2020-09-18

Səfir Polad Bülbüloğlu Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini onun təklifi əsasında qəbul etmişdir

18 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini onun təklifi əsasında qəbul etmişdir.

Qubernator keçən ilin dekabr ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayaraq ölkə başçımızın Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafına daim dəstək verdiyini bildirmiş və bütün sahələrdə əlaqələrin genişləndirildiyini, o cümlədən hava və dəmir yolu nəqliyyatı, eləcə də gəmiqayırma sahələrində işlərin aparıldığını vurğulamışdır.

Səfir Polad Bülbüloğlu Azərbaycanın Həştərxan vilayəti ilə münasibətlərin daim müsbət olduğunu, tarixi köklərə və qarşılıqlı etimada əsaslandığını  bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu əməkdaşlığın daha da dərinləşdirilməsinə xüsusi önəm verdiklərini qeyd etmişdir, onların Həştərxan vilayəti qarşısında xidmətlərinə görə bu vilayətin rəhbərliyi tərəfindən ordenlərlə təltif edildiklərini xatırlamışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyi tərəfindən Həştərxanda bir çox layihələrin reallaşdırıldığını qeyd etdi və Həştərxan şəhəri ilə Bakı şəhərinin Nərimanov rayonu arasında dostluq əlaqələrinin mövcudluğunu vurğulamışdır. Bu xüsusda Həştərxan vilayətinin sabiq qubernatoru Aleksandr Jilkinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edildiyini də qeyd etmişdir. Həmçinin Səfir bildirmişdir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanın gözəl məkanına çevrilmiş parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə abidənin ucaldılması, Həştərxanda müqəddəs knyaz Vladimirin abidəsinin qoyulması, uşaq bağçasının və məktəbin əsaslı təmiri ikitərəfli münasibətlərin yüksək səviyyəsinin əyani göstəricisidir. İqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da yüksək səviyyəyə çatdırılması üçün böyük potensialın mövcud olduğunu deyən Səfir, Azərbaycan-Rusiya Regionlararası Forumunun yaratdığı imkanlardan tam şəkildə yararlanmağın önəmini qarşı tərəfin diqqətinə çatdırmışdır.

Polad Bülbüloğlu iyul hadisələri ilə bağlı bölgədə yaranmış vəziyyət barədə həmsöhbətini tam şəkildə məlumatlandırmış, öz fikirlərini qonağa çatdırmışdır. 

Qubernator İqor Babuşkin ətraflı məlumata və maraqlı müzakirələrə görə təşəkkürünü ifadə edərək, Həştərxanın sıx əməkdaşlığa hazır olduğunu bir daha təsdiq etmişdir.  

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış