2020-07-11

Ermənistanın DHƏF-dəki nümayəndəsinin təklifi sarsıdıcı məğlubiyyətə uğramışdır

9 İyul 2020-ci il tarixində MDB iştirakçı dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və MDB Humanitar Əməkdaşlıq Şurasının birgə onlayn iclası keçirilmişdir.

İclasda DHƏF İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu, DHƏF İdarə Heyətinin həmsədri, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, DHƏF icraçı direktoru Anatoli İksanov, MDB icraçı katibinin - İcraiyyə komitəsi sədrinin müavini Aqıbay Smaqulov və MDB İcraiyyə komitəsinin digər yüksək vəzifəli üzvləri, habelə Rusiya Federasiyası Xarici işlər nazirliyi və Mədəniyyət nazirliyinin nümayəndələri iştirak etmişdirlər.

Polad Bülbüloğlunun sədrliyi ilə keçirilən iclasda DHƏF-in cari məsələlər nəzərdən keçirilmişdir.

Ermənistanın nümayəndəsi, Ermənistan Respublikasının Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Ara Xzmalyan gözlənilmədən DHƏF İdarə Heyətinin sədrinin vaxtından əvvəl yenidən seçilməsi məsələsini gündəmə salınmasını təklif etmişdir.

Məlumat üçün bildiririk ki, DHƏF İdarə Heyətinin Sədri iki il müddətinə seçilir. 2010-cu ildən Sədr Polad Bülbüloğludur. Yeni seçkilərin 2020-ci ilin sonunda keçirilməsi nəzərdə tutulur.

Bu təxribat iclas iştirakçılarının mənfi reaksiyasına səbəb olmuşdur. Lakin,  Polad Bülbüloğlu, açıq demokratik seçkilərin keçirildiyi daxili qaydalara uyğun olaraq, Ara Xzmalyanın bu təklifini qəbul etmiş və məsələni səsverməyə qoymuşdur. Bu səsvermə nəticəsində Ermənistan nümayəndəsinin təklifi sarsıdıcı məğlubiyyətə uğramışdır. Nazir səviyyəsində doqquz MDB üzvü olan ölkədən səkkizi Azərbaycan nümayəndəsinin xidmətləri və təcrübəsini nəzərə alaraq, Ermənistanın təklifini gündəmə gətirməyin əleyhinə səs vermişdirlər.

Son 10 il ərzində hər iki ildən bir DHƏF İdarə Heyəti Polad Bülbüloğlunun namizədliyini ödənilməyən DHƏF İdarə Heyətinin Sədri vəzifəsinə irəli sürmüşdür. Hər dəfə İdarə Heyətinin bütün üzvləri, o cümlədən Ermənistan da yekdilliklə ona səs vermişdirlər.

Təəccüblüdür ki, yeni seçkilərə yarım il qalmış bir vaxtda Ermənistan belə təkliflə çıxış edir. Əminik ki, bu, məhz Azərbaycan nümayəndəsinin Fondun İdarə Heyətinin Sədri olması ilə əlaqədardır.

Bu səsvermə Polad Bülbüloğlunun MDB məkanında yüksək nüfuzunu bir daha təsdiqləmişdir.

Bundan əlavə, Ermənistan nümayəndəsinə onu da xatırlatmağı vacib hesab edirik ki, bu il Rusiyanın Xarici işlər naziri Sergey Lavrov MDB ölkələrinin səfirlərinin, o cümlədən Ermənistan səfirinin iştirakı ilə təntənəli şəkildə Polad Bülbüloğluna "Humanitar Əməkdaşlığın İnkişafındakı xidmətlərinə görə" DHƏF medalı ilə təltif etmişdir.

Arxiv üzrə axtarış