2022-03-31

31 mart 2022-ci il tarixində Səfirlik tərəfindən 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş beynəlxalq onlayn konfrans təşkil olunmuşdur

31 mart 2022-ci il tarixində  Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş beynəlxalq onlayn konfrans təşkil olunmuşdur.

Tədbirdə Milli Məclisin deputatları Nizami Səfərov və Adil Vəliyev, tarixçi Zurab Kanançev, Moskva Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Nizami Məmmədov, «STMEGİ» dağ yəhudiləri beynəlxalq xeyriyyə fondunun sədr müavini David Mardexayev, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin əməkdaşları, eləcə də Rusiya ictimaiyyəti və Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.  

Azərbaycanın Səfiri Polad Bülbüloğlu konfransı giriş sözü ilə açaraq, belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd etmiş və vurğulamışdır ki, Azərbaycan tarixinin unudulmaz səhifələri siyahısında 31 mart –Azərbaycanlıların Soyqırımı Günündən daha hüznlü tarix tapmaq çox çətindir.

Dahi siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanla 31 mart rəsmi olaraq hüzn günü elan edilmişdir.

Bu tarixdə Azərbaycanda və xarici ölkələrdə çoxsaylı günahsız qurbanların xatirəsinə həsr olunmuş kütləvi tədbirlər keçirilir.

30 dekabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti 20-ci əsrin əvvəlinə aid edilən kütləvi məzarlığın aşkar edildiyi Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam imzalamışdır. Bu, əlamətdar siyasi qərar idi, çünki müasir dövrdə bu məlumatın dünya ictimaiyyətinə çatdırılması həddən artıq vacibdir, və bu gün Azərbaycan Prezidenti tərəfindən Azərbaycan tarixinin faciəvi səhifələrinin əbədiləşdirilməsi istiqamətində böyük miqyasda işlər aparılır. Bu işlərin nəticəsində Avropa İttifaqı ilk dəfə Birinci Qarabağ müharibəsində itkin düşmüş 71 uşaq, 267 qadın və 326 ahıl olmaqla, 4 min Azərbaycan vətəndaşı haqqında məsələni gündəliyinə daxil etmişdir.

Məlum olduğu kimi, Xocalı hadisələrindən çox əvvəl Əsgəran, Qafan, Gümrü, Zəngibasar, Quqark, Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdabanda faciəvi hadisələr baş vermişdir. Bu adların hər birinin arxasında Azərbaycanlı olduqları üçün öldürülən onlarla və yüzlərlə günahsız dinc sakinlər durur.

Təxminən bir neçə gün əvvəl bu siyahıya daha bir neçə kəndin adı əlavə olundu. Fərrux kəndində Azərbaycan ordusunun mövqelərində aparılan mühəndis işləri zamanı Birinci Qarabağ müharibəsi zamanı erməni separatçılarının cinayətlərini təkzibedilməz şəkildə sübut edən insan qalıqları aşkar edilmişdir. Keçən il Kəlbəcər rayonunun Başlıbel kəndində 12 dinc sakinin – qadın, uşaq və yaşlıların qalıqları tapılmışdır. Növbəti faciə Xocavənd rayonunun Edilli kəndində baş vermiş, torpaqlarımızı azad etdikdən sonra orada kütləvi məzarlıq müəyyən olunmuşdur.

Məlumdur ki, Azərbaycan çoxmillətli dövlətdir, azərbaycanlılar isə Azərbaycan torpaqlarında yaşayan bütün millətlərin nümayəndələri ilə birgə yaşamağı və yaratmağı bacaran sülhsevər, tolerant xalqdır. Lakin tariximizdə elə hadisələr vardır ki, onlara münasibətdə tolerant olmaq mümkün deyil və onlar unudulmamalıdır. Məhz buna görə də biz 31 mart tarixini günahsız yerə öldürülən həmyerlilərimizin anım günü kimi xatırlamalı və ehtiramla yad etməliyik.

Nizami Səfərov qeyd etmişdir ki, azərbaycanlıların soyqırımı mahiyyət etibarilə Ermənistanın 200 ildən artıq müddətdə həyata keçirdiyi etnik təmizləmə siyasətinin məntiqi davamı olmuşdur. Bu problemə bu gün beynəlxalq hüquq və ayrı-ayrı ölkələrin milli qanunvericiliklərində müşahidə olunan  müasir tendensiyaların kontekstində beynəlxalq hüquq bucağından baxmaq vacibdir.

Deputat vurğulamışdır ki, Azərbaycanın müasir tarixində Azərbaycan xalqı çoxsaylı soyqırım və etnik təmizləmə faktları ilə qarşılaşmışdır. Bu, Xocalı faciəsidir. Lakin məhz Xocalı soyqırımı məsələsində, Azərbaycan ərazisində baş verən hərbi cinayətlər, bəşəriyyətə qarşı cinayətlər məsələlərində biz ikili standartların şahidi olmuşuq.

Tədbirdə çıxış edən David Mardexayev qeyd etmişdir ki, 31 mart tarixi yalnız Azərbaycan xalqı üçün deyil, bütün bəşəriyyət üçün kədərli tarixdir. Bu tarixə uzun illər siyasi və hüquqi qiymət verilməmişdir. 104 il əvvəl baş vermiş hadisə 20-ci əsrdə Qafqazda törədilən kütləvi qətliamlar sırasında xüsusi qəddarlığı və qeyri-insani olması ilə seçilir.

O, geniş maarifləndirmə işinin aparılmasının, bütün cinayət faktlarının öyrənilməsinin və onların ictimailəşdirilməsinin vacibliyini qeyd etmişdir. Məqalələr və kitablar dərc olunmalı, sənədli və bədii filmlər çəkilməlidir.

David Mardaxeyev respublikanın bütün sakinləri kimi Azərbaycandan olan yəhudi icmasının nümayəndələri üçün 31 mart  tarixinin  anım və hüzn günü olduğunu xüsusi olaraq qeyd etmişdir.

Adil Vəliyev öz çıxışında bildirmişdir ki, son 200 il ərzində Azərbaycanın tarixinə şərəfli səhifələrlə yanaşı, faciə və soyqırımla dolu qanlı səhifələr də yazılmışdır. Belə dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında baş vermiş, ermənilər Azərbaycan xalqına qarşı amansız soyqırım həyata keçirmiş, on minlərlə azərbaycanlı yalnız öz milli mənsubiyyətinə görə öldürülmüşdür. Adil Vəliyev erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bütün vəhşiliklər haqqında bəhs edərək vurğulamışdır ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu Vətən müharibəsində döyüş meydanında çaldığı qələbə ilə bütün bu cinayətlərə layiqli cavab vermişdir. 30 illik işğala son qoyulmuş və ərazi bütövlüyümüz bərpa olunmuşdur.

Zurab Kanançev bildirmişdir ki, faciəli günlərdə baş verən bütün hadisələr tarixi keçmişə əsaslanırdı. Təmsilçisi olduğu udin xalqı hələ 7-ci əsrdə deetnizasiya, təşkilatlanmağa imkan verilməməsi kimi ciddi problemlərlə qarşılaşmışdır. Udin xalqının Qarabağın və ətraf ərazilərin tarixindən silinməsinə gətirib çıxaran bu fakt və erməniləşdirmə prosesi memarlıq və tarixi keçmişin özününküləşdirilməsi, alban irsinin məhv edilməsi ilə sıx bağlı idi.

Bu proses dini təmizləmə prosesində - Alban kilsəsi məhv edilərək erməni kilsəsinə veriləndə də davam etdirilmişdir. Qədim alban köklərinin mədəni məhvi ilə bağlı olan bu proseslərin ardından bütün Azərbaycan üçün faciəvi şəkildə nəticələnən və dəhşətli faktlarda öz əksini tapan bu gün eşitdiyimiz faciəli hadisələr baş vermişdir.

O, həmçinin vurğulamışdır ki, bu vəhşilikdə əli olan hər kəs cəzalandırılmalıdır. Bu cür cinayətlərin zaman məhdudiyyəti olmur. Azərbaycanda və ondan kənarda yaşayan hər bir udin faciəli hadisələri hüznlə anır və tarixi ədalətin zəfər çalacağına əmindir. Bu gün udin dilində və ya alban dillərində dualar yalnız Heydər Əlyiev Fondu və Azərbaycan rəhbərliyinin sayəsində Oğuzda və digər şəhərlərdə bərpa olunan məbədlərdə deyil, Qarabağ ərazisində, Gəncəsər və Amaras ərazilərində və digər yerlərdə oxunur.

Nizami Məmmədov qeyd etmişdir ki, harada yaşamalarından asılı olmayaraq, bütün azərbaycanlılar üçün bu gün vacib tarixi əhəmiyyət kəsb edir. O, həmçinin bildirmişdir ki, azərbaycanlılar 20-ci əsrdə dəfələrlə soyqırıma məruz qalmışlar və tədbir iştirakçılarına bu faciəyə gətirib çıxaran hadisələrdən, erməni faşizmi ideologiyasından bəhs etmişdir.

O, bu ideyaların həyata keçirilməsində erməni diasporunun rolunu xüsusi olaraq vurğulamışdır. Həmçinin 19-cu əsrin ikinci yarısında yaradılmış və türklərlə mübarizə ideyalarını təbliğ edən “Qnçaq” və “Daşnaksutyun” erməni milliyyətçi partiyalarının təsis olunması və fəaliyyəti haqqında məlumatı konfrans iştirakçılarının nəzərinə çatdırmışdır. Bununla yanaşı, Nizami Məmmədov təəssüflə qeyd etmişdir ki, uzun müddət keçməsinə baxmayaraq, ölkədə hələ də “Dənizdən dənizə” Ermənistanın yaradılması kimi ekspansionist ideyaları üstünlük təşkil edir və bu müddət ərzində mahiyyət etibarilə heç nə dəyişməyib.

İştirakçıların həcmli və əsaslandırılmış çıxışlarını nəzərə alaraq, keçirilmiş konfransın nəticələrinə dair Səfirlik sözügedən çıxışları ayrıca broşür formasında nəşr etməyi planlaşdırır.

Arxiv üzrə axtarış