2019-11-25

Rus rəssamı Vasili Polenovun 175 illik yubileyi münasibətilə keçirilmiş sərgiyə dair

Cari ilin 25 noyabr tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlunun duayen funksiyaları çərçivəsində Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, “Qazprombank” və Dövlət Tretyakov Qalereyasının dəstəyi ilə tanınmış rus rəssamı Vasili Polenovun 175 illik yubileyi münasibətilə adıçəkilən qalereyanın “Yeni Tretyakovka” korpusunda nümayiş etdirilən sərgi ilə tanışlıq məqsədilə Moskvadakı diplomatik nümayəndəliklərin başçıları üçün qəbul keçirilmişdir.

Açılış mərasimindən öncə iştirakçılar üçün sərgiyə bir neçə ekskursiya təşkil edilmişdir.                                                                                              

Sərgidə rəssamın Tretyakov Qalereyası, digər muzeylər və şəxsi kolleksiyalarda saxlanılan çoxsaylı əsərləri nümayiş etdirilir.

Mərasimi Rusiya Xarici İşlər Nazirliyinin Dövlət protokolu departamentinin rəis müavini Georgi Kuznetsov açaraq, qonaqları diplomatik korpusun iştirakı ilə keçirilən növbəti qəbulda salamlamış və bunun xarici diplomatların Rusiya qurumlarının, mədəniyyət müəssisələrinin işi ilə tanışlıq üzrə proqram çərçivəsində təşkil edilən sayca 15-ci tədbir olduğunu bildirmişdir. O, bugünkü qəbulun keçirilməsi ideyasının duayen qismində Səfir Polad Bülbüloğluna məxsus olduğunu vurğulayaraq, Tretyakov Qalereyasının və “Qazprombank”ın rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkür etmişdir. Georgi Kuznetsov Rusiya Federasiyası Prezidentinin xarici siyasət üzrə idarəsinin rəisi İqor Neverovun fəxri qonaq qismində mərasimdə iştirak etdiyini diqqətə çatdırmışdır.               

Azərbaycanın Səfiri dəvəti qəbul etdiklərinə görə bütün qonaqlara, həmçinin göstərdiyi dəstəyə görə qalereyanın baş direktoru Zelfira Trequlovaya dərin minnətdarlığını ifadə etmişdir. Bazar ertəsinin muzeylər üçün qeyri-iş günü olduğunu qeyd edərək, tədbirin keçirilməsinin məhz bu günə salındığını, başqa günlər ziyarətçi sıxlığı səbəbindən sərgi ilə tanışlığın sadəcə mümkün olmayacağını vurğulayan Polad Bülbüloğlu bugünkü qəbulun keçirilməsi ideyasını uzun müddətdir ki, “Qazprombank”ın rəhbərliyi ilə müzakirə etdiklərini və diplomatları bir yerə toplamaq üçün münasib səbəb axtardıqlarını, nəticədə Vasili Polenovun yubileyinə həsr olunmuş sərgi çərçivəsində görüşməyi qərara aldıqlarını diqqətə çatdırmışdır. Həmçinin Rusiya XİN-ə bu ideyanı dəstəklədiyinə görə xüsusi təşəkkür etmişdir.                                                         

Vasili Polenovu daha çox peyzaj ustası kimi tanıdığını, lakin sərgi ilə tanış olarkən, rəssamın müxtəlif janrlarda, ayrı-ayrı ölkələrə səfərləri zamanı çəkdiyi, ömrünün bir neçə ilini həsr etdiyi böyük rəsm əsərləri yaratdığını gördüyünü və onların hər bir izləyicidə çox gözəl təəssürat yaratdığını qeyd edən Səfir bildirmişdir ki, bu incəsənət məbədində müxtəlif ölkələrin səfirləri, diplomatları toplaşıb və bu gün onların bir-birinə qarşı heç bir iddiası, aralarında heç bir siyasi məsələ, mübahisə yoxdur, bu isə məhz insanları birləşdirən incəsənət sayəsində baş verir. Çıxışının sonunda Polad Bülbüloğlu qalereyanın baş direktoru Zelfira Trequlovanı iştirakçılara təqdim edərək sözü ona vermişdir.

Zelfira Trequlova rəhbərlik etdiyi muzeydə Rusiya Xarici İşlər Nazirliyinin və yaxın tərəfdaşları olan “Qazprombank”ın dəstəyi ilə təşkil olunan tədbirdə diplomatları qəbul etməyin böyük şərəf olduğunu bildirmişdir. O, incəsənətin siyasi münasibətlərin fövqündə dayandığını, xalqlar, millətlər və mədəniyyətlər arasında körpü saldığını vurğulamış və buna görə də ən müxtəlif ölkələrin səfirlərini Tretyakov Qalereyasında görməkdən məmnunluğunu ifadə etmişdir.  Baş direktor artıq bir neçə ildir ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi ilə yaxından əməkdaşlıq etdiklərini, birlikdə iki ciddi layihə həyata keçirdiklərini diqqətə çatdırmış və gələcəkdə də birgə maraqlı layihələrə imza atacaqlarına əminliyini ifadə etmiş, əməkdaşlığa görə minnətdarlığını bildirmişdir.

Daha sonra çıxış edən İqor Neverov tədbirin müxtəlif ölkələrin səfirlərini bir araya toplamaq məqsədi daşıdığını və bu gün onları birləşdirən amilin mədəniyyətə sevgi olduğunu vurğulamışdır. O, sərginin diplomatlarda rus incəsənətinə daha böyük maraq oyadacağına əmin olduğunu qeyd etmişdir.                                                                                                                       

“Qazprombank”ın icraçı vitse-prezidenti Marina Sitnina qonaqlara mərasimdə iştirak etdiklərinə görə təşəkkürünü bildirmiş, mədəni dialoqun inkişaf etdirilməsinin zəruriliyi ilə bağlı əvvəlki natiqlərin səsləndirdiyi bütün fikirlərə qoşulduqlarını,  müasir incəsənətin ölkələr arasında qarşılıqlı anlaşmanın təşviqi üçün vacib alət olduğunu vurğulamışdır.                                              

Rəsmi hissədən sonra qonaqlar üçün furşet və caz ustalarının iştirakı ilə konsert verilmişdir.                               

 

 

Arxiv üzrə axtarış