2021-03-10

10 mart tarixində Şərq Xalqları İncəsənəti Dövlət Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizaminin süjet və obrazları” adlı sərginin açılışı keçirilmişdir

10 mart 2021-ci il tarixində Moskvada Şərq Xalqları İncəsənəti Dövlət Muzeyində Səfirliyin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizaminin süjet və obrazları” adlı sərginin açılışı mərasimi keçirilmişdir.                                 

Tədbirdə Rusiyada akkreditə olunmuş səfirlər, diplomatik korpusun nümayəndələri, Səfirliyin və Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin əməkdaşları iştirak etmişlər.

Muzeyin baş direktoru Aleksandr Sedov tədbiri giriş sözü ilə açaraq 2021-ci ildə Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olduğunu, bu ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən ölkəmizdə “Nizami Gəncəvi ili” elan edildiyini, rəhbərlik etdiyi muzeyin də bu əlamətdar tarixi diqqətdən kənarda saxlamadığını bildirmişdir. O vurğulamışdır ki, sərgidə Dövlət Ermitaj Muzeyi, A.S.Puşkin adına Təsviri İncəsənət Muzeyi, A.N.Radişev adına Saratov Rəssamlıq  Muzeyi, Arxangelsk Muzeyi və Mərcani Fondunun eksponatları nümayiş etdirilir.  

Səfir Polad Bülbüloğlu çıxışında sərginin təşkilinə görə Şərq Xalqları İncəsənəti Dövlət Muzeyinin rəhbərliyinə və bütün kollektivinə dərin minnətdarlığını ifadə etmişdir. Şərq muzeyi ilə uzun illər ərzində səmərəli əməkdaşlığın mövcud olduğunu, həm mədəniyyət naziri, həm də Səfir kimi çalışdığı dövrdə həmin muzeyin Azərbaycanın müraciətlərinə həmişə böyük diqqətlə yanaşdığını vurğulamışdır.  

Azərbaycanda Nizaminin xatirəsinə və yaradıcılığına böyük ehtiram və sevgi bəslənildiyini, hər il çoxsaylı tədbirlərin keçirildiyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Ədəbiyyat İnstitutunun fəaliyyət göstərdiyini, Azərbaycan xalqının dahi şairlə fəxr etdiyini diqqətə çatdıran Polad Bülbüloğlu, Rusiyada hələ Sovet İttifaqı dövründən şairin yaradıcılığına və xatirəsinə diqqətlə yanaşıldığını, 1941-ci ildə müharibə zamanı faktiki blokadada olan Leninqrad şəhərində Ermitaj muzeyində onun 800 illik yubileyinin keçirildiyini xüsusilə qeyd etmişdir.                                                                

Polad Bülbüloğlu 1991-ci ildə SSRİ-nin süqutu ərəfəsində Moskvada “Bolşoy Teatr”da dahi Nizaminin 850 illik yubileyinin təşkilinin ona qismət olduğunu məmnunluqla bildirmiş və sözügedən tədbirdə Moskvanın bütün ziyalılarının, hətta Sovet İttifaqının ilk və son prezidenti Mixail Qorbaçovun da iştirak etdiyini, həmin vaxt Azərbaycanın Rusiyadakı Səfirliyinin indiki binasının yanında şairin abidəsinin açılışı mərasimin baş tutduğunu diqqətə çatdırmışdır. Həmin il, həmçinin Sankt-Peterburq şəhərində Nizami həftəsi keçirilmiş və bu şəhərdə də şairin abidəsinin qoyulması qərara alınmışdır. Polad Bülbüloğlu onu da qeyd etmişdir ki, o dövrün bütün çətinliklərinə baxmayaraq, qarşıya qoyulan məqsədə nail olundu və 2002-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə abidənin açılışı baş tutmuşdur. Ümummilli lider şairin yaradıcılığını daima yüksək qiymətləndirir və həmişə deyirdi ki, Nizami Gəncəvinin yubileyini təkcə yubiley tarixlərində deyil, hər il qeyd etmək və onu hər an xatırlamaq lazımdır. Azərbaycanın Səfiri çıxışının sonunda sərgidə digər muzeylərin eksponatlarının da nümayiş etdirildiyini xatırladaraq, həmin qurumların rəhbərlərinə, xüsusilə Dövlət Ermitaj Muzeyinin baş direktoru Mixail Piotrovskiyə təşəkkürünü bildirmişdir.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova Şərq Xalqları İncəsənəti Dövlət Muzeyi ilə sıx əməkdaşlıq etdiklərini, bu muzeydə dəfələrlə Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlərin keçirildiyini diqqətə çatdırmış və gələcəkdə də birgə layihələrin reallaşdırılacağına ümidvar olduğunu qeyd etmişdir. Fondun Azərbaycan-Rusiya mədəni əlaqələrinə töhfə verdiyini diqqətə çatdıran Tamilla Əhmədova ikitərəfli əməkdaşlıqda mədəniyyət sahəsinin siyasi və ya iqtisadi istiqamətlərdən heç də az əhəmiyyətli olmadığını vurğulamışdır. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun ölkəmizdən kənarda genişmiqyaslı mədəni layihələr həyata keçirdiyini söyləmiş, bunlara nümunə kimi az öncə Parisdə YUNESKO-nun mənzil-qərargahında təşkil edilmiş Azərbaycan xalçaları sərgisini və Pekində Azərbaycan musiqisi tədbirini göstərmişdir. Tamilla Əhmədova onu da diqqətə çatdırmışdır ki, mədəni irslə bağlı məsələlər daima Fondun prioritetləri sırasındadır və hazırda azad olunmuş torpaqlarımızda etnik və dini mənsubiyyətindən asılı olmayaraq işğalçılar tərəfindən dağıdılmış bütün tarixi-mədəni abidələrin bərpası istiqamətində işlər görülür. O, cari ildə Nizami yaradıcılığı ilə bağlı çoxsaylı tədbir və layihələrin keçiriləcəyinə əminliyini ifadə etmiş və hazırkı sərginin may ayında Bakıda Heydər Əliyev Mərkəzində də nümayiş etdiriləcəyini diqqətə çatdırmışdır.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Şərq Xalqları İncəsənəti Dövlət Muzeyi ilə yaxından əməkdaşlıq etdiklərini və bu muzeydə Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə sərginin keçirilməsinin əlamətdar hadisə olduğunu, ekspozisiyada Rusiya muzeylərində saxlanılan müxtəlif dövrlərə aid təsviri və tətbiqi incəsənət nümunələrinin şah əsərlərinin nümayiş etdirildiyini qeyd etmişdir. Şirin Məlikova ölməz və həmişəyaşar olan Nizami poeziyası və fəlsəfəsinin bütün dövrlərdə yaradıcı insanlar üçün ilham mənbəyi olduğunu vurğulamışdır. O, “Nizami Gəncəvi ili” çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin Heydər Əliyev Fondu ilə birlikdə Rusiyada bir neçə maraqlı tədbir keçirməyi planlaşdırdığını bildirmişdir.

Sonda çıxış edən sərginin ideya müəllifi, Şərq Xalqları İncəsənəti Dövlət Muzeyinin baş direktorunun müavini Vladimir Zaytsev tədbirin başlıca ideya xəttinin dahi Nizaminin yaradıcılığının, onun əsərlərinin süjet və obrazlarının incəsənətə necə təsir etdiyini əyani şəkildə göstərməkdən ibarət olduğunu söyləmişdir. Bu təsirin səbəbi isə təkcə obrazların parlaqlığında deyil, şairin əsərlərinin qəhrəmanları olan müxtəlif personajların dili ilə səsləndirdiyi və oxuculara çatdırmaq istədiyi ideyaların böyüklüyündədir. Nizaminin əsərlərinin zəngin palitrası, yaradıcılığındakı janr müxtəlifliyi, incə sevgi hekayələri, dərin məzmunlu fəlsəfi fikirləri, səkkiz yüz öncə tərənnüm etdiyi istər-istəməz insanı heyrətə salır. Vladimir Zaytsev obrazlı şəkildə iştirakçıları muzeydə olan Nizami personajları ilə dialoqa dəvət etmişdir.

Açılış mərasimindən sonra qonaqlar sərgi ilə tanış oldular. Sonda iştirakçılar üçün furşet təşkil olunmuşdur.

Arxiv üzrə axtarış