2022-05-27

Cari ilin 27 may tarixində Müstəqillik günü münasibəti ilə Səfirlik tərəfindən rəsmi qəbul təşkil edilmişdir

Cari ilin 27 may tarixində Müstəqillik günü münasibəti ilə Səfirlik tərəfindən rəsmi qəbul təşkil edilmişdir.

Tədbirdə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko, Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri, Rusiyanın Liberal-demokrat partiyasının sədri Leonid Slutski, Dövlət Dumasının deputatları, Federasiya Şurasının senatorları, Rusiya Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri, Rusiya ictimaiyyətinin, elmi dairələrinin, Azərbaycan diasporunun nümayəndələri, politoloqlar, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Türkiyənin, Moldovanın, Tacikistanın, Vyetnamın, İslandiyanın, Laos Xalq-Demokratik Respublikasının, Koreya Xalq Demokratik Respublikasının, Monteneqronun, Türkmənistanın, Beninin, Qananın, Malinin səfirləri, digər dövlətlərin yüksək vəzifəli diplomatları iştirak etmişlər.

Tədbir Azərbaycan və Rusiya dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır.

Tədbiri giriş sözü ilə Səfir Polad Bülbüloğlu 104 il əvvəl, 1918-ci ildə Azərbaycan Respublikasının Milli Şurası xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək İstiqlal Bəyannaməsini imzaladığını vurğulamışdır. Qısa müddətdə parlament və hökumətin yaradıldığını, bayraq, himn kimi dövlət atributlarının təsis edildiyini, dövlət quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirildiyini və respublikanın beynəlxalq hüquq sisteminin subyekti kimi tanınması istiqamətində addımların atıldığını diqqətə çatdırmışdır.

Cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratik ənənələrin formalaşmasına böyük təsir göstərmişdir.  

Səfir müasir Azərbaycanın reallığının, ölkəmizin müstəqilliyinin qorunub saxlanmasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışdır.

Sonra, dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük rolu olmuşdur. Yüksək səviyyəli daimi siyasi dialoq sayəsində ötən onilliklər ərzində Azərbaycan-Rusiya əməkdaşlığı nəzərəçarpacaq dərəcədə möhkəmlənmiş və genişlənmişdir, iqtisadi və humanitar sahələrdə bir çox konkret qarşılıqlı faydalı layihələrlə zənginləşmişdir.

Bu xüsusda Polad Bülbüloğlu qeyd etmişdir ki, otuz il əvvəl, 1992-ci il aprelin 4-də Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulması haqqında Protokol imzalanmışdır. Məhz bu tarixdən ölkələrimiz arasındakı münasibətlərin tarixində yeni səhifə açılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin fevral ayında Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümü ilə eyni vaxta düşmüşdür. Sözügedən hərtərəfli sənəd Azərbaycan-Rusiya münasibətlərini keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmış, böyük ikitərəfli hüquq bazasının kvintessensiyasıdır.

Çıxışının davamında Səfir ölkələrimizin beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığını da qeyd etmiş, burada bir çox məsələlərdə, o cümlədən regional təhlükəsizliyin və sabitliyin təmin edilməsində yanaşmalarımız yaxın olduğunu söyləmişdir. Hər iki ölkə Cənubi Qafqazda uzunmüddətli regional təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsində maraqlıdır.

Rusiya Federasiyasının 70-dən çox subyektini ehtiva edən birbaşa regionlararası əlaqələr dinamik inkişaf edir.

Həmçinin Səfir xalqlarımızın ümumi tarixi talelərini, iki əsrdən artıq müddəti əhatə edən dialoqda davamlılığı qorumaq istəyini və özünə xas mədəniyyətlərimizin qarşılıqlı əlaqələndirilməsini əks etdirən humanitar sahədə əməkdaşlığı məmnunluqla qeyd etmişdir. Həm dövlətlərimizdə, həm də onun hüdudlarından kənarda geniş şəkildə tanınan, Azərbaycan və Rusiya prezidentlərinin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu burada əsas təşkil edir.

Polad Bülbüloğlu qeyd etmişdir ki, Azərbaycanın 20 faiz ərazisinin uzun müddət Ermənistan tərəfindən işğalı regional inkişafa və əməkdaşlığa əngəl törətmiş, normal həyata mane olan böyük gərginlik yaratmışdır. Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-də növbəti hərbi təcavüzə cavab və BMT Nizamnaməsinə uyğun olaraq Azərbaycan özünün müdafiə hüququ çərçivəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək və təcavüzkarı sülhə məcbur etmək məqsədilə əks-hücum hərbi əməliyyatı başlamışdır. Bütün Azərbaycan xalqı, rəşadətli ordumuz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bir dəmir yumruqda birləşərək yüksək döyüş məharəti nümayiş etdirmiş və uzunmüddətli münaqişəyə son qoymuşdur. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı və bu razılaşmanın davamı olaraq qəbul edilən 2021-ci il 11 yanvar və 26 noyabr tarixli bəyanatları regionda davamlı sülh və sabitliyin formalaşmasına yol açmış, eləcə də regional əməkdaşlıq üçün imkanları xeyli genişləndirmişdir.

Ərazilərimizin işğaldan azad edilməsi Ermənistanın işğal etdiyi torpaqlarda onilliklər ərzində həyata keçirdiyi geniş qanunsuz fəaliyyəti üzə çıxarmışdır. Bura irimiqyaslı mədən hasilatı, tarixi mədəni və dini irsin məqsədyönlü şəkildə məhv edilməsi və mənimsənilməsi, təbii sərvətlərin talan edilməsi və infrastrukturun dağıdılması daxildir. Ağdam, Füzuli kimi iri şəhərlər tamamilə dağıdılmış, xeyli sayda kənd yer üzərindən silinmişdir. Bölgədəki 67 məsciddən 62-si tamamilə dağıdılmışdır. Bu gün dövlətimizin başçısının tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə görünməmiş sürətlə iri miqyaslı bərpa və quruculuq işləri aparılır. Ambisiyalı layihələr həyata keçirilir. 8 ay ərzində Füzuli şəhərində beynəlxalq hava limanı inşa edilmişdir. Bir sözlə, Qarabağa normal həyat qayıdır.

Sonda Polad Bülbüloğlu bildirmişdir ki, Azərbaycan üçün Rusiya ilə tərəfdaşlıq əlaqələri aydın, proqnozlaşdırıla bilən və məqsədyönlü strateji perspektiv daşıyır. Bunun üçün də liderlərimizin böyük potensialı və iradəsi vardır.

Daha sonra Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko çıxış etmişdir.

Çıxışında rusiyalı diplomat bildirmişdir ki, müasir Azərbaycan dinamik inkişaf edən, siyasi və iqtisadi sahədə, regional və beynəlxalq məsələlərdə Respublikanın nüfuzunun möhkəmləndirilməsində heyrətamiz uğurlar qazanmış dövlətdir.

Andrey Rudenko, həmçinin vurğulamışdır ki, Cümhuriyyətin bugünkü nailiyyətlərinin əsasını məhz Heydər Əliyev qoyub. Bu müdrik dövlət xadimi və siyasətçinin xatirəsi Rusiyada dərin ehtiramla yad edilir və Heydər Əliyevin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində xidmətləri yüksək qiymətləndirilir. Ümummilli liderin müəyyənləşdirdiyi kurs isə bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Həmçinin rusiyalı diplomat tədbirdə toplaşmış qonaqların diqqətinə çatdırmışdır ki, bu il Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi geniş qeyd edilir. Nazir müavini Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin gələcək illər üçün ikitərəfli münasibətlərin inkişafı vektorunu müəyyən etdiyini vurğulayaraq, həmin sənədin müddəalarının həyata keçirilməsinin Rusiya-Azərbaycan tərəfdaşlığının daha da möhkəmlənməsinə hər cəhətdən töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

O, həmçinin vurğulamışdır ki, Rusiya və Azərbaycan xalqlarını əsrlər boyu birləşdirən, əvvəlki nəsillərdən irsən qalan dostluq və qarşılıqlı hörmətin artırılması istiqamətində iş davam etdiriləcəkdir. Regional təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərində sıx əməkdaşlığın həyata keçirildiyi vurğulanmışdır. Bunun əsasında da 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli yüksək səviyyəli bəyanatlar dayanır. Sözügedən razılaşmaların bütün müddəalarının həyata keçirilməsi Cənubi Qafqazın sabitlik və firavanlıq zonasına çevrilməsinin təminatıdır. Natiq Rusiya və Azərbaycanın birgə səyləri ilə iki ölkə arasında müttəfiqlik və mehriban qonşuluq ruhunda çoxşaxəli əlaqələrin daha da möhkəmləndiriləcəyinə, bunun iki dövlətin vətəndaşlarının mənafelərinə tam cavab verdiyinə, Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi məcrasında cərəyan etdiyinə əminliyini ifadə etmişdir.  

Tədbirdə, həmçinin Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr Komitəsinin sədri, Rusiya Liberal Demokrat Partiyasının sədri Leonid Slutski çıxış etmişdir.

Leonid Slutski çıxışında qonaqları bayram münasibətilə təbrik edərək vurğuladı ki, bu gün Prezident İlham Əliyev atası, müasir Azərbaycan dövlətinin qurucusu və yaradıcısı, dahi Heydər Əliyevin fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. O, həmçinin diqqətə çatdırmışdır ki, Prezident İlham Əliyev Azərbaycan üçün gözəl nəticələr əldə edib, ölkəsini müstəqil dövlətə çevirib.

Leonid Slutski əlavə etmişdir ki, bugünkü Azərbaycan çiçəklənən iqtisadiyyatdır, həm onun daxilində, həm də xaricdə möhtəşəm mədəni-humanitar layihələr keçirilir. Bu kontekstdə partiya sədri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın fəaliyyətini xüsusilə qeyd etmişdir.

Eyni zamanda bildirmişdir ki, bu gün Heydər Əliyev Prezident İlham Əliyevin öz işini necə davam etdirdiyi, Azərbaycanın necə çiçəkləndiyi, bütün ölkənin necə dəyişdiyi, bir çox layihələrin uğurla həyata keçirildiyi ilə fəxr edə bilər.

Leonid Slutski bu gün Rusiyanın Azərbaycan kimi etibarlı tərəfdaşlarının az olduğunu vurğulamış, bu tərəfdaşlığın bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar üçün Azərbaycan mətbəxinin ləziz təamlarından ibarət ziyafət təşkil olunmuşdur.

Arxiv üzrə axtarış