2020-09-30

Rusiya Federasiyasında Azərbaycanın diaspor təşkilatları və icma nümayəndələrinin diqqətinə

29 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlunun Rusiya Federasiyasının Daxili İşlər nazirinin birinci müavini Aleksandr Qorovoy və Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə keçirilmiş görüşü zamanı Rusiya tərəfi son günlərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların aparıldığını nəzərə alaraq, milli zəmində iyul hadisələrinə oxşar xoşagəlməz halların Rusiya Federasiyasının ərazisində baş verməməsi üçün Rusiyanın Daxili İşlər Nazirliyinin struktur bölmələrinə müvafiq təlimat verdiyini bildirmişdir.

Bu təlimata uyğun olaraq Rusiyada bütün təxribatların qarşısı qətiyyətli şəkildə alınacaq, milliyyətindən asılı olmayaraq cinayət törədən hər bir şəxsə qarşı sərt addımlar atılacaq, qanunazidd əməllərə görə cinayət işləri açılacaq, hüquq pozuntularına yol verən əcnəbilər ölkədən deportasiya ediləcək, iğtişaşların təşkilində iştirak edən Rusiya vətəndaşlarının isə vətəndaşlıqdan məhrum edilməsi üçün vəsatətlər qaldırılacaqdır.

Bununla əlaqədar, Səfirlik Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları və bütün soydaşlarımızdan yuxarıda qeyd edilən məqamları nəzərə almağı, qeyri-qanuni əməllərdən çəkinməyi, ictimai yerlərdə etik normalara hörmətlə yanaşmağı və Rusiya Federasiyasının qanun və qaydalarına ciddi şəkildə əməl etməyi xahiş edir.

Arxiv üzrə axtarış