Səfirliyin binasının qarşısında baş vermiş bədbəxt hadisəyə dair
Cari ilin 17 may tarixində səhər saat 08:50-də Səfirliyin inzibati binasının önündə bədbəxt hadisə baş vermişdir. Belə ki, Səfirliyin konsulluq xidmətinin girişinin qarşısında Rusiya Federasiyasının vətəndaşı Muradov Rüfət Əli oğlunun vəziyyəti qəflətən pisləşmiş və o, dünyasını dəyişmişdir.
Bununla əlaqədar olaraq, dərhal təcili tibbi yardım çağırılmış və polisə məlumat verilmişdir. Hadisə yerinə gəlmiş Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları vəfat etmiş şəxsin Rusiya vətəndaşı olmasını və ekspert-kriminalist tərəfindən rəyin bildirilməsinin vacibliyini əsas gətirərək Rusiyanın səlahiyyətli nümayəndələrinin gəlişinə qədər cəsədin yerdən götürülməsinə icazə verməmişlər.
Müəyyən müddətdən sonra hadisə yerinə gələn kriminalistin öz rəyini bildirməsi cəsədin təcili tibbi yardım briqadası tərəfindən morqa aparılmasını mümkün etmişdir.
Ölüm səbəbinin öyrənilməsi məqsədilə Səfirlik Rusiyanın aidiyyəti qurumlarına müraciət etmişdir.
Rüfət Muradovun ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!