2021-04-17

Sosial şəbəkələrdə həqiqəti əks etdirməyən xəbərlərin yayılması ilə əlaqədar

COVİD-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin mart-avqust aylarında Səfirliyin konsulluq şöbəsi vətəndaşların qəbulunu dayandırmışdır.

Bu səbəbdən də Səfirlikdə qaynar telefon xətləri açılmışdır. 24 saat fəaliyyət göstərən telefon nömrələrinə pandemiya dövründə 160 minə yaxın müraciət daxil olmuşdur. Səfirlik əməkdaşları hər bir müraciətə individual yanaşaraq vətəndaşlarımızı maraqlandıran bütün sualları cavablandırmış və səlahiyyətləri çərçivəsində onların üzləşdiyi problemlərin operativ həlli üçün yardım göstərmişlər.

Yuxarıda göstərilən səbəbə, həmçinin Rusiya-Azərbaycan quru dövlət sərhədinin bağlı olmasına görə hal-hazırda konsulluq şöbəsinə müraciətlər kəskin artmışdır. Vətəndaş qəbulu şənbə, bazar və bayram günləri istisna olmaqla, həftənin bazar ertəsindən cümə gününə qədər saat 09:00-dan 13:00-dək həyata keçirilir. Vətəndaşların sayından asılı olaraq, qəbul saatı uzadıla bilər.

Gün ərzində 150-yə yaxın vətəndaş qəbul edilir. Edilən müraciətlər pasportların dəyişdirilməsi, qayıdış şəhadətnamələrinin rəsmiləşdirilməsi, müxtəlif sorğuların göndərilməsi və arayışların verilməsindən ibarət olur. Aparılan bütün əməliyyatlara görə də vətəndaşlarımız dövlət rüsumunu konsulluq şöbəsinin qəbul otağında yerləşdirilmiş ödəniş terminalları vasitəsi ilə ödəyirlər. Heç bir nəğd pul götürülmür.

Son günlər sosial şəbəkələrdə özünü jurnalist adlandıran qeyri-ciddi şəxs tərəfindən yayılan “sənədlər arxa qapıdan, Səfirliyin qonaq evində verilir” kimi həqiqəti əks etdirməyən və böhtan dolu, heç-bir sübut və əsası olmayan cəfəng iddialara gəldikdə isə deyə bilərik ki, epidemioloji vəziyyətlə əlaqədar 2020-ci ilin mart ayından karantin qaydalarına uyğun olaraq diplomatik nümayəndəliyin nəzdində fəaliyyət göstərən qonaq evi bağlıdır. Bundan əlavə, diplomatik nümayəndəliyin inzibati binası və qonaq evinin hər bir tərəfində, habelə konsulluq şöbəsinin qəbul otağında müşahidə-təhlükəsizlik kameraları quraşdırılmışdır və ətrafda baş verənlər qeydə alınır və ciddi nəzarət aparılır.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Səfirlik bir daha bildirir ki, yalan, böhtan yaymaqla heç kəs özünə hansısa bir imtiyaz qazana bilməz və tam əksinə, hüquqi məsuliyyətə cəlb oluna bilər.

Arxiv üzrə axtarış