2021-02-18

15 iyun 2020-ci il tarixində saxlanılmış Azərbaycan vətəndaşları ilə əlaqədar

Məlum olduğu kimi, 2020-ci ilin 15 iyun tarixində Rusiya-Azərbaycan sərhədində baş verən iğtişaşlar zamanı Rusiya hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasının 10 vətəndaşı – Ceyhun Namazov, Elbrus Əhmədov, Nahid Ağayev, Əziz Fərəczadə, Elmar Mehdiyev, Tural Qiyasov, Elmar Musayev, Ənvər Muradov, Rövşən Hüseynov və Emin İmaməliyev Rusiya Federasiyasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdırlar.

Bütün bu müddət ərzində məsələ Səfirliyin ciddi nəzarətində saxlanılmışdır. Diplomatik nümayəndəliyin əməkdaşları tərəfindən həm saxlanılanlar, həm də Rusiyanın müvafiq dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilmiş, Səfirliyin səlahiyyətləri çərçivəsində vətəndaşlarımıza hərtərəfli yardım göstərilmişdir. Bu barədə də ictimaiyyət məlumatlandırılmışdır.

Bildiririk ki, saxlanılmış vətəndaşlardan yeddi nəfər - C.Namazov, E.Əhmədov, N.Ağayev, Ə.Fərəczadə, E.Mehdiyev, T.Qiyasov və E.Musayev barəsində cinayət işlərinə xitam verilib və onlar sərbəst buraxılıblar.

Ənvər Muradov Dərbənd Rayon Məhkəməsinin qərarı ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin (CM) 318.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinin vəzifə borcunun icrası ilə əlaqədar, ona və ya onun yaxınlarına qarşı həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) ümumi rejimli cəzaçəkmə müəssisəsində 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Vəkilin apellyasiya şikayəti əsasında məsələ Dağıstan Respublikasının Ali Məhkəməsinə təqdim olunub.

Digər iki vətəndaş - Rövşən Hüseynov və Emin İmaməliyevə gəldikdə, ilkin istintaq zamanı ittihamların həcmi dəyişdirilib. Onların hərəkətləri Rusiya Federasiyası CM-nin 318.2-ci maddəsinə əsasən müəyyən olunur və ittiham aktları onlara təqdim edildikdən sonra cinayət işləri mahiyyəti üzrə baxılması üçün müvafiq olaraq fevralın 19-da və martın 5-də Dağıstan Respublikasının Mahərrəmkənd Rayon Məhkəməsinə göndəriləcək. Hazırda həmin şəxslər ev dustaqlığındadırlar.

Səfirlik bu məsələni diqqət mərkəzində saxlamaqda davam edəcək və qarşıdakı məhkəmə iclaslarının təfərrüatları barədə əlavə olaraq açıqlama verəcək.

Arxiv üzrə axtarış