2021-10-13

13 oktyabr tarixində Rusiyanın Dövlət Geoloji Kəşfiyyat Universitetində görkəmli azərbaycanlı geoloq Fərman Salmanovun 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir

Cari ilin 13 oktyabr tarixində Rusiyanın Serqo Ordjonikidze adına Dövlət Geoloji Kəşfiyyat Universitetində (RQQRU) məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya və mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin və Səfirliyin əməkdaşları, RQQRU-nun prorektorları, müəllim heyəti və tələbələri iştirak etmişlər.

Mərasimi giriş sözü ilə açan RQQRU-nun prorektoru Yuri Panov universitetdə Fərman Salmanov auditoriyasının açılmasını əlamətdar hadisə kimi qiymətləndirərək, bu məkanın tələbələrin məşhur geoloqun zəngin təcrübəsini öyrənmələrində və geologiya sahəsində dərin biliklərə yiyələnmələrində mühüm rol oynayacağına əminliyini qeyd etdi.

Tədbirdə çıxış edən Səfir Polad Bülbüloğlu bildirdi ki, Moskvada "Rusiya Enerji Həftəsi" Beynəlxalq Forumu kimi əhəmiyyətli bir tədbirin keçirildiyi vaxtda Sergo Ordjonikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində Fərman Salmanovun xatirə auditoriyası və büstünün açılış mərasimi kimi vacib hadisə baş tutmaqdadır. Görkəmli alim və geoloq olan Fərman Salmanovun kəşf etdiyi neft yataqlarının bu günə kimi Rusiya Federasiyasına fayda verdiyini qeyd etdi.

Polad Bülbüloğlu Fərman Salmanovla şəxsi tanışlığı, baş tutan görüşü barədə xatirələri ilə bölüşdü. Fərman Salmanovun sağlığında əfsanəvi şəxsiyyət olduğunu vurğuladı, onun kimi şəxsiyyət haqqında keçmiş zamanda danışmağın asan olmadığını qeyd edərək, onu daim yaşatmaq üçün yeni nəslə Fərman Salmanovun fəaliyyəti, vətəninə verdiyi fayda və töhfə barədə məlumatlılığın artırılmasının böyük əhəmiyyət kəsb etdiyini söylədi. Fərman Salmanov haqqında kitabların yazıldığını, tamaşaların səhnələşdirildiyini, filmlərin çəkildiyini və bu ənənənin davam etdirilməsinin vacibliyini vurğuladı. 2018-ci ildə keçirilmiş səsvermənin nəticələrinə əsasən, Surqut hava limanına Fərman Salmanovun adının verilməsinin onun peşəkar fəaliyyətinə göstərilən yüksək qiymət olduğunu bildirdi.

Fərman Salmanovun büstünün açılışına görə Rusiya Federasiyasında məktəblər, uşaq bağçaları təmir edən, abidələr ucaldan və bir çox layihələr, tədbirlər həyata keçirən Heydər Əliyev Fonduna, şəxsən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla xanım Əliyevaya xüsusi minnətdarlığını bildirən Səfir Fərman Salmanovun adının Rusiya tarixində əbədi olaraq qalacağına əminliyini ifadə etdi.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov bu gözəl təşəbbüsün həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun mədəniyyətlərarası dialoqun inkişafında, ölkələr arasında mədəni əlaqələrin genişlənməsində gördüyü böyük işləri xüsusi vurğuladı. Nazir Fərman Salmanovun böyük alim, elmlər doktoru kimi 160-dan çox elmi əsərlərin müəllifi, medal, orden və mükafatlar laureatı olduğunu qeyd etdi. Məhz onun cəsarəti və güclü iradəsi sayəsində Qərbi Sibirdə, Tümen bölgəsində nəhəng neft və qaz yataqları kəşf etdiyini və bu kəşfin SSRİ üçün böyük fayda verdiyini vurğuladı. Dünya tarixinin böyük neft və qaz yataqlarının kəşfi ilə məşğul olan ən məhsuldar geoloqu kimi azərbaycanlıların onunla fəxr etdiyini deyən Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Fərman Salmanovun xatirəsinin ölkəmizdə də əbədiləşdirildiyini, anadan olduğu Şəmkir şəhərində küçəyə, oxuduğu orta məktəbə onun adının verildiyini diqqətə çatdırdı.

Sonra Fərman Salmanovun adını daşıyan auditoriyada Azərbaycanın xalq artisti Natiq Əliyevin müəllifi olduğu büstün açılışı oldu.

Fərman Salmanovun qızı Tatyana Salmanova atasının xatirəsinə göstərilən hörmətə görə Heydər Əliyev Fonduna, RQQRU-ya və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Tədbirin sonunda RQQRU-nun şöbə müdiri, Rusiya Federasiyasının əməkdar geoloqu, İ.M.Qubkin mükafatı laureatı Vaqif Kərimov Fərman Salmanovun keçdiyi zəngin həyat yolu, onun Rusiyanın neft sənayesinə verdiyi misilsiz töhfələr haqqında ətraflı təqdimatla çıxış etdi.

Arxiv üzrə axtarış