2023-01-27

Türkiyənin Rusiyadakı Səfiri Azərbaycanın Tehrandakı Səfirliyinə edilmiş teraktla bağlı baş sağlığı vermək və dəstək ifadə etmək üçün Səfirliyə gəlmişdir

Bu gün Türkiyə Respublikasının Rusiya Federasiyasındakı Səfiri Mehmet Samsar Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş silahlı hücumla bağlı baş sağlığı vermək və ölkəsinin dəstəyini ifadə etmək üçün Səfirliyə gəlmişdir.

Keçirilmiş görüş zamanı Səfir Polad Bülbüloğlu türkiyəli həmkarına İrandakı Səfirliyimizə qarşı həyata keçirilmiş məlum hücum haqqında ətraflı məlumat vermiş, bunun terror aktı olduğunu vurğulamış, İran dövlətinin faciə ilə bağlı tam məsuliyyət daşıdığını bildirərək, diplomatik nümayəndəliklərə hücumların qəbuledilməz olduğunu söyləmişdir.

Azərbaycanın Səfiri xüsusilə vurğulamışdır ki, Orxan Əsgərov Moskvadakı Səfirliyimizdə xidmət etmiş və onu şəxsən tanıyırdı. Fəxrlə qeyd etmişdir ki, yaralananlar: Mahir İmanov və qəhrəmanlıq göstərərək terrorçunu zərərsizləşdirən Vasif Tağıyev də Rusiyadakı Səfirlikdə çalışmışdırlar.

Mehmet Samsar türkiyəli diplomatların da tarixən dəfələrlə terror hücumlarına məruz qaldıqlarını vurğulamış, faciə ilə əlaqədar sarsıldıqlarını bildirərək ölkəsinin hücumu qətiyyətlə pislədiyini qeyd etmişdir. Türkiyənin Səfiri qətlə yetirilmiş Orxan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı vermiş, yaralanan Vasif Tağıyev və Mahir İmanova isə şəfa diləmişdir.

Həmçinin görüşdə sözügedən terror hücumunu təşkil edən və törədənin layiqli cəzalarını ən sərt şəkildə alacaqlarına əminlik ifadə edilmişdir.

Səfir Polad Bülbüloğlu göstərdiyi mənəvi dəstəyə görə Mehmet Samsara, Türkiyə dövləti və xalqına təşəkkürünü bildirmişdir.

Arxiv üzrə axtarış