2020-07-07

06 iyul tarixində Səfirliyin binasının qarşısında aparılmış təxribat xarakterli çəkilişlə bağlı

Cari ilin 6 iyul tarixində Azərbaycan Respublikasının vətəndaşı Rəşid Arif oğlu Məmmədov və onu müşayiət edən şəxs Səfirliyin binasının önündə çəkdikləri videoda bildirirlər ki, onlar Azərbaycana getmək istəyirlər, bununla bağlı Səfirliyə müraciət etmələrinə baxmayaraq, onları heç kim qəbul etmir və məlumat vermir.

Bu qətiyyən həqiqətə uyğun deyil. 02 iyul tarixində Səfirliyin vitse-konsulu, birinci katib Rövşən Axundov şəxsən Rəşid Məmmədovla görüşmüş və ona mövcud vəziyyəti başa salmışdır. 06 iyul tarixində isə Səfirliyin konsulluq şöbəsinin əməkdaşı, üçüncü katib Müsənnif Dadaşov adı çəkilən şəxslə iki dəfə telefonla danışmış və ona hazırkı durumu bir daha izah etmişdir.

Söhbət zamanı məlum olmuşdur ki, Rəşid Məmmədov www.evegedirem.info portalında qeydiyyatdan keçməmişdir. Ona çatdırılmışdır ki, ilk növbədə portalda qeydiyyata düşmüş iki minə yaxın vətəndaşımız növbə ilə Azərbaycana göndərilirlər. “Azərbaycan Hava Yolları”nın təşkil etdiyi çarter reysləri ilə sözügedən portalda qeydiyyatdan keçənlərlə yanaşı səhhətində ciddi problemi olan vətəndaşlarımız ölkəmizə yola salınırlar. Belə olan halda onun Azərbaycana dönməsi məsələsi açıq olaraq qalır.

Məlum olduğu kimi, həm Azərbaycanda, həm Rusiyada karantin rejimi cari ilin 01 avqust tarixinədək davam edəcəkdir. Bu səbəbdən Səfirliyin konsulluq şöbəsində vətəndaşların şəxsən qəbulu keçirilmir. Bu haqda Səfirliyin internet səhifəsində və inzibati binasının önündə elan yerləşdirilmişdir. Bununla yanaşı Səfirlikdə fəaliyyət göstərən “qaynar xətt” və elektron poçt vasitəsi ilə vətəndaşlarımızın müraciətləri qəbul olunur. Cari ilin 19 mart tarixindən 07 iyul tarixinədək yalnız Səfirliyin “qaynar xətti”nə 155 mindən artıq müraciət daxil olmuşdur. Hər bir müraciətə də fərdi olaraq baxılmış, mümkün olan köməklik göstərilmişdir.

Rusiyadakı Azərbaycanın çoxsaylı vətəndaşlarına dəfələrlə xəbərdarlıq edilmişdir ki, cari ilin 01 avqust tarixinədək sərhədlər bağlıdır və hər kəsin olduğu yerdə qalması məqsədəuyğundur. Küçədə çəkilmiş təxribat xarakterli videodan da göründüyü kimi pandemiya dövründə istifadəsi məcburi olan maska və əlcək geyməyən, sosial məsafə gözləməyən həmin şəxslər edilən xəbərdarlıqlara məhəl qoymurlar. Onlar Səfirliyə təzyiq göstərmək məqsədi ilə Səfirliyin qarşısında çəkiliş aparır və binanın önündə Səfirliyin konsulluq şöbəsində vətəndaşların qəbulunun dayandırıldığı haqda elanı qəsdən göstərməyərək ictimaiyyəti öz yalanlarına inandırmağa çalışırlar.

Arxiv üzrə axtarış