2022-12-10

Cari ilin 10 dekabr tarixində Səfirlik tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir təşkil edilmişdir

Tədbirdə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Federasiyasının Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri, Liberal-Demokratik partiyasının sədri Leonid Slutski, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Rusiya Federasiyasının xarici işlər nazirliyinin rəsmiləri, Rusiya Federasiyasındakı diplomatik korpusun, Rusiya ictimaiyyətinin nümayəndələri, Heydər Əliyev Fondunun nümayəndəliyinin əməkdaşları, Azərbaycanlı Gənclər Təşkilatının fəalları, diaspor təşkilatlarının üzvləri və Moskvada Heydər Əliyevlə birgə işləmiş sabiq silahdaşları iştirak etmişdirlər.

Foyedə Ulu Öndərin həyatından bəhs edən fotosərgi təşkil olunmuş, kitablar nümayiş etdirilmişdir.

Tədbiri giriş sözü ilə açan Səfir Polad Bülbüloğlu qeyd etmişdir ki, Heydər Əliyev hələ sovet dövründə respublikaya rəhbərlik etməyə başlayandan sonra öz prinsipiallığı, səriştəsi və dərin biliyi sayəsində qısa müddət ərzində Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikaları sıralarına çıxarmışdır.

Azərbaycanın Səfiri Heydər Əliyevin keçdiyi zəngin həyat yolundan, ümummilli liderin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi 30-dan çox nazirliyə rəhbərlik etməsindən, ölkə üçün necə böyük işlər gördüyü barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Xüsusilə vurğulamışdır ki, Baykal-Amur magistral xəttinin tikintisi məhz Heydər Əliyev tərəfindən nəzarətə götürüldükdən sonra geniş vüsət almışdır.

Heydər Əliyev “Admiral Naximov” gəmisinin çoxlu sayda insanın ölümü ilə nəticələnmiş qəzasının səbəblərini araşdıran komissiyanın rəhbəri olarkən faciəyə məruz qalmış hər bir ailənin üzvünü şəxsən qəbul etmiş, onların problemlərin həllinə xüsusi diqqət yetirmişdir.

Polad Bülbüloğlu qonaqların diqqətinə çatdırmışdır ki, ümummilli lider 1993-cü ildə Azərbaycan xalqının dəvəti ilə Naxçıvandan Bakıya qayıtmış və vətəndaş müharibəsi, tamamilə dağılmaq ərəfəsində olan müstəqil Azərbaycana rəhbərlik etməyə başlamışdır. Bu çətin vəziyyətdə o, böyük nüfuzu, bacarığı və təcrübəsi sayəsində çox qısa müddətdə respublikada stabilliyi bərpa edə bilmiş və ölkə beynəlxalq aləmdə öz layiqli yerini tutmuşdur.

Heydər Əliyev memarlıq təhsili alsa da, memar olmamışdır. O, sözün daha geniş və müqəddəs mənasında memar - doğma Azərbaycanın memarı oldu. Səfir əlavə etdi: “Bugünkü Azərbaycan ümummilli liderin əsəridir. Həm də o mənada ki, bu gün respublikaya uğurla rəhbərlik edən belə bir oğul böyütmüşdür”. Səfir xüsusilə bildirmişdir ki, Prezident İlham Əliyev Azərbaycan torpaqlarını işğaldan azad edərək, Azərbaycana Qarabağı, Vətənimizin mirvarisi olan Şuşa şəhərini qaytararaq, Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının arzusunu reallaşdırmış, bununla da öz adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etmişdir.

Çıxışının davamında Polad Bülbüloğlu Zərifə xanım Əliyeva ilə bağlı xoş xatirələrini bölüşmüş və vurğulamışdır ki, Heydər və Zərifə Əliyevlər ailəsində formalaşan Prezident İlham Əliyev bu gün mövcud olan kifayət qədər çətin vəziyyətdə Azərbaycana inamla rəhbərlik edir. O, bütün dünyada təcavüzün hökm sürdüyü, beynəlxalq normalara məhəl qoyulmadığı bir vaxtda vətənimiz üçün doğru olan yeganə yolu tapır.

“Bu gün ümummilli liderin ruhu şaddır, belə ki Azərbaycan 44 günlük Vətən müharibəsində unikal qələbə qazanmışdır”. Bu qələbə öz ölkəsinin azadlığı uğrunda canından keçmiş Azərbaycan övladlarının xidmətidir. “Allah onlara rəhmət eləsin”.

Polad Bülbüloğlu Ulu Öndərin rəhbərliyi altında mədəniyyət naziri işlədiyi illəri yada salmışdır. Heydər Əliyevin mədəniyyəti, onun bütün incəliklərini çox yaxşı bildiyini, onunla işləməyin asan olmadığını vurğulayaraq, ümummilli liderin mədəniyyət nümayəndələrinə həmişə xüsusi diqqətlə yanaşdığını söyləmişdir. Onunla 10 il işləməyin böyük məktəb, dünyanın heç bir universitetində verilməyən diplom olduğunu vurğulamışdır.

Heydər Əliyevin xatirəsi kitablarda, rəsmlərdə, filmlərdə, onu tanıyan hər bir insanın qəlbində əbədi yaşayacaqdır.

Tədbir çərçivəsində Azərbaycanın Xalq Yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədi sevgi" kitabının təqdimatı keçirilmişdir. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin Humanitar Proqramlar şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova çıxışında sözügedən kitabdan sitatlar gətirərək qonaqlara nəşrin müəllifi və onun yaradılma tarixi barədə ətraflı məlumat vermişdir.

Həmçinin qonaqlara ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Daha sonra qonaqlar ehsan süfrəsinə dəvət olunmuşdurlar.

 

Arxiv üzrə axtarış