Dahi Azərbaycan şairi, mütəfəkkiri və filosofu İmadəddin Nəsiminin abidəsinin açılışı mərasiminı dair
30 oktyabr 2019-cu il tarixində Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Rusiyadakı Səfirliyinin dəstəyi ilə dahi Azərbaycan şairi, mütəfəkkiri və filosofu İmadəddin Nəsiminin abidəsinin açılışı mərasimi keçirilmişdir.
Abidənin müəllifi heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının akademiki, həmyerlimiz Aydın Zeynalovdur.
Nəsiminin 650 illik yubileyi çərçivəsində baş tutan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla xanım Əliyeva, Rusiya Federasiyasının Mədəniyyət nazirinin müavini Pavel Stepanov, Fondun və Səfirliyin əməkdaşları, RAGB-ın fəalları, Rusiya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak etmişdirlər.
Tədbirdən öncə Leyla Əliyeva ilə kitabxananın baş direktoru Mixail Şepel arasında baş tutmuş qısa görüşdə Fondla Kitabxana arasında əməkdaşlıq əlaqələri müzakirə olunmuşdur.
Mixail Şepel mərasimi giriş sözü ilə açaraq rəhbərlik etdiyi kitabxanada Nəsiminin abidəsinin qoyulmasının mühüm hadisə olduğunu qeyd etmiş və bunu Azərbaycanla Rusiya, hər iki ölkənin mədəniyyət nazirlikləri, Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası ilə Heydər Əliyev Fondu və kitabxanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzi arasında səmərəli əməkdaşlığın nümunəsi kimi qiymətləndirmişdir. O, ölkələr və xalqlar arasında uzunmüddətli əlaqələrin yalnız ümumi dəyərlərin ortaya çıxmasına səbəb olan mədəniyyətlərin əməkdaşlığı əsasında mümkün olduğunu və Heydər Əliyev Fondunun fəaliyyətinin məhz sözügedən ideyanın dünya miqyasında yayılması məqsədilə görülən işlərə ən gözəl nümunə olduğunu vurğulamışdır. Mixail Şepel bu cür tədbirlərin rəhbərlik etdiyi kitabxanada keçirilməsinin onlar üçün də böyük bayram olduğunu bildirmişdir.
Daha sonra çıxış edən Pavel Stepanov İmadəddin Nəsiminin parlaq və dahi şəxsiyyət olduğunu, onun üç dildə poetik irsinin qalmasının heyranedici olduğunu qeyd etmişdir. Nazir müavini ömrünün sonunadək dediklərindən dönməyən, hətta həyatının axır anlarında, dərisi soyulan zaman belə yazıb yaradan şairin mənəvi gücü və həyata sevgini özündə təcəssüm etdirdiyini bildirmişdir. Nəsiminin abidəsinin Moskvada qoyulmasını iki ölkə arasında çox sürətlə inkişaf edən humanitar və mədəni əməkdaşlıqda əlamətdar hadisə olduğunu vurğulamışdır. O, 2019-cu ildə Azərbaycanda Rusiya ilinin keçirildiyini, bu çərçivədə Rusiya teatrlarının ölkəmizə çoxsaylı qastrol səfərlərinin, müxtəlif sərgilərin və s. təşkil edildiyini, növbəti il isə Rusiyada Azərbaycan mədəniyyəti ilinin baş tutacağını, Azərbaycan Respublikasının Sankt-Peterburq Mədəniyyət Forumunda fəxri qonaq ölkə statusunda iştirak edəcəyini diqqətə çatdırmışdır. Pavel Stepanov Rusiya Mədəniyyət naziri Vladimir Medinskinin Moskvada olmaması səbəbindən açılışda iştirak edə bilmədiyini qeyd edərək bugünkü mərasimlə əlaqədar ən xoş sözlərini tədbir iştirakçılarına çatdırmağı xahiş etdiyini bildirmişdir.
Leyla Əliyeva çıxışında kitabxananın rəhbərliyinə uzun illər ərzində mövcud olan xoş münasibətlərə və dəstəyə görə təşəkkürünü bildirmişdir, Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan Mədəniyyət Mərkəzinin uğurla fəaliyyət göstərməsindən olduqca məmnun olduğunu vurğulamış, mövcud olan əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə, daha məhsuldar olacağına, birlikdə yeni-yeni xeyirxah işlər görəcəklərinə əminliyini ifadə etmişdir.
O diqqətə çatdırmışdır ki, 2019-cu ildə bütün dünyada İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur və bu il Azərbaycanda “Nəsimi ili” elan edilmişdir. Şairin yaradıcılığı və fəlsəfəsi bu gün də aktualdır, çünki o dünyaya işıq, sevgi və hərarət bəxş edir. Nəsimi üçün başlıca olan meyar bütün dinlərə, inanclara, irqlərə və mədəniyyətlərə məxsus insanların bərabər olmasını qəbul etmək idi və o, öz dərin fəlsəfəsi ilə yaşadığı zəmanəni qabaqlamışdır.
Leyla Əliyeva Azərbaycanda bütün insanların sülh, dostluq və əmin-amanlıq şəraitində yaşadığını, tolerantlığın ölkəmizdə qürur mənbəyi deyil, təbii bir anlayış olduğunu, ölkəmizdə keçirilən Nəsimi festivalında iştirak edən hər kəsin buna şahid olduğunu vurğulamışdır.
O qeyd etmişdir ki, bugünkü hadisə ümumi tarix və mədəniyyətlə bağlı olan iki ölkə arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərini bir daha nümayiş etdirir. Azərbaycanda rus dilinə böyük hörmətlə yanaşıldığını diqqətə çatdıran Leyla Əliyeva, mövcud olan əlaqələrin daha da möhkəmlənməsini arzu etmiş və sonda müəllifi olduğu şeirini oxumuşdur.
Səfir Polad Bülbüloğlu çıxışında ilk öncə bu gözəl abidənin ərsəyə gəlməsində əməyi olan hər bir kəsə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, vitse-prezidenti Leyla Əliyevaya və kitabxananın direktoru Mixail Şepelə dərin təşəkkürünü bildirmişdir. Moskvada Nəsiminin büstünün qoyulmasının ikitərəfli qarşılıqlı münasibətlər və mədəni əməkdaşlıq üçün əlamətdar hadisə olduğunu, dahi şairin obrazı ilə bağlı olan hər bir məqamın bütün bəşəriyyət üçün önəm kəsb etdiyini qeyd etmişdir.
O, xüsusilə vurğulamışdır ki, Nəsimi kitabxananın atriumunda abidəsi qoyulan ilk azərbaycanlı mütəfəkkir deyildir. Eyni məkanda 2012-ci ildə 200 illik yubileyi ərəfəsində Azərbaycan dramaturgiyasının banisi, “Puşkinin ölümünə” poemasının müəllifi, böyük ədib Mirzə Fətəli Axundovunun heykəlinin qoyulduğunu xatırlatmışdır. Diqqətə çatdırmışdır ki, Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, Azərbaycanda və onun hüdudlarından kənarda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur və bugünkü mərasim də məhz həmin Sərəncamın sayəsində mümkün olmuşdur.
Səfir Polad Bülbüloğlu şairin yaradıcılıq fəlsəfəsi haqqında danışaraq qeyd etmişdir ki, Nəsimi insanı yaradana bərabər tuturdu və onun humanizmi insanın yüksək dərəcəsinin dərk edilməsi, imkanlarının sonsuzluğunun hiss edilməsi ilə bağlıdır. Bildirmişdir ki, Azərbaycanda Nəsiminin xatirəsinə böyük ehtiramla yanaşılır, Bakının əsas meydanlarından birində onun abidəsi ucalır, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu, Bakının rayonlarından və metro stansiyalarından biri, Azərbaycanın müxtəlif şəhərlərində küçələr onun adını daşıyır, həmçinin şairin obrazı və həyatından bəhs edən eyniadlı film çəkilmişdir.
O, abidənin müəllifi, heykəltəraş Aydın Zeynalovun ustalığını xüsusilə qeyd etmişdir. Bu yaxınlarda İtaliyada olarkən böyük italyan bəstəkarları Cüzeppe Verdi və Cakomo Puççinin Aydın Zeynalov tərəfindən yaradılmış abidələrinə böyük təəccüb və sevinclə tamaşa etdiyini demişdir. “Çox xoşdur ki, məhz azərbaycanlı heykəltəraş bu əsərləri yaradaraq İtaliyaya hədiyyə edib və onları görən hər bir kəs bu gözəl işləri bəxş edən heykəltəraşın vətəni Azərbaycanla maraqlanmağa başlayırlar”.
Səfir bildirmişdir ki, 600 il əvvəl qələmə alınmasına baxmayaraq, Nəsiminin şeirləri bu gün də öz dövründə olduğu kimi insanlara cəsarət və ilham verir, onun yaradıcılığı şairin əsərlərində və insanların xatirəsində yaşayır.
Mərasimin yekununda Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan qrupunun tələbələri, gənc aktyorlar Rəmail Bayramov və Vüsal Mehrəliyevin ifasında Nəsiminin qəzəlləri səsləndirilmişdir.
Sonda Leyla Əliyeva büstün üzərindəki ağ örtüyü götürərək abidənin açılışını elan etmişdir.