2022-11-25

Cari ilin 25 noyabr tarixində Səfir Polad Bülbüloğlu Qvineya-Bisau Respublikasının Rusiyaya yeni təyin olunmuş Səfirini onun xahişi ilə qəbul etmişdir

Cari ilin 25 noyabr tarixində Səfir Polad Bülbüloğlu Qvineya-Bisau Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş Səfiri Alfredu Kriştovau Qomeş Lopeşi onun xahişi ilə qəbul etmişdir.

Qonaq görüşə görə Azərbaycanın Səfirinə təşəkkürünü bildirərək ölkəmiz haqqında müsbət fikirlərini söyləmiş və öz ölkəsinin Bakıda təhsil almış mütəxəssislərinin Azərbaycandakı qonaqpərvərlik barədə xoş təəssüratları ilə bölüşmüşdür.

Azərbaycanın Səfiri həmkarını təyinatı münasibəti ilə təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Moskvada akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti, təşkil edilən görüş və mədəni tədbirlər barədə qarşı tərəfi məlumatlandırmışdır.

Azərbaycan-Qvineya-Bisau münasibətləri haqqında söz açan səfirlər, bir çox sahələrdə, o cümlədən turizm, təhsil sahələrində əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edərək, Qvineya-Bisaudan olan tələbələrin Azərbaycanın akademiya və universitetlərində təhsil almaq üçün hər cür imkan və şəraitin mövcudluğunu vurğulamışdırlar.

Polad Bülbüloğlu Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi, uzun illər aparılmış və heç bir fayda verməyən danışıqlar prosesi, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və digər beynəlxalq təşkilatlar çərçivəsində münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərin mahiyyətindən bəhs edərək, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə haqqında danışmış, Azərbaycanın öz suveren torpaqları naminə vuruşduğunu və belə halda beynəlxalq hüquqa, haqq-ədalət prinsiplərinə əsaslanaraq beynəlxalq təşkilatlarda düzgün mövqelərə dəstək verməyin vacib olduğunu bildirmişdir. Eyni zamanda postmünaqişə dövrü, azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat vermiş və Qvineya-Bisau Səfirini işğaldan azad edilmiş ərazilərimizə dəvət etmişdir.

Alfredu Lopeş yaxın zamanda Azərbaycanda Səfir kimi akkreditasiya olmaq üçün addımlar atacağını vurğulamışdır.  

Görüşdə regionda baş verən proseslər və maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

Sonda qonağa Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilmişdir.

Arxiv üzrə axtarış