2021-01-20

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı Səfir Polad Bülbüloğlunun nitqi

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Səfirliyin Qonaq evində xatirə lövhəsi quraşdırılımışdır.                                      

İlk olaraq Səfir Polad Bülbüloğlu xatirə lövhəsinin və ümummilli lider Heydər Əliyevin Səfirliyin binasındakı barelyefinin önünə gül dəstələri qoydu və faciə ilə bağlı mətbuat nümayəndələrinə açıqlama verdi.

Həmin dəhşətli gecədən 31 il keçməsinə baxmayaraq, Azərbaycan xalqının heç vaxt Qanlı Yanvar hadisələrini unutmayacağını bildirən Səfir, Sovet hökumətinin tanklarla məhz öz vətəndaşlarını qətlə yetirdiyini qeyd etdi. Eyni zamanda o vurğuladı ki, müasir Azərbaycan 20 yanvar gecəsi baş verən dəhşətli hadisələri bugünkü demokratik Rusiya ilə əlaqələndirmir. Polad Bülbüloğlu 20 Yanvarın tarixdə qara ləkə kimi qaldığını, lakin müdrik Azərbaycan xalqının baş verən çətinlikləri dəf etdiyini və ölkəmizin sürətlə inkişaf etdiyini diqqətə çatdırdı. Səfir onu qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu 44 günlük müharibədə möhtəşəm qələbə qazanmış və bununla da 20 yanvar gecəsi Vətənimizin müstəqilliyi, suverenliyi uğrunda canından keçən şəxslərin ruhunu şad etmiş, şəhidlərimizin qisası alınmışdır. Bu gün Qarabağ Azərbaycandır, Şuşa şəhəri isə Azərbaycanın mədəniyyət paytaxtıdır.

Həmçinin Polad Bülbüloğlu diqqətə çatdırdı ki, Azərbaycanda azadlıq hərəkatı 1988-ci ildə ermənilər tərəfindən Topxana meşəsinin qırılmasına etiraz olaraq başlamış və nəticədə yüz minlərlə azərbaycanlı Azadlıq meydanına toplaşaraq bu hadisəyə etirazını bildirmişdir. Bu haqlı etiraz dalğasından qorxan Sovet hakimiyyəti silahlı ordunu Bakı şəhərində dinc əhalinin üzərinə yeritmişdir.                                                                       

Səfir vurğuladı ki, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə hazırda Səfirliyin yerləşdiyi binaya gələrək, ilk dəfə olaraq Sovet rəhbərliyinə etirazını bildirmişdir. Həmin vaxt bu addım çox böyük mərdlik və cəsarət tələb edirdi. Böyük siyasi xadim kimi Heydər Əliyev başa düşürdü ki, ilk növbədə 20 Yanvar faciəsinə siyasi qiymət vermək lazımdır. Ümummilli liderin Səfirlikdəki barelyefi də məhz o gün baş verənləri özündə əks etdirir. Bildirdi ki, Azərbaycan artıq böyük zəfər qazanıb və bununla Heydər Əliyevin arzuları çin olmuş, onun arzularını isə oğlu İlham Əliyev reallığa çevirmişdir.

Polad Bülbüloğlu Azərbaycanın görkəmli şəxsiyyətlərinin güllələnmiş heykəllərinin bu yaxınlarda Prezident İlham Əliyevin şəxsən iştirakı ilə Şuşaya qaytarılmasının onu olduqca həyəcanlandırdığını və duyğulandırdığını xüsusilə vurğulayaraq, çıxışını “Qarabağ Azərbaycandır!” şüarı ilə yekunlaşdırdı.

Həmçinin yanvarın ayının 20-də Səfirliyin önündə faciə qurbanlarının xatirəsinə stend quraşdırılmışdır. Səfirliyin əməkdaşları, o cümlədən Rusiya ictimaiyyətinin, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin təmsilçiləri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin, Azərbaycan diasporunun üzvləri və tələbələr gün boyu stendin qarşısına gül dəstələri qoymuşlar.

Arxiv üzrə axtarış