2022-07-27

Səfir Polad Bülbüloğlu Sudanın Rusiyaya yeni təyin edilmiş Səfirini onun xahişi ilə qəbul etmişdir

Cari ilin 27 iyul tarixində Səfir Polad Bülbüloğlu Sudan Respublikasının Rusiya Federasiyasına yeni təyin edilmiş Səfiri Məhəmməd Elqazali Eltijani Sirracı onun xahişi ilə qəbul etmişdir.

Görüş əsnasında ölkəmizin Səfiri sudanlı həmkarını təyinatı münasibətilə təbrik edərək ona vəzifəsində müvəffəqiyyətlər arzulamışdır. Bundan əlavə Moskvada akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti, təşkil edilən çoxsaylı görüş və mədəni tədbirlər barədə məlumatlandırmışdır.

Azərbaycanın Sudanla münasibətlərinə toxunaraq ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün imkanların olduğunu bildirmiş, bu xüsusda turizm, elm, təhsil və mədəniyyət sahələrində, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır.

Azərbaycanın Səfiri həmkarını Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi, aparılmış danışıqlar prosesi, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və digər beynəlxalq təşkilatlar çərçivəsində münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərin mahiyyəti haqqında məlumatlandıraraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə haqda danışmış, Azərbaycanın öz suveren torpaqları naminə vuruşduğunu, beynəlxalq hüququn, haqq və ədalətin ölkəmizin tərəfində olduğunu qeyd etmişdir. Eyni zamanda münaqişəyə son qoymuş məlum üçtərəfli Bəyanatın müddəaları və postmünaqişə dövrü, azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə də qarşı tərəfə ətraflı məlumat vermişdir.

Polad Bülbüloğlu Sudan Respublikası Milli Assambleyasının xarici əlaqələr komitəsi tərəfindən 1 sentyabr 2014-cü il tarixində 1992-ci ilin fevralında Xocalı şəhərində mülki Azərbaycan əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınmasına görə təşəkkür etmiş, bu tarixi addımın ölkəmiz üçün əhəmiyyətini önə çəkmişdir. Ümumiyyətlə, Sudan tərəfindən Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq təşkilatlar çərçivəsində dəstəklənməsini yüksək qiymətləndirmişdir.

Görüşdə regionda baş verən proseslər və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Məhəmməd Sirrac öz növbəsində ölkəsi üçün Azərbaycanın yaxın dost dövlət olduğunu bildirmiş, Sudanın da separatizm meylləri ilə üzləşdiyinə diqqət çəkərək, Azərbaycanı yaxşı anladıqlarını söyləmiş və bundan sonra da istənilən beynəlxalq platformada eyni mövqedən çıxış edəcəklərini vurğulamışdır. 

Sonda Sudandan olan qonağa Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitabları hədiyyə edilmişdir.

Cənab Sirrac maraqlı və məhsuldar görüşə görə Səfir Polad Bülbüloğluna təşəkkürünü bildirmişdir.

Arxiv üzrə axtarış