2022-01-20

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı

Bu gün Moskvada Qara Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu, Səfirliyin və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, Rusiya ictimaiyyətinin nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və diaspor təmsilçiləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Səfirliyin binasında yerləşən barelyefi və Səfirliyin əsas girişindəki 1990-cı il faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş bannerin önünə gül dəstələri qoymuşlar.

Daha sonra Səfir Azərbaycan və Rusiya KİV-lərinə müsahibə vermiş və həmin faciədən danışarkən qeyd etmişdir ki, yanvarın 19-dan 20-nə keçən gecə nüfuzunu itirməkdə olan Sovet İttifaqı rəhbərliyi misli görünməmiş hərəkətə keçərək dinc şəhərə qoşun yeritmişdir. O vurğulamışdır ki, bu, tək qoşunların dinc şəhərə yeridilməsi deyil, bu faciə idi, çünki onlar Bakıda silahsız insanlara, evlərin pəncərələrinə atəş açmış, siyasətlə heç bir əlaqəsi olmayan dinc insanları məhv etmişdirlər. Səfir qeyd etmişdir ki, 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının həyatında dönüş nöqtəsi olmuşdur.

Daha sonra Azərbaycan Respublikasının Səfirliyi və Heydər Əliyev Fondunun nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bakıda törədilmiş 20 yanvar faciəsinə həsr olunmuş onlayn konfrans keçirilmişdir.

Konfransda Səfir Polad Bülbüloğlu, Azərbaycan Milli Məclisinin deputatı Nizami Səfərov, İsrail-Azərbaycan “Azİz” beynəlxalq assosiasiyasının prezidenti Lev Spivak, MDBMİ-nin professoru, Azərbaycan Yazıçılar İttifaqının Moskva bölməsinin sədri Abuzər Bağırov, yazıçı Yuri Pompeyev, politoloq Aleksandr Karavayev, şair, Azərbaycan Yazıçılar İttifaqının Moskva bölməsinin katibi İlham Bədəlbəyli, həmçinin Səfirliyin və Heydər Əliyev Fondunun nümayəndəliyinin əməkdaşları, ictimaiyyət, RAGT və Rusiyadakı diaspor təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Səfir tədbir iştirakçılarını salamlayaraq konfransın işində iştirak etdiklərinə görə onlara dərin minnətdarlığını bildirmişdir.

Öz çıxışında Səfir 1990-cı ilin 20 yanvarının Azərbaycan xalqının tarixinin ən faciəli, kədərli, eyni zamanda, rəşadətli səhifələrindən biri olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, 20 Yanvar faciəsinə Dağlıq Qarabağda baş qaldıran separatçı hadisələr təkan vermişdir. Sovet hakimiyyətinin hərəkətsizliyi onsuz da çətin olan vəziyyəti daha da ağırlaşdırmışdır. Məhz bu da Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün çoxdan hazırlıqlara başlamış erməni lobbisinin iddialarını alovlandırmışdır.

Polad Bülbüloğlu onu da qeyd etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün vəzifələrdən uzaqlaşdırıldıqdan sonra ermənipərəst qüvvələr bundan istifadə edərək Ermənistan-Azərbaycan münaqişəsinin, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əsasını qoymuşdurlar.

Səfir sovet ordusunun dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər barədə konfrans iştirakçılarına məlumat vermişdir. O, SSRİ-nin mərkəzi orqanlarının belə qəddar addımının əks effekt verdiyini iştirakçıların diqqətinə çatdırmışdır. İnsanlar hökumətin öz vətəndaşlarını tanklarla əzdiyi ölkədə yaşamağın mümkün olmadığını anlamağa, partiya vəsiqələrini meydanlarda yandırmağa başlamışdırlar. Faciə geriyə yolu olmayan həmin qırmızı xəttə çevrilmişdir. 1990-cı ilin qanlı 20 yanvar gecəsi xalqın iradəsini qırmağın mümkün olmayacağı baxımından çox mühüm əhəmiyyət kəsb etmişdir. Çoxsaylı qurbanlar oldu, qan töküldü, lakin bu, insanlarda gedən proseslərin dönməzliyinə əminliyini daha da artırmışdır.

Bu faciə Azərbaycan xalqının yaddaşında əbədi olaraq həkk olunmuş və bu gün həmin hadisələrlə bağlı bütün həqiqətlərin gələcək nəsillərə çatdırılması olduqca vacibdir. Səfir onu da vurğulamışdır ki, o illərdə ölkəmizin və onun vətəndaşlarının maraqlarını qorumağa qadir bir lider olmamışdır.

Moskvadakı Səfirliyin binası Azərbaycan xalqı üçün xüsusilə əzizdir. Məlum olduğu kimi, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə hal-hazırda Azərbaycan səfirliyinin yerləşdiyi binaya gələrək xalqı ilə bir yerdə olduğunu nümayiş etdirmiş, o zaman Azərbaycanın düşdüyü informasiya blokadasını yarmış, mətbuat konfransında siyasi bəyanatla çıxış etmiş, bu vəhşiliyi kəskin şəkildə pisləmiş, dinc silahsız insanların qətliamına hüquqi qiymət vermiş, günahkarların cəzalandırılmasını tələb etmişdir. Onun cəsarətli çıxışı sayəsində dünya ictimaiyyəti faciə ilə bağlı həqiqəti öyrənmiş və SSRİ-nin o vaxtkı rəhbərlərinin törətdikləri cinayətin pislənməsi ilə bağlı prinsipial mövqe sərgiləmişdir. O zaman totalitar rejim şəraitində sistemə meydan oxuyan özünü çox ağır fəsadlara məhkum etmiş olurdu, lakin Heydər Əliyev bundan qorxmamışdır. Belə bir addım böyük cəsarət və şücaət tələb edirdi.

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra Milli Məclisin 1994-cü ilin fevralında keçirilmiş növbədənkənar sessiyasında 1990-cı il 20 Yanvar faciəsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilmiş və aparılmış müzakirələr nəticəsində “1990-cı il 20 yanvar Bakı şəhərində baş vermiş faciəli hadisələr haqqında” Qərar qəbul edilmişdir.

Yanvar faciəsindən 32 il keçməsinə baxmayaraq, bu, hələ də BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin müddəalarının kobud şəkildə pozulmasıdır, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan bu hadisəyə beynəlxalq siyasi-hüquqi qiymətləndirmə hələ də verilməmişdir. Beynəlxalq hüquqa əsasən, bu cür hadisələr insanlığa qarşı cinayət kimi tövsif edilməli, onun təşəbbüskarları və icraçıları məsuliyyətə cəlb edilməlidirlər.

Polad Bülbüloğlu xüsusilə vurğulamışdır ki, bu gün Azərbaycan xalqı, Azərbaycanın indiki rəhbərliyi Sovet İttifaqının mərkəzi hakimiyyətinin o zamankı əməllərini müasir demokratik Rusiya ilə əlaqələndirmir.

Səfir xüsusi iftixar hissi ilə qeyd etmişdir ki, bu gün Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhları rahatlıq tapmışdırlar. Rəşadətli ordumuz 30 ildən sonra bütün Azərbaycan xalqını bir dəmir yumruq kimi birləşdirməyi bacaran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzunmüddətli münaqişəyə son qoymuş, əzəli torpaqlarımızı erməni işğalından azad etmişdir.

Polad Bülbüloğlu vurğulamışdır ki, bu gün Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, burada kommunikasiya xətlərinin, yolların çəkilməsi istiqamətində genişmiqyaslı işlər aparılmaqdadır. Füzuli rayonunda qısa müddətdə beynəlxalq hava limanı tikilib istifadəyə verilmiş, Laçın və Zəngilan rayonlarında da daha iki hava limanının tikintisi nəzərdə tutulmuşdur. Eyni zamanda Şuşa şəhərinə aparan “Zəfər yolu” çəkilmişdir.

Səfir Şuşada uğurla keçirilən “Xarı Bülbül” musiqi festivalı, yenidənqurmadan sonra dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərəsinin və Bülbülün ev-muzeyinin açılışından da danışmışdır. Ölkə rəhbərliyi tərəfindən Qarabağa dinc həyatın tezliklə qayıtması üçün bütün imkanlardan istifadə edilir.

Konfransda çıxış edən Nizami Səfərov iştirakçıların diqqətinə çatdırmışdır ki, bu faciə hələ 1973-cü ildə keçmiş Sovet İttifaqı tərəfindən ratifikasiya edilmiş Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin kobud şəkildə pozulmasıdır. Onun fikrincə, bu, insanlığa qarşı cinayət kimi tövsif edilməlidir, çünki belə cinayətlər müasir beynəlxalq hüquqda əsas cinayətlərdən biri sayılır və həm milli səviyyədə, həm də beynəlxalq cinayət hüququ çərçivəsində Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə olunur. Nizami Səfərov qeyd etmişdir ki, belə cinayətlərin iddia müddəti yoxdur və bütün günahkarlar gec-tez cəzalarını alacaqlar.

Aleksandr Karavayev 1990-cı ilin faciəli hadisələrinə toxunaraq, belə faciəvi ssenarilərin qarşısının alınması üçün sovet sisteminin keçmiş sovet respublikalarında real vəziyyəti əsaslı şəkildə qiymətləndirmək, mövcud hala operativ və adekvat reaksiya vermək iqtidarında olmadığını vurğulamışdır.

Çıxış edən digər natiqlər Lev Spivak, Abuzər Bağırov, Yuri Pompeyev və İlham Bədəlbəyli qanlı gecə ilə bağlı şəxsi xatirələri ilə bölüşmüşdürlər. Dinc əhalinin öldürülməsinin dəhşətliliyini, bütün günahkarların cəzalandırılmasının və onların mənəvi qınanılmasının vacibliyini vurğulamışdırlar. Həmçinin qeyd olunmuşdur ki, 1990-cı ilin 20 yanvar hadisələri bütün Azərbaycan xalqını öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə birləşdirmişdir. Həmçinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqını tarixi qələbə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etmiş, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinin aparıldığını vurğulamışlar.

Konfransın sonunda İlham Bədəlbəyli müəllifi olduğu 20 yanvar qurbanlarına həsr edilmiş şeirini oxumuşdur.

Arxiv üzrə axtarış