Yanvarın 20-də Səfirlik tərəfindən 1990-cı ilin 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir təşkil edilmişdir
Tədbirin rəsmi hissəsindən öncə Səfir Polad Bülbüloğlu, Səfirliyin və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, Türkiyə, Qazaxıstan, Özbəkistan və Moldovanın səfirləri, Pakistan, İsrail, Qırğızıstan və Moskvada akkreditə olunmuş digər diplomatik missiyaların diplomatları, Rusiya ictimaiyyətinin, Rusiyanın Azərbaycan Gənclər Təşkilatının (RAGT) və diasporumuzun nümayəndələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Səfirliyin binasında yerləşən barelyefi və 1990-cı il faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş bannerin önünə gül dəstələri qoyaraq o qanlı gecənin qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edən Polad Bülbüloğlu qeyd etmişdir ki, 33 il əvvəl Bakıda dəhşətli faciə baş vermişdir. “Dövlətin öz vətəndaşlarını tanklarla əzməsi, silahsız insanlara atəş açması, dinc şəhərdə dinc insanları məhv etməsini bugünkü nəsil üçün təsəvvür etmək çətindir. Bu hadisələr insanlığa qarşı cinayətdir”. Polad Bülbüloğlu onu da vurğulamışdır ki, başda Mixail Qorbaçov olmaqla Sovet İttifaqının o vaxtkı rəhbərliyi nəhəng bir ölkə üzərində nəzarəti itirməkdə idi ki, nəticədə də Qazaxıstan, Litvada və Gürcüstanda faciəli hadisələr törədilmişdir. Lakin, onlardan ən ağırı Bakıda baş vermişdir. Bir gecədə iki yüzə yaxın insan öldürülmüş, çoxlu yaralanan və itkin düşən olmuşdur. Səfir onu da qeyd etmişdir ki, uzun illər keçəcək, lakin Azərbaycan xalqı şəhidlərimizi həmişə xatırlayacaq və xatirəsini ehtiramla anacaqdır. Bu faciə təkcə Azərbaycan xalqı üçün deyil, bütün bəşəriyyət üçün ciddi dərsdir.
Polad Bülbüloğlu toplaşan tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, 1990-cı il yanvarın 21-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ailə üzvləri ilə birlikdə bu gün Səfirliyin yerləşdiyi binaya gələrək Bakıda baş vermiş faciəvi hadisələri kəskin şəkildə pisləmiş, onlara siyasi qiymət vermiş və bütün günahkarların cəzalandırılmasını tələb etmişdir. Heydər Əliyevin bu addımı böyük cəsarət və cürət tələb edirdi. Belə ki, o vaxt SSRİ-də mövcud olan rejimdə baş verənləri bütün ölkəyə açıq şəkildə bəyan etmək, Mixail Qorbaçov başda olmaqla ölkə rəhbərliyini günahlandırmaq təhlükəli idi. O vaxt heç kim düşünə bilməzdi ki, SSRI dağılacaq və Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik edəcəkdir. Səfir qeyd etmişdir ki, həmin gün Heydər Əliyev azərbaycanlı olaraq öz vətəndaşlıq borcunu yerinə yetirmişdir və bununla da ölkəmizin o vaxt olduğu informasiya blokadasını yarmışdır. Heydər Əliyevin görkəmli və müdrik insan olduğunu vurğulayaraq, onun çıxışının xalqımızda ruh yüksəkliyinə səbəb olduğunu bildirmişdir.
Azərbaycanın Səfiri qeyd etmişdir ki, 1990-cı il 20 Yanvar hadisələri Ermənistanın Azərbaycana ərazi iddiaları fonunda baş vermişdir. 1986-87-ci illərdən başlayaraq Ermənistanda çox sayda yaşayan azərbaycanlıların sistemli şəkildə məcburi deportasiyası başlanmışdır. Bu proses də əhalimizin narazılığına səbəb olmuşdur. 1988-89-cu illərdən başlayaraq Ermənistanın Azərbaycana açıq ərazi iddiaları və Qarabağda özünü büruzə verən separatizm 1990-cı ilin Yanvar hadisələrinə öz mənfi təsirini göstərmişdir.
Polad Bülbüloğlu vurğulamışdır ki, şəhidlərimiz canlarını əbəs yerə verməmişdirlər, bütün azərbaycanlılar üçün yeganə təsəlli bizim Qələbəmizdir. Bu gün Azərbaycan qalib ölkədir! Ölkəmiz öz silahının gücünə, ordumuzun və Ali Baş Komandan, Prezident İlham Əliyevin güclü iradəsinin hesabına işğal olunmuş torpaqlarımızı azad etmişdir. Bütün Azərbaycan xalqı öz Prezidentinin, rəşadətli ordusunun ətrafında birləşmiş və 44 gün ərzində düşməni torpaqlarımızdan qovmuşdur.
Səfir çıxışına yekun vuraraq bildirmişdir ki, 1990-cı il yanvarın 20-də vəhşicəsinə qətlə yetirilən insanlar öz Vətəninin gələcək azadlığı, müstəqilliyi uğrunda canlarından keçmişlər və Azərbaycan xalqı onları heç vaxt unutmayacaq. Onlar Vətən Müharibəsi şəhidləri kimi şəhidlərmizdirlər.
Daha sonra politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov, politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitriy Solonnikov, filologiya elmləri doktoru, MDBMİ-nin professoru, Azərbaycan Yazıçılar İttifaqının Moskva bölməsinin sədri Abuzər Bağırov, jurnalist, publisist Azər Cahangirov, MDU-nun tarix fakültəsinin dosenti, MDU-nun Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev, RAGT fəalları, tələbələr Fatimə Qəhrəmanlı və Tərlan Həmzəyev tədbirdə çıxış etmişlər.
Sergey Markov Azərbaycan xalqına başsağlığı verərək qeyd etmişdir ki, bu hadisələrin baş verməsinin səbəbləri arasında SSRİ-nin o vaxtkı siyasi rəhbərliyinin səhvləri, sovet rəhbərliyi tərəfindən erməni millətçiliyinin o cümlədən Qarabağ işğal prosesinin təşviq edilməsi dayanır.
Abuzər Bağırov, Azər Cahangirov və İsmayıl Ağakişiyev 1990-cı ilin faciəli Yanvar hadisələri ilə bağlı xatirələrini bölüşmüşdürlər. Onlar geniş ictimaiyyətin diqqətinin bu faciəyə cəlb olunması istiqamətində görülən böyük işlərdən ətraflı danışmışlar.
Dmitri Solonnikov çıxışında Azərbaycan və Rusiya tarixinin ortaq səhifələrinə toxunaraq qeyd etmişdir ki, hələ sovet dövründə hamının bir ölkədə yaşadığı dövrdə 20 Yanvar kimi faciəli hadisələrin olacağını təsəvvür etmək çətin idi. Eyni zamanda, bu gün birgə tariximizin səhifələrini xatırlayaraq, iki ölkə arasında dostluğun möhkəmləndirilməsinin zəruri olduğunu vurğulamış və parlaq gələcəyə inamını ifadə etmişdir.
Fatimə Qəhrəmanlı və Tərlan Qəmzəyev bildirmişdirlər ki, bu gün Azərbaycan gəncliyinin əsas vəzifəsi 1990-cı il 20 Yanvar faciəsinin xatirəsini yaşatmaq və gələcək nəsillərə çatdırmaq, həmçinin şəhidlərimizin uğrunda şəhid olduqları azadlığı layiqincə dəyərləndirmək və qorumaqdır.
Tədbirin sonunda şəhidlərin xatirəsinə ehsan verilmişdir.