4 oktyabr tarixində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında “Şuşanın dağları başı dumanlı” adlı muğam axşamı keçirilmişdir
Cari ilin 4 oktyabr tarixində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi, Səfirliyin və Heydər Əliyev Fondunun Rusiyadakı Nümayəndəliyinin təşkilatçılığı ilə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında “Şuşanın dağları başı dumanlı” adlı Azərbaycan muğamı axşamı keçirilmişdir.
Tədbirdə Türkiyə Respublikasının Rusiyadakı səfiri Mehmet Samsar, Rusiyanın mədəniyyət və ictimaiyyət nümayəndələri, Səfirliyin və Heydər Əliyev Fondunun Rusiyadakı Nümayəndəliyinin əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Səfirliyin birinci katibi Nigar Axundova Azərbaycan muğamı, onun qədimliyi və zənginliyi haqqında danışmış və konsertdə çıxış edəcək gənc musiqiçilər haqqında məlumat vermişdir.
Daha sonra Azərbaycanın əməkdar artistləri Qoçaq Əskərov (xanəndə), Babək Niftəliyev (xanəndə), Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimov (nağara), eləcə də Səbinə Ərəbli (xanəndə), Almaxanım Əhmədli (xanəndə), Rafael Əsgərov (balaban) konsert proqramı ilə qonaqlar qarşısında çıxış edərək, məşhur muğam əsərlərini səsləndirmişlər. Onların sırasında “Qarabağ şikəstəsi”, “Xudayar təsnifi”, “Şuşanın dağları başı dumanlı...” və muğam xəzinəmizdən digər incilər yer almışdır. Konsert tamaşaçılar tərəfindən böyük maraqla, gur alqışlarla və gül çiçəklə qarşılanmışdır.
Tədbirin sonunda çıxış edən Səfir Polad Bülbüloğlu konsertin Şuşanın işğaldan azad edilməsinə həsr olunduğunu bildirərək, Moskvanın əsas musiqi mərkəzi sayılan Dövlət Konservatoriyasının səhnəsində “Qarabağ şikəstəsi”nin səslənməsinə görə xoşbəxt olduğunu qeyd etmiş və Rusiyada Azərbaycan muğamı konsertinin baş tutduğu üçün musiqiçilərə dərin təşəkkürünü bildirmişdir.
Tədbir Azərbaycan və Rusiya KİV-ləri tərəfindən geniş işıqlandırılmışdır.