2021-07-28

28 iyul tarixində Rusiyanın V.İ. Vernadski adına Dövlət Geoloji muzeyində görkəmli azərbaycanlı neftçi-geoloq Fərman Salmanovun 90 illik yubileyi ilə əlaqədar konfrans keçirilmişdir

Cari ilin 28 iyul tarixində Rusiyanın V.İ. Vernadski adına Dövlət Geoloji muzeyində görkəmli azərbaycanlı neftçi-geoloq, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun 90 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının sədri Gennadi Şmal Fərman Salmanovun keçdiyi zəngin həyat yolu, onun Rusiyanın neft sənayesinə verdiyi misilsiz töhfə, buraxdığı tarixi iz haqda ətraflı danışmışdır.

Eyni zamanda o qeyd etmişdir ki, 2018-ci ildə keçirilmiş səsvermə nəticəsində Surqut hava limanına Fərman Salmanovun adı verilmişdir. Həmyerlimizin adının Rusiya və Azərbaycanda əbədiləşdirildiyini söyləmişdir.

Konfransda çıxış edən Səfir Polad Bülbüloğlu Fərman Salmanovla şəxsi tanışlığı haqda söz açmışdır. Azərbaycanın Səfiri vurğulamışdır ki, məhz Fərman Salmanovun cəsarət və güclü iradə nümayiş etdirməsi nəticəsində Qərbi Sibirdə neft aşkarlanmışdır ki, bu gün də Rusiya həmyerlimizin verdiyi əhəmiyyətli töhfənin bəhrəsini görməkdədir.

Polad Bülbüloğlu Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən Sərəncamın imzalandığını və sözügedən Sərəncama əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fərman Salmanov adına təqaüdün təsis edildiyini, Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldığını və Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adının verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Azərbaycanın Rusiyadakı Səfiri Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq Fərman Salmanovun nailiyyətləri haqda gələcək nəsillərin müxtəlif müasir vasitələrdən istifadə edərək məlumatlandırılmasının vacibliyini önə çəkmişdir.

Tədbirdə Fərman Salmanovun həyat və əmək fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Arxiv üzrə axtarış