14 oktyabr tarixində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan diaspor nümayəndələri və din xadimləri ilə görüşü keçirilmişdir
Cari ilin 14 oktyabr tarixində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Rusiya Federasiyasına səfəri çərçivəsində Zəfər Gününün ildönümünə həsr edilmiş Azərbaycan diaspor nümayəndələri və din xadimləri ilə görüşü keçirilmişdir.
Görüşdə Rusiyanın baş ravvini Berl Lazar, Rusiya Federasiyasının Dövlət Dumasının deputatı, Beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutski, Azərbaycan diaspor nümayəndələri, din xadimləri və Rusiyada yaşayan udin icmasının nümayəndələri iştirak etmişlər.
Görüşün əvvəlində Vətən Müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsi anılmış, “Qurani-Kərim”dən ayələr oxunmuşdur.
Tədbiri giriş sözü ilə açan Səfir Polad Bülbüloğlu Moskva şəhərinə səfəri çərçivəsində diaspor nümayəndələri və din xadimləri ilə görüşün keçirilməsinə görə Şeyxülislam həzrətlərinə dərin minnətdarlığını bildirmişdir. Bütün Rusiyanın Patriarxı Kirill və Şeyxülislam Allahşükür Paşazadə arasında keçirilmiş faydalı ikitərəfli və Azərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin üçtərəfli görüşlərin əhəmiyyəti haqqında danışan Polad Bülbüloğlu, belə görüşlərin bizi dinc həyata doğru yaxınlaşdırdığını, xalqlarımızın sülh şəraitində yaşamasına imkan yaratdığını vurğulamışdır.
Səfir qeyd etmişdir ki, Azərbaycanın Vətən Müharibəsində qazandığı şanlı qələbədən sonra Şeyxülislam Allahşükür Paşazadə Rusiyaya ilk səfərini həyata keçirir. Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun 44 günlük müharibədə əldə etdiyi qələbə ilə əlaqədar tədbir iştirakçılarını təbrik etmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirələrini daim əziz tutmalı olduğumuzu bildirmişdir.
Daha sonra çıxış edən Şeyxülislam Allahşükür Paşazadə görüşün təşkil olunmasına görə minnətdarlığını bildirmiş, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Vətən Müharibəsində xalqımız tərəfindən qazanılmış zəfərlə əlaqədar qonaqları təbrik etmişdir. O qeyd etmişdir ki, bu qələbə Azərbaycan xalqının birliyinin nümunəsidir və bu vəhdətlə 30 il işğal altında olan torpaqlarımız azad olunmuşdur. Həmçinin oktyabr ayının 13-də Moskvada keçirilmiş üçtərəfli görüşdə qalib xalqın nümayəndəsi kimi iştirak etdiyinə görə fərəh hissi duyduğunu da söyləmişdir.
Sonra söz Rusiyanın baş ravvini Berl Lazara verilmişdir. Öz çıxışında B.Lazar Azərbaycan və yəhudi xalqları arasında olan ənənəvi dostluq və qardaşlıq münasibətləri haqqında danışmışdır. O, Azərbaycanda böyük yəhudi diasporunun firavan yaşamasını, sinaqoq, muzey və yəhudi məktəblərinin fəaliyyət göstərməsini xalqımızın tolerantlığının göstəricisi kimi qiymətləndirmişdir. Qeyd etmişdir ki, Azərbaycanda millətlərarası münasibətlər bütün dünya üçün nümunə ola bilər və bu münasibətlərin inkişafında ümummilli lider Heydər Əliyev və onun davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük rolu olduğunu vurğulamışdır.
Sonra Rusiya Federasiyasının Dövlət Dumasının Beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutski çıxış edərək, İkinci Qarabağ müharibəsində qələbə münasibətilə Azərbaycan xalqını təbrik etmişdir. O bildirmişdir ki, Prezident İlham Əliyev Qarabağı Azərbaycana yenidən qaytarmaqla öz adını tarixdə əbədiləşdirmiş, tarixi zəfər çalmış və dünya tarixinə xalqının xilaskarı kimi daxil olmuşdur. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirmək üçün bu günə doğru addım-addım gəlmişdir.
Leonid Slutski postsovet məkanında Azərbaycanı Rusiyanın strateji və ən etibarlı tərəfdaşı adlandıraraq qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, son illərdə ölkədə Birinci Avropa Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu və digər mühüm beynəlxalq tədbirlər yüksək səviyyədə təşkil olunmuşdur.
Tədbirin sonunda qonaqlar üçün ehsan süfrəsi təşkil edilmişdir.