlərlə birgə tankın hücumuna məruz qaldığını bildirmişdir.

Səfir həmin vaxt Azərbaycanda sovet rejiminə qarşı etirazların baş qaldırması haqda deyildiyini, lakin 20 yanvar gecəsi heç bir siyasətçinin və ya hər hansı bir fəalın deyil, məhz müxtəlif millətlərdən olan qadınlar, uşaqlar və yaşlı insanların zərər çəkdiyini qeyd etmişdir. Rəqəmlərə gəldikdə, 147 mülki şəxsin qətlə yetirildiyini, 700-dən çox insanın yaralandığını, 841 nəfərin məhkəmə və istintaq baş tutmadan həbs olunduğunu diqqətə çatdırmışdır. Həmçinin o, Azərbaycanın dinc sakinlərinin həmin gecə müstəqillik uğrunda və müasir dövlətimizin azadlığı naminə canlarını verdiklərini vurğulamışdır.

Polad Bülbüloğlu diqqətə çatdırmışdır ki, növbəti gün, 21 yanvar tarixində Azərbaycan xalqının ümummilli lideri və görkəmli dövlət xadimi Heydər Əliyev ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinin binasına gələrək, çəkinmədən bu vəhşiliyi kəskin şəkildə pisləmiş, öz məşhur çıxışında dinc xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya və insanlığa zidd aksiya adlandırmış, günahkarların cəzalandırılmasını tələb etmişdir. O, Ulu öndər Heydər Əliyevin hazırda olduğumuz binada qoyulan barelyefinin ümummilli liderimizin həmin cəsarətli addımını xatırlatdığını qeyd etmişdir.

Bir neçə il ərzində bu ağır cinayətin səbəblərinin araşdırılması istiqamətində hər hansı məqsədyönlü işin aparılmadığını, məhz ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasından sonra 20 Yanvar hadisələrinə ilk dəfə siyasi-hüquqi qiymətin verildiyini bildirmişdir. O vaxtdan etibarən Qanlı Yanvar gününün ümumxalq hüzn günü elan edildiyini, Azərbaycan xalqının günahsız vətəndaşların qətlə yetirilməsinə səbəb olan dəhşətli hadisələri və o vaxtkı Sovet rəhbərliyinin verdiyi qərarları heç vaxt unutmayacağını diqqətə çatdırmışdır. Səfir şəhid ailələrinə dövlət tərəfindən daim qayğı göstərildiyini, 20 Yanvar faciəsi nəticəsində sağlamlığını itirən şəxslərin sosial müdafiəsi və pensiya təminatı məsələlərinə bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında böyük diqqət yetirildiyini vurğulamışdır.

Çıxışına yekun vuraraq, Səfir Polad Bülbüloğlu Azərbaycanın Sovet İttifaqı rejimi dövründə baş verən hadisələri bugünkü demokratik Rusiya ilə əlaqələndirmədiyini qeyd etmiş və bu cür dəhşətli faciənin gələcəkdə heç bir dövlətə və heç bir xalqa qarşı törədilməməsini arzulamışdır.

Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski öz çıxışında ölkəmizə səfərləri zamanı ilk növbədə Fəxri xiyabana və Şəhidlər xiyabanına baş çəkdiyini, müasir Bakını onlarsız təsəvvür etməyin mümkün olmadığını söyləmişdir. O, faciəvi şəkildə həlak olanların həmin gün evlənən gənclərdən, zabitlərdən və ziyalılardan ibarət olduğunu, lakin, Azərbaycan Səfirinin sözlərinə istinad edərək, öldürülən şəxslərin sırasında heç bir siyasətçi və ya fəala rast gəlinmədiyini qeyd etmişdir. SSRİ rəhbərliyi tərəfindən çox sayda insanın öldürülməsinə səbəb olan həmin qərarın verilməsi mexanizminin bu günə kimi müəmmalı olduğunu, qanlı hadisələrin istintaqının aparılmasının vacibliyini və həmin dəhşətli faciəyə bəraət qazandırılması üçün heç bir əsasın olmadığını xüsusilə vurğulamışdır.

Leonid Slutski çiçəklənən müasir Azərbaycanın qurulması naminə öz həyatını qurban verən hər bir şəhidin xatirəsinin hörmətlə yad edilməsinin önəmini qeyd etmişdir. O, bugünkü Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin Səfirliyin binasındakı çıxışından başlayaraq, 20 Yanvar faciəsinin dəhşəti və onun sağlam düşüncəyə sığmadığı barədə dəfələrlə danışdığını, sözügedən ağlasığmaz faciənin onu xatırlayanların yaddaşında və Azərbaycanın tarixində xüsusi bir gün kimi qalacağını bildirmişdir.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitet) Post-sovet araşdırmaları mərkəzinin direktoru, professor Stanislav Çernyavski “Qara Yanvar”ın bütün Sovet xalqının faciəsi olduğunu, 30 il öncə Sovet əsgərlərinin çoxsaylı millətlərin birlikdə yaşadığı tam müdafiəsiz Bakı şəhərinə yeridildiyini, nəticədə faciəvi hadisələrin baş verdiyini və heç bir günahı olmayan insanların qətlə yetirildiyini söyləmişdir. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında günü-gündən daha da möhkəmlənən əlaqələrə toxunan natiq, 2020-ci ildə xüsusi bir hadisəni - faşizm üzərində qələbənin ildönümünü birlikdə qeyd edəcəyimizi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni il öncəsi Rusiya telekanallarının birinə verdiyi müsahibədə ölkəmizdə Böyük Vətən müharibəsi veteranlarına dərin hörmət və ehtiramın göstərildiyini vurğuladığını diqqətə çatdırmışdır.

Daha sonra çıxış edən Rusiya Dövlət Humanitar Universitetinin prezidenti, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar rəhbərlik etdiyi cəmiyyətin bu matəm günündə Azərbaycanla bir yerdə olduğunu qeyd etmişdir. Yefim Pivovar tarixçi kimi sözügedən hadisələrin daha dərindən araşdırılmasının, həmin vaxt baş verən çoxsaylı qaranlıq məqamlara tam aydınlıq gətirilməsinin vacibliyini vurğulamış və heç bir günahı olmadan qətlə yetirilən şəxslərin sırasında həm azərbaycanlıların, həm də çoxlu sayda qeyri-azərbaycanlıların olduğunu diqqətə çatdırmışdır. O da öz növbəsində hər dəfə Bakıya gedəndə Şəhidlər xiyabanını ziyarət etdiyini, bunun sadəcə rəsmiyyət üçün deyil, həmin hadisələri xatırlamaq və unutmamaq üçün zəruri olduğunu qeyd etmişdir. 20 Yanvarın dəhşətli faciə olduğunu qeyd edən Yefim Pivovar eyni zamanda bildirmişdir ki, Heydər Əliyevin bir gün sonra bu binadakı çıxışı təkcə onun öz vətəndaş mövqeyinin ifadəsi kimi deyil, həmçinin Azərbaycanın müstəqilliyinin bərpasının başlanğıcı anı kimi tarixə düşmüşdür. O, müasir Azərbaycan tarixini araşdıran alim kimi həmişə bu günü çıxış nöqtəsi kimi əsas götürdüyünü söyləmişdir. Universitetin prezidenti vurğulamışdır ki, 20 Yanvar zamanı heç bir günahı olmayan insanlar həmin vaxt cərəyan edən siyasi proseslərin qurbanı olsalar da, baş verən faciəvi hadisələr bu gün uğurları ilə fəxr etdiyimiz Azərbaycanın müstəqilliyinin bərpasına gətirib çıxarmışdır. O, hazırkı Rusiya-Azərbaycan münasibətlərinin tamamilə yeni mərhələyə qədəm qoyduğunu və Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin də iki ölkə arasında dostluq, mehriban qonşuluq və tərəfdaşlıq əlaqələrinin inkişafı üçün bütün gücü ilə çalışacağını diqqətə çatdırmışdır.

Gənc politoloq, “Valday” beynəlxalq diskussiya klubunun eksperti Fərhad İbrahimov çıxışında vurğulamışdır ki, 20 yanvar tarixi Azərbaycan xalqı üçün dönüş nöqtəsi olmuşdur. O, 30 il keçməsinə baxmayaraq, bu faciəni unutmamağın, onun barəsində həqiqətlərin nəsildən-nəslə ötürülməsinin,  hadisələrin kökündə duran səbəbləri və nəticələrini başa düşməyin vacibliyini qeyd etmişdir.

Çıxışlardan sonra Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, M.M.İppolitov-İvanov adına Dövlət Musiqi-Pedaqoji İnstitutunun rektoru Valeri Voronanın rəhbərliyi altında Moskva gənclər kamera orkestrinin ifasında klassik əsərlərdən ibarət matəm konserti verilmişdir.

Tədbirin sonunda qonaqlar üçün ehsan süfrəsi təşkil olunmuşdur.

                               

   

 

Arxiv üzrə axtarış