2020-09-22

Turan informasiya agentliyinin dərc etdiyi «Азербайджанские власти безучастны к судьбе арестованных в Дагестане сограждан?» başlıqlı məqalə ilə bağlı 

Turan informasiya agentliyinin dərc etdiyi «Азербайджанские власти безучастны к судьбе арестованных в Дагестане сограждан?» başlıqlı məqalə ilə bağlı aşağıdakıları bildiririk.

Səfirliyin 10 sentyabr 2020-ci il tarixli məlumatında vurğulandığı kimi, cari ilin 2-3 sentyabr tarixlərində Səfirliyin konsulu, müşavir Toğrul Sadıqov və konsulluğun üçüncü katibi Müsənnif Dadaşov Rusiyanın Dağıstan Respublikasının ərazisində baş vermiş məlum insident nəticəsində saxlanılan Azərbaycan Respublikasının vətəndaşları ilə görüşmək üçün Dərbənd şəhərinə ezam olunmuşlar.

Onlar Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Dağıstan Respublikası üzrə idarəsinin 2 nömrəli İstintaq Təcridxanasında saxlanılan 7 nəfər vətəndaşımız: Əziz Fərəczadə, Rövşən Hüseynov, Elmar Musayev, Emin İmaməliyev, Tural Qiyasov, Nahid Ağayev və Elbrus Əhmədovla görüşmüşlər.

Bütün görüşlərdə vətəndaşlarımız saxlanma şəraitlərinin qənaətbəxş olduğunu, vəkilləri ilə mütəmadi görüşə bildiklərini və sağlamlıqları ilə bağlı şikayətlərinin olmadığını diqqətə çatdırmışlar. Səfirliyin əməkdaşları tərəfindən isə məsələnin diqqət mərkəzində olduğu, lazımı hüquqi yardımla təmin olunacağı və hazırda bu istiqamətdə müvafiq işlərin davam etdirildiyi barədə həmyerlilərimizə məlumat verilmişdir.

Bildiririk ki, Səfirlik tərəfindən həmyerlilərimizin hüquqlarının qorunması məqsədi ilə Dağıstanda çalışan vəkil R.Rabadanov cəlb olunmuşdur və ona təcridxanada saxlanılan 10 nəfərin ibtidai istintaqı zamanı haqlarının qorunması tapşırılmışdır. Görülmüş səylər nəticəsində İstintaq Təcridxanasında saxlanılanlardan Əziz Fərəczadə, Elmar Musayev, Emin İmaməliyev və Elbrus Əhmədov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Təcridxanada qalan digər üç nəfər: Rövşən Hüseynov, Tural Qiyasov və Nahid Ağayevin işi də Səfirliyin və vəkilin diqqəti mərkəzindədir. Onların hüquqlarının təmin edilməsi istiqamətində bütün lazımi tədbirlər görülür.

Həmçinin qeyd etmək istəyirik ki, məqalədə adı çəkilən vəkil Murad Vəlixanov iyul ayında Səfirliyə müraciət edərək həmyerlilərimizi müdafiə etmək təşəbbüsünü irəli sürmüşdür. Səfirlikdən saxlanılan şəxslərə aid sənədlərlə təmin edilməsini xahiş etmişdir. Səfirlik tərəfindən onun belə bir təşəbbüsü yüksək qiymətləndirilmiş və ona bəzi lazımi sənədlər təqdim edilmişdir. Fürsətdən istifadə edərək göstərdiyi yanaşmaya görə Murad Vəlixanova bir daha təşəkkürümüzü bildiririk.

Eyni zamanda Səfirliyin 17 sentyabr tarixli məlumatında qeyd edildiyi kimi, Moskva şəhərinin Troitsk rayon məhkəməsində keçirilmiş iclasda 4 nəfər Azərbaycan Respublikasının vətəndaşı elə məhkəmə zalından buraxılmışlar və onlardan Moskva şəhərini tərk etməmək haqqında yazılı iltizam götürülmüşdür.

Diqqətə çatdırmaq istəyirik ki, Səfirlik öz imkanları və səlahiyyətləri çərçivəsində vətəndaşlarımızın hüquqlarının qorunması üçün bütün mümkün addımları atır. Hər görülmüş iş, atılmış addım barəsində də KİV-ə məlumatın verilməsini məqsədəuyğun hesab etmir.

Bu kimi həssas, insan taleyinə aid mövzulara toxunarkən, ictimaiyyətə həqiqəti əks etdirən dolğun məlumat vermək üçün Səfirliyin mətbuat xidməti KİV nümayəndələri ilə əməkdaşlığa hər zaman açıqdır.

Arxiv üzrə axtarış