2021-11-19

Erməni tərəfinin Ermənistan-Azərbaycan dövlət sərhədində son təxribatlarına dair

Cari ilin 16 noyabr tarixində Ermənistan hərbi-siyasi təxribata əl ataraq, Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı genişmiqyaslı hücuma cəhd göstərmişdir. Ermənistan silahlı qüvvələrinin ağır hərbi və artilleriya texnikasından istifadə etməklə həyata keçirilən hücumun qarşısını almaq məqsədilə, Azərbaycan tərəfindən adekvat və təsirli tədbirlər görülmüşdür. Baş vermiş toqquşmalar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbi qulluqçusu şəhid olmuş, 10 nəfər isə yaralanmışdır.

16 noyabr 2021-ci il tarixində baş vermiş hərbi toqquşmalar spontan insident xarakteri daşımır. Bunlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin öncədən planlaşdırılmış və məqsədyönlü təxribatıdır. Vəziyyətin gərginləşdirilməsi üçün Kəlbəcər və Laçın rayonları istiqamətində bir sıra yüksəklikləri ələ keçirməyə və bununla da, hərbi üstünlüyə nail olmağa  cəhd göstərilmişdir.

44 günlük müharibədə ağır məğlubiyyəti kompensasiya etmək məqsədilə Ermənistan Azərbaycan Ordusunun bölmələrinə qarşı ardıcıl təxribatlara başlamışdır.

6-7 noyabr tarixlərində Ermənistanın sabiq müdafiə naziri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etmiş, bir sıra təhrikedici və təxribat xarakterli hərəkətlərə yol vermişdir.

Cari ilin 9 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinə məxsus mühəndis texnikalarını atəşə tutmuşdur. Həmin gün erməni tərəfi 60 hərbçini Qaragöl gölü ətrafında Azərbaycan Ordusunun mövqelərinə aparan yolda yerləşdirməyə cəhd etmişdir. Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri mühasirəyə alınmışdır. Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan növbəti dəfə humanizm nümayiş etdirmiş və erməni hərbçilərinin geri qayıtması üçün şərait yaratmışdır.

Cari ilin 13 noyabr tarixində Şuşa şəhəri yaxınlığında erməni terrorçuları Azərbaycan hərbçilərinin üzərinə qumbara ataraq, növbəti dəfə terror aktı törətmişdirlər. Nəticədə 3 hərbçi yaralanmışdır.

Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, regionda gərginliyin artmasına görə tam məsuliyyət sərhəddə hərbi avantüralar həyata keçirməklə yanaşı, beynəlxalq müstəvidə Azərbaycana qarşı yalan və qarayaxma kampaniyası aparmaqda davam edən Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət Ermənistanı Azərbaycana qarşı əsassız iddialarına son qoymağa çağırmalıdır, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında ikitərəfli dövlətlərarası münasibətlərin qurulması üçün konstruktiv addımlar atmağa, o cümlədən dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesinə başlamağa məcbur etməlidir.

Arxiv üzrə axtarış