2021-12-17

Cari ilin 17 dekabr tarixində Səfir Polad Bülbüloğlu Qananın Rusiyadakı Səfiri Lesli Akyəa Opoku-Vareni onun xahişi əsasında qəbul etmişdir

Cari ilin 17 dekabr tarixində Səfir Polad Bülbüloğlu Qana Respublikasının Rusiya Federasiyasındakı Səfiri Lesli Akyəa Opoku-Vareni onun xahişi əsasında qəbul etmişdir.

Görüşdə Polad Bülbüloğlu xanım Opoku-Vareni yenidən Rusiyaya Fövqəladə və Səlahiyyətli Səfir vəzifəsinə təyin edilməsi münasibəti ilə təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Azərbaycanın Səfiri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən Vətən müharibəsində əldə etdiyi parlaq zəfər nəticəsində regionda yaranmış yeni vəziyyət haqqında söz açmış və hazırda işğaldan azad edilmiş ərazilərdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə həmsöhbətinə ətraflı məlumat vermişdir.

Xanım Səfir Azərbaycan xalqını 30 ilə yaxın davam edən işğala son qoyması və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi münasibəti ilə təbrik etmişdir.

Həmçinin Qana Səfiri Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyini xüsusilə qeyd edərək, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirmişdir.

Eyni zamanda xanım Opoku-Vare ölkəsinin Qərbi Afrika dövlətlərinin İqtisadi Birliyində sədrliyini və Afrika Kontinental Azad Ticarət Zonasının katibliyinin paytaxt Akkra şəhərində yerləşdiyini nəzərə alaraq Qana ilə Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu vurğulamışdır.

Öz növbəsində Polad Bülbüloğlu həmkarının Qana ilə əməkdaşlığın genişləndirilməsi fikri ilə razılaşmış və bu sahədə lazımi birgə tədbirlərin görülməsinin vacibliyini önə çəkmişdir.

Görüşün sonunda Azərbaycanın Səfiri qanalı həmkarına Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Zəfər salnaməsi” kitabını hədiyyə etmişdir.

Xanım Opoku-Vare maraqlı və faydalı görüşə görə öz təşəkkürünü bildirmişdir.

Arxiv üzrə axtarış