“Gununsesi.info” saytında dərc edilmiş xəbərlə bağlı
“Gununsesi.info” saytında dərc edilmiş “Polad Bülbüloğlu geri çağırılır” başlıqlı xəbərlə bağlı bildiririk ki, “özəl” kimi təqdim edilən, daha çox oxucu cəlb etmək məqsədini güdən və söz yığınından ibarət yazının heç bir əsası yoxdur.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının səfirlərinin təyinatı məsələsi dövlətimizin başçısının səlahiyyətindədir. Prezidentimiz isə nəyi necə, nə vaxt etmək lazım olduğunu hər kəsdən yaxşı bilir.
Azərbaycanın Rusiyadakı Səfirinin geri çağırılmasını “zəruri edən” “maliyyə pozuntuları” iddiası isə saytın istinad etdiyi mənbənin “zəngin” və xəstə təxəyyülündən xəbər verir. Belə ki, 2006-cı ildən Səfirlikdə aidiyyəti qurumlar tərəfindən bir neçə dəfə aparılmış maliyyə yoxlamalarının sonuncusu 2019-cu ildə həyata keçirilmiş və heç bir ciddi nöqsan aşkarlanmamışdır.
Yalan xəbəri yayan saytın əməkdaşlarının diqqətinə çatdırırıq ki, istənilən məlumatı dərc etməmişdən öncə həmin xəbəri hərtərəfli araşdırmaq lazımdır. Yalnız bu halda “özəl xəbər ünvanı” şüarına layiq ola bilərlər. Əks təqdirdə bu, “yalan xəbər ünvanı” şüarına çevrilə bilər.