2021-12-14

14 dekabr tarixində “Azərbaycan xalçaları “Caspian” sahilində” adlı tədbir keçirilmişdir

Cari ilin 14 dekabr tarixində Moskvanın mərkəzində yerləşən “Caspian” adlı məşhur restoranının sərgi salonunda Azərbaycan xalçalarının təqdimatına həsr olunmuş “Azərbaycan xalçaları “Caspian” sahilində” adlı tədbir keçirilmişdir.

Sözügedən tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi, Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyi, “Azərxalça” ASC və Rusiyanın “Detali” ali dizayn məktəbi olmuşdur.

Gecədə Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov, Azərbaycanın Xalq yazıçısı Anar Rzayev, Pakistan İslam Respublikasının Rusiya Federasiyasındakı səfiri Şafkat Ali Xan, İsrail, Qazaxıstan və Türkiyə Səfirliyinin yüksək vəzifəli diplomatları, Rusiyanın iş adamları, görkəmli mədəniyyət xadimləri və diasporumuzun üzvləri iştirak etmişlər.

Mərasimi giriş sözü ilə açan Səfir Polad Bülbüloğlu hər kəsi salamlamış, tədbirin təşkilatçılarına belə gözəl sərginin təşkilinə görə dərin təşəkkürünü bildirmişdir. Moskvanın mərkəzi Arbat küçəsində əsl Bakı ruhunun hiss olunduğunu, iki şəhər arasında sıx mədəni və insani əlaqələrin mövcudluğunu qeyd edən Polad Bülbüloğlu, bir azərbaycanlı və ölkəmizin Rusiyadakı səfiri kimi xalçalardan ibarət gözəl kolleksiyanı izləməkdən məmnunluğunu bildirmişdir. “Xalça – Azərbaycanın milli sərvətidir” – deyən Səfir xalçaçılığın əsrlərlə ölkəmizin bütün bölgələrində inkişaf etdiyi barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd etmişdir ki, Azərbaycan xalçaları dünyanın ən məşhur muzeylərində, o cümlədən Londonun Viktoriya və Albert Muzeyindən başlayaraq şəxsi kolleksiyalara qədər layiqli yer tuturlar.

Polad Bülbüloğlu xalçanın onu toxuyan ürəklərin və əllərin istiliyini saxladığını, toxunulduğu ölkəni təmsil etdiyini vurğulamışdır. Bugünkü mərasimin təkcə xalça sərgisi deyil, eyni zamanda Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərin göstəricisi olduğunu söyləmişdir. Həmçinin Səfir qeyd etmişdir ki, bu gün xalçaçılıqda ənənəvi üsullar qorunub saxlanılır, yeni və daha müasir yanaşma hiss olunur. Azərbaycanda müxtəlif qədim xalçaçılıq məktəblərinin fəaliyyət göstərdiyini, onların qorunub saxlanılması, eyni zamanda bu sənətin müasirləşdirilməsinin vacibliyini vurğulayan ölkəmizin Səfiri, təşkilatçılara uğurlar və yeni nailiyyətlər arzulamışdır.

Sonra çıxış edən Emin Məmmədov Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalçalarının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edildiyini qeyd etmişdir. Sərgidə əsasən əl işi olan Qarabağ xalçalarının nümayiş olunduğunu bildirən sədr “Azərxalça”nın yeniliklərə və maraqlı təkliflərə açıq olduğunu, dizaynerlərdən maraqlı əməkdaşlıq təklifləri gözlədiyini vurğulamışdır.

“Detali” ali dizayn məktəbinin direktor müavini İrina Perxova belə bir tədbirdə iştirak etməkdən şərəf duyduğunu, sərgi zamanı nümayiş etdirilən Azərbaycan xalçalarına qonaqlar tərəfindən göstərilən marağın, onların heyrətamiz ornamentlərinin dizaynerlər üçün ilham mənbəyinin olacağını xüsusi ilə qeyd etmişdir.

“Ginza Project” holdinqin baş direktoru Maksim Polzikov çıxış edərək, “Caspian”ın Moskvada Azərbaycanın əsl mədəniyyət mərkəzinə və gələcəkdə bir çox gözəl tədbirlərin keçirildiyi məkana çevriləcəyinə ümid etdiyini bildirmişdir.  

Tədbir iştirakçılarına klassik və müasir xalça kolleksiyalarından ibarət 56 xalça təqdim edilmişdir. Xüsusi gecədə Rusiyanın tanınmış 50 dizayneri iştirak etmişdir. Sərginin əsas məqsədi Azərbaycan xalçalarını nüfuzlu dizaynerlərin diqqətinə çatdırmaq, onlarla əməkdaşlıq üçün zəmin yaratmaq olmuşdur.

Gecənin rəsmi hissəsi Azərbaycan xalçalarından ibarət ümumi sərgidən, “Azərbaycan xalçalarının yeni həyatı” adlı təqdimatdan və Azərbaycan xalçalarının toxunma prosesini izah edən ustad dərsindən ibarət olmuşdur.

Rəsmi hissədən sonra qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri, milli şərabları, sənətçilər Riad Məmmədov və Aslan Əhmədovun ifasında konsert proqramı təqdim olunmuşdur. 

 

Arxiv üzrə axtarış