2019-12-12

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasiminə dair

12 dekabr 2019-cu il tarixində Moskva şəhərində Rusiya Dövlət Kitabxanasının Şərq ədəbiyyatı mərkəzində Azərbaycanın Rusiyadakı Səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilmişdir.

Tədbirdə xarici ölkələrin səfirləri və diplomatları, Rusiya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri, vaxtilə Moskvada Heydər Əliyevlə çalışmış şəxslər iştirak etmişdirlər.      

Mərasim çərçivəsində Azərbaycan Respublikasının xalq yazıçısı, jurnalist və publisist Elmira Axundovanın Ümumdünya Dağ Yəhudiləri Konqresinin prezidenti, həmyerlimiz Akif Hilalovun dəstəyi ilə Moskvada yenidən çapdan çıxmış üç cildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının təqdimatı keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Səfir Polad Bülbüloğlu hər il 10 may və 12 dekabr tarixlərində görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdiyimizi bildirmişdir. 2008-ci ildə eyni kitabxanada sözügedən kitabın ilk nəşrinin təqdimatını keçirdiyimizi xatırladaraq, bunun rəmzi məna daşıdığını qeyd edən Səfir, Elmira Axundovanın ömrünün son on ildən çoxunu məhz Heydər Əliyevin həyat və fəaliyyətini hərtərəfli öyrənməyə həsr etdiyini və nəticədə adıçəkilən çoxcildlik nəşrin ərsəyə gəldiyini diqqətə çatdırmış, müəllifə gördüyü işlərə görə dərin təşəkkürünü bildirmişdir.

Polad Bülbüloğlu qeyd etmişdir ki, Moskva Heydər Əliyevin həyatında xüsusi yer tutmuşdur. Məlum olduğu kimi, o, SSRİ Nazirlər Kabinetinin sədrinin birinci müavini vəzifəsində çalışmış və bu zaman onun üzərinə çox böyük məsuliyyət düşmüşdür. Çünki, həmin vaxt SSRİ Nazirlər Şurasının sədri Nikolay Tixonovun artıq 80-dən çox yaşı var idi və bütün yükü Heydər Əliyev öz üzərinə götürmüşdü. O, bu vəzifədə otuza yaxın Nazirliyi kurasiya etmişdir. “Naximov” teploxodunun batması, Ulyanovskda paroxodun körpüyə çırpılması kimi bir çox fövqəladə hadisələrin araşdırılması üçün yaradılan dövlət komissiyalarına ən təcrübəli şəxs olaraq həmişə Heydər Əliyev sədr təyin olunurdu və demək olar ki, o, ən ciddi işlərə görə cavabdehlik daşımışdır.                                                                            

Çıxışının davamında Heydər Əliyevlə xüsusi münasibətinin olduğunu vurğulayan Polad Bülbüloğlu bildirmişdir ki, bəstəkar və artist kimi məhz onun Sovet Azərbaycanında hakimiyyətə gəldiyi vaxt formalaşmışdır. Təsadüfi deyil ki, məhz 60-cı illərin sonu - 70-ci illərdə Azərbaycan dünyaya çoxsaylı yaradıcı insanlar, rəssamlar, şairlər, bəstəkarlar və s. bəxş etmişdir. Bu isə Heydər Əliyevin qayğısı sayəsində mümkün olmuşdur. Çünki o, mədəniyyəti və incəsənəti çox sevirdi və anlayırdı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 10 il ərzində Heydər Əliyevin rəhbərliyi altında Mədəniyyət naziri işlədiyi zaman bir daha dediklərinə əmin olmuşdur. Səfir qeyd etmişdir ki, həmin dövr çox çətin idi və kəskin şəkildə maliyyə vəsaiti çatışmırdı. Lakin, Heydər Əliyev mədəniyyət xadimlərinə məhdud imkanlar çərçivəsində də həm maddi baxımdan, həm də onlara öz qayğısı ilə kömək edir və dayaq dururdu.

Polad Bülbüloğlu vurğulamışdır ki, Heydər Əliyev həqiqətən öz iş metodu, tənqidləri, zarafatları, nadir hallarda olan tərifləri ilə əsl örnək idi. Elmira Axundova ilə müsahibəsini də “Heydər Əliyevlə on il. Dünyanın heç bir yerində verilməyən diplom” adlandırdıqlarını və həmin müsahibənin kitabın cildlərinin birində yer aldığını diqqətə çatdırmışdır. 

Çıxışının sonunda Azərbaycanın Səfiri Akif Hilalova nəşrin çap edilməsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirmiş və Elmira Axundovaya bir daha minnətdarlığını bildirərək sözü ona vermişdir.

Elmira Axundova tədbirin təşkilinə görə Azərbaycanın Rusiyadakı Səfirliyinə, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinə və kitabın nəşrində göstərdiyi dəstəyə görə Akif Hilalova təşəkkürünü bildirmişdir. O, Heydər Əliyevi 60-70-ci illərə təsadüf edən uşaqlıq və gənclik illərində televiziya ekranlarından tanıdığını və onun barəsində məhdud məlumata malik olduğunu, Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü 1990-cı ildə Naxçıvanda ondan müsahibə götürən zaman kəşf etdiyini qeyd etmişdir. Həmin müsahibə vaxtı onun SSRİ-nin gələcəyi, bu dövlətin tezliklə parçalanacağı barədə səsləndirdiyi fikirlərin qeyri-real göründüyünü, lakin təxminən bir il sonra bu fikirlərin öz təsdiqini tapmasının, Heydər Əliyevin daha sonra atdığı addımların, 46 gənc deputatla birlikdə müstəqilliyimizin lehinə səs verməsinin, Naxçıvanın adından sovet sosialist sözünü götürməsinin, üçrəngli bayrağımızı qəbul etməsinin, torpağı şəxsi mülkiyyətə verməsinin ümummilli liderin uzaqgörənliyindən xəbər verdiyini vurğulamışdır.                                                                                                            

Elmira Axundova qeyd etmişdir ki, müxtəlif liderlər özünəməxsus xüsusiyyətləri ilə seçilirlər. Lakin, natiqlik bacarığı, cəsarət, qorxmazlıq,  ünsiyyət bacarığı, uzaqgörənlik, güclü yaddaş, dərin zəka, yumor hissinə malik olmaq kimi əsl liderlik xüsusiyyətlərinin hamısı Heydər Əliyevdə cəmlənmişdi və bütün bunlar onu digər dövlət xadimlərindən fərqləndirirdi. Ümummilli liderin ən böyük xüsusiyyəti isə Azərbaycanı öz həyatından çox sevməsi idi. O, həmişə qurucu, yaradıcı insan olmuş və yaddaşlarda da belə qalmışdır. Bu gün onun adı SSRİ-nin süqutunda iştirak edən şəxslərin sırasında hallanmır. O, Sovet Azərbaycanını inkişaf etdirmiş, daha sonra isə müstəqil Azərbaycanın memarı olmuş və Azərbaycan durduqca onun xatirəsi yaşayacaqdır.

Daha sonra çıxış edən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi Heydər Əliyevlə bağlı xatirələrini bölüşmüş, onunla tanışlığının tarixçəsi, 80-ci illərdə SSRİ təhsil sistemində aparılan dəyişikliklərlə əlaqədar Heydər Əliyevlə apardığı müzakirələr barədə danışmışdır. O, həmçinin Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi iki dəfə MDU-da olduğunu, birinci dəfə Elmi Şuranın iclasında ona universitetin ən ali mükafatı olan fəxri doktor adının verildiyini, ikinci dəfə isə universitetin tələbələri qarşısında möhtəşəm çıxış etdiyini bildirmişdir. Rektor vurğulamışdır ki, Heydər Əliyev iki ölkənin xalqlarının, mədəniyyətlərinin, elmi dairələrinin daha yaxın olmasının vacibliyinə inanırdı və onun bu arzusu MDU-nun Bakı filialının timsalında çin olmuşdur. Həmin filiala Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsən dəstək verir.  

Keçmiş diplomat, tarixçi Ramiz Abutalıbov çıxışında Heydər Əliyevin şəxsi keyfiyyətləri barədə danışmış, cəmi iki il bir yerdə çalışmalarına baxmayaraq, bu dövr ərzində öz timsalında onun tabeçiliyində işlədiyi insanlara qarşı böyük diqqət və qayğı nümayiş etdirməsinin şahidi olduğunu vurğulamışdır. Həmçinin o, Fransada dəfn olunmuş Azərbaycan Xalq Cümhuriyyəti nazirlərindən birinin dağılmış məzarının Heydər Əliyevin göstərişi ilə bərpa edildiyini qeyd etmişdir. Ramiz Abutalıbov bu gün Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun diqqəti sayəsində Fransada dəfn olunmuş bütün görkəmli azərbaycanlı mühacirlərin məzarlarının bərpa olunduğunu diqqətə çatdırmışdır.

Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının professoru Nizami Məmmədov Azərbaycan SSR-in rəhbəri olarkən Heydər Əliyevin təşəbbüsü ilə çoxsaylı tələbələrin ittifaqın ən yaxşı ali təhsil müəssisələrində təhsil almağa göndərildiyini, onun da həmin tələbələrin sırasında Moskvada aspiranturada oxuduğunu qeyd etmişdir. Çıxışının sonunda Nizami Məmmədov Elmira Axundovanın kitabının təkcə jurnalist işi deyil, müasir Azərbaycan tarixi ilə bağlı çox ciddi tədqiqat olduğunu vurğulamışdır.

Vaxtilə Heydər Əliyevin köməkçisi işləmiş Vladimir Uxov çıxışında Heydər Əliyevin “Naximov” teploxodunun qəzasının nəticələrinin aradan qaldırılması ilə bağlı dövlət komissiyasının sədri kimi gərgin fəaliyyəti, həmin vaxt baş verən proseslər barədə ətraflı danışmışdır.

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev çıxışında müasir Azərbaycanın Heydər Əliyevin əsəri olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, əgər Heydər Əliyev SSRİ-yə rəhbərlik etsəydi, bu gün həmin dövlət parçalanmazdı. Azərbaycanın bəxti gətirib ki, məhz Heydər Əliyev lazımi anda ölkəyə geri qayıdıb və ölkəni məhv olmaqdan xilas edib. Deputat bu gün Heydər Əliyevin gördüyü işləri onun oğlu İlham Əliyevin böyük əzmlə davam etdirdiyini, Azərbaycan və Rusiya prezidentlərinin şəxsi dostluğu və onların apardıqları müdrik siyasətin iki dövləti və xalqı bir-birinə daha da yaxınlaşdırdığını qeyd etmişdir.                                                                                                                                          

Yekunda bir daha qısa çıxış edən Polad Bülbüloğlu Azərbaycan-Rusiya münasibətlərinin inkişafının ən yüksək zirvədə olduğunu, 2018-ci ildə iki ölkə arasında 18 vacib sənəd imzalandığını, 2019-cu ilin 9 ayında ticarət dövriyyəsinin ötən illə müqayisədə 26 faiz artdığını, 24 dekabrda Prezident İlham Əliyevin ad günündə Samur çayı üzərində iki ölkəni birləşdirən yeni körpünün açılışı olacağını diqqətə çatdırmışdır.

 Rəsmi hissədən sonra qonaqlar üçün furşet verilmişdir.

Arxiv üzrə axtarış