2023-04-28

27 aprel 2023-cü il tarixində görkəmli alim, oftalmoloq, Azərbaycan Elmlər Akademiyasının akademiki, professor Zərifə Əliyevanın 100 illiyi ilə bağlı tədbir təşkil edilmişdir

27 aprel 2023-cü il tarixində Səfirlik tərəfindən Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi ilə birgə görkəmli alim, oftalmoloq, Azərbaycan Elmlər Akademiyasının akademiki, professor Zərifə Əliyevanın 100 illiyi ilə bağlı tədbir təşkil edilmişdir.

Mərasimdə Moskvada akkreditə olunmuş diplomatik korpusun, Rusiya ictimaiyyətinin və diasporun nümayəndələri, Rusiyanın Azərbaycan Gənclər Birliyinin üzvləri və Rusiyada təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının xalq artisti Mənsum İbrahimov və “Qaya” qrupu çıxış etmişdirlər.

Tədbiri giriş sözü ilə açan Səfir Polad Bülbüloğlu Zərifə Əliyevanın zəngin və işıqlı ömür yolundan danışmışdır. O, onun bir alim kimi Azərbaycanda oftalmologiyanın inkişafına verdiyi töhfələri qeyd etmişdir. Səfir bildirmişdir ki, ona Zərifə Əliyevanı şəxsən tanımaq nəsib olmuşdur. Zərifə Əliyeva hərtərəfli və parlaq insan idi, musiqini, mədəniyyəti, incəsənəti çox sevirdi, fortepianoda ifa edirdi və gözəl həkim kimi bir çox insanlara kömək edirdi.

Polad Bülbüloğlu vurğulamışdır ki, Zərifə Əliyevanın digər mühüm xüsusiyyəti onun görkəmli dövlət və siyasi xadim, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin həyat yoldaşı olması idi.

Səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bu günlərdə Moskvada bir sıra tədbirlərin keçirildiyini qonaqların diqqətinə çatdırmışdır. Bu xüsusda, BAM-ın tikintisini qeyd etmiş, onun başa çatdırılmasında Heydər Əliyevin həlledici rolunu önə çəkilmişdir.

Polad Bülbüloğlu belə böyük insanın həyat yoldaşı olmağın çox çətin olduğunu vurğulamışdır. Həmçinin Zərifə Əliyeva gözəl ana idi və gözəl övladlar - Sevil xanımı və İlham Əliyevi böyütmüşdür. Onun oğlu - Prezident İlham Əliyev öz adını Azərbaycanın tarixinə qızıl hərflərlə həkk etmişdir. Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqlarını azad etmişdir. Zərifə və Heydər Əliyevlərin ailəsində tərbiyə alan Prezident dünyadakı bütün azərbaycanlıların arzusunu gerçəkləşdirmişdir.  

Çıxış edənlər akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Refraksiya patologiyası və oftalmoerqonomika şöbəsinin müdiri, Azərbaycan Respublikasının Əməkdar Həkimi, professor Rasim Hacıyev və Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin Qelmqolts adına Elmi tibbi Araşdırma Mərkəzinin Refraksiya patologiyası, binokulyar görmə və oftalmoerqonomika şöbəsinin müdiri, tibb elmləri doktoru, professor Yelena Tarutta Zərifə Əliyevanın yüksək professional və insani keyfiyyətlərindən söz açmışdırlar. Qeyd olunmuşdur ki, bu gün də Zərifə Əliyevanın doktorluq dissertasiyasını müdafiə etdiyi institutda onu çox yaxşı xatırlayırlar, böyük təşkilatçı, olduqca istedadlı alim və məqsədyönlü qadın kimi ən xoş sözlərlə anırlar.  

Arxiv üzrə axtarış