2023-01-31

Cari ilin 30 yanvar tarixində Səfir Polad Bülbüloğlu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşmüşdür

Görüşün əvvəlində rusiyalı diplomat Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş silahlı hücum xəbərindən sarsıldığını bildirmiş, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək, ölkəmizə tam dəstəyini ifadə etmişdir.

Həmçinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə müddəalarının həyata keçirilməsi kontekstində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri, habelə ikitərəfli səfərlər, iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr, müqavilə-hüquq bazasının daha da genişləndirilməsi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının növbəti iclasının, eyni zamanda Rusiyada ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılmışdır.

Saat yarım qarşılıqlı anlaşma şəraitində davam edən görüşdə Səfir Polad Bülbüloğlu gündəlikdə olan və ölkəmizin maraqlarına cavab verən məsələləri qaldırmış, onlarla bağlı Azərbaycanın mövqeyini nazir müavininin diqqətinə çatdırmışdır.   

Bundan əlavə, bir sıra aktual beynəlxalq və regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivləri mövzularına toxunulmuşdur.

Arxiv üzrə axtarış