2020-03-12

Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsinə dair

12 mart 2020-ci il tarixində Moskvada Mərkəzi Jurnalistlər Evində Səfirliyin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.

Tədbirdə Səfirliyin və Heydər Əliyev Fondunun Rusiyadakı Nümayəndəliyinin əməkdaşları, Rusiya ictimaiyyətinin və Azərbaycan diasporunun təmsilçiləri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları iştirak etmişlər.           

Mərasimin açılışında Vaqif Səmədoğluya həsr olunmuş və müxtəlif illərdə çəkilmiş fotolardan ibarət musiqili slayd nümayiş etdirilmişdir. Tədbirin aparıcısı, Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbəsi Bəhruz Əliyev şairin yaradıcılığı barədə məlumat vermiş, daha sonra isə Polad Bülbüloğlunun Vaqif Səmədoğlunun sözlərinə bəstələdiyi və ifa etdiyi “Yuxumun bayatısı” mahnısı səsləndirilmişdir.                                                                      

Səfir Polad Bülbüloğlu atası Bülbüllə Vaqif Səmədoğlunun atası Səməd Vurğunun yaxından dostluq etdiyini, Bülbülün Səməd Vurğunun şəxsiyyətinə və yaradıcılığına böyük hörmətlə yanaşdığını, özünün də həm Yusif Səmədoğlu, həm də Vaqif Səmədoğlu ilə dostluq etdiyini, gənclik illərində sıx ünsiyyət saxladıqlarını, hər iki qardaşın çox dərin, hərtərəfli inkişaf etmiş, fəlsəfi düşüncəyə malik şəxslər olduqlarını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Vaqif Səmədoğlu şair, dramaturq və publisist olmaqla yanaşı, çox gözəl pianoçu idi. O, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin tərkibində ölkəmizi təmsil etmişdir. Səfir vurğulamışdır ki, Mədəniyyət naziri çalışdığı dövrdə bir neçə dəfə Strasburqda olarkən Vaqif Səmədoğlunun AŞPA-da gördüyü ciddi işlərin, həmin vaxt nümayəndə heyətinə rəhbərlik etmiş Prezident İlham Əliyev tərəfindən ona böyük hörmətlə yanaşıldığının şahidi olmuşdur. AYB-nin sədri Anar Rzayevə və Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilovaya bu tədbiri Moskvada keçirməyi təklif etdiklərinə görə minnətdarlığını bildirən Polad Bülbüloğlu, görkəmli şair, yazıçı, musiqiçi, ədəbiyyatşünas, ictimai-siyasi xadim kimi Vaqif Səmədoğlunun xatirə gecəsinin Moskvada baş tutmasının əlamətdar hadisə olduğunu və yaddaşımızda qalacağını qeyd etmişdir. Nüşabə xanıma Vaqif Səmədoğlunun xatirəsini yaşatdığına və onun yaradıcılığını təbliğ etdiyinə görə təşəkkür etmişdir.                       

AYB-nin sədri, Azərbaycanın xalq yazıçısı, Vaqif Səmədoğlunun yaxın dostu Anar Rzayev AYB adından iştirakçıları salamlamış və tədbirin təşkilinə görə Səfirliyə təşəkkürünü bildirmişdir. O, Vaqif Səmədoğlunun Moskvanı çox sevdiyini qeyd edərək, 58 il əvvəl Vaqif Səmədoğlu ilə eyni vaxtda Moskvada təhsil alarkən birgə yaşadıqları xatirələri iştirakçılarla bölüşmüşdür. Anar Rzayev onun və Vaqif Səmədoğlunun yaradıcılığının sıx bağlı olduğunu, həyatlarının yanaşı keçdiyini, yaxın dostunun həyatda olmamasına inana bilmədiyini, lakin Vaqif Səmədoğlunun özündən sonra çox gözəl xatirə qoyduğunu vurğulamışdır.     

Şairin həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova çıxışında tədbirin təşkilinə görə Səfirliyə və AYB-yə təşəkkürünü bildirmişdir. O, Vaqif Səmədoğlunun həyatının onun əsərlərində davam etdiyini, həyatda olmadığı son 5 ildə şairin kitablarının çap olunduğunu, Vaqif Səmədoğlu Mərkəzi və onun nəzdində Poeziya teatrı yaradıldığını, eləcə də çoxsaylı digər ideyalar və layihələrin olduğunu qeyd etmişdir. Nüşabə Babayeva-Vəkilova Vaqif Səmədoğlunun çoxtərəfli şəxsiyyət olduğunu, ədəbi yaradıcılıqla yanaşı, fotoşəkillər də çəkdiyini və cari ilin 10 mart tarixində Sankt-Perburqda F.M.Dostoyevskinin ev muzeyində Vaqif Səmədoğlunun fotoşəkilərindən ibarət sərginin keçirildiyini diqqətə çatdırmışdır.                                                                                                  

Moskvada yaşayan azərbaycanlı şairə, Rusiya Yazıçılar İttifaqının üzvü Afaq Şıxlı çıxışında ümummilli lider Heydər Əliyevin “Səməd Vurğunun ailəsində doğulmaq artıq xoşbəxtlikdir” sözlərini sitat gətirərək, Vaqif Səmədoğlunun həqiqətən xoşbəxt insan olduğunu, dostlarının, oxucuların onu sevdiyini vurğulamışdır. O, Vaqif Səmədoğlunun Rəsul Rzadan sonra Azərbaycanda sərbəst şeirin əsasını qoyanlardan biri olduğunu diqqətə çatdırmışdır. Afaq Şıxlı şairin xatirəsinin daima onu sevənləri qəlbində yaşayacağını qeyd edərək, 2015-ci ildə Vaqif Səmədoğlunun vəfatı zamanı qələmə aldığı “İnanmayın, şayiədir” şeirini səsləndirmişdir.

Xatirə gecəsi bədii hissə ilə davam etmişdir.

Arxiv üzrə axtarış