2023-05-15

15 may 2023-cü il tarixində ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Moskvada silsilə tədbirlər keçirilmişdir

15 may 2023-cü il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Moskvada Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə bir sıra tədbirlər, o cümlədən “TASS” informasiya agentliyinin qarşısında, Rusiya Dövlət Dumasında, Federasiya Şurasında Ulu Öndərin zəngin həyat yolunu əks etdirən, onun ayrı-ayrı illərdə çəkilən nadir şəkillərinin nümayiş etdirildiyi sərgilər və Moskvanın “Yevropeyskiy” mərkəzində rəsmi qəbul keçirilmişdir.

Tədbirlərdə iştirak etmək üçün Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, deputatlar Mixail Zabelin, Elnur Allahverdiyev, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və digər rəsmi şəxslər Moskvaya səfər etmişlər.

İlk öncə Azərbaycandan gələn nümayəndə heyəti “TASS” informasiya agentliyinin qarşısında təşkil edilən sərgi ilə tanış olmuşlar. Daha sonra Sahibə Qafarova heyətlə birgə agentliyin baş direktoru Sergey Mixaylovla görüş keçirmişdir.

Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin geniş qeyd edilməsinə, göstərilən yüksək diqqətə və sərginin təşkilinə görə qarşı tərəfə təşəkkürünü bildirmişdir. Xalqımız böyük oğlu Heydər Əliyevin xatirəsini həmişə uca tutur və onu minnətdarlıqla xatırlayır.

Sergey Mixaylov və agentliyin əməkdaşları Ulu Öndər Heydər Əliyevin dahi şəxsiyyət kimi misilsiz fəaliyyətindən bəhs etmiş, onun Rusiya-Azərbaycan münasibətlərinin inkişafında oynadığı roldan, SSRİ rəhbərliyində təmsil olunduğu illərdə gördüyü böyük işlərdən danışmışlar.

Görüşdə Səfir Polad Bülbüloğlu, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, deputatlar Mixail Zabelin, Elnur Allahverdiyev və digər rəsmi şəxslər iştirak etmişlər.

Dövlət Dumasında təşkil edilən sərgidə çıxış edən Sahibə Qafarova tədbir iştirakçılarına Ulu Öndər Heydər Əliyevin keçdiyi zəngin həyat yolu haqqında məlumat vermişdir. Onun SSRİ rəhbərliyində çalışarkən ölkə və onun beynəlxalq əlaqələrinin genişlənməsi üçün gördüyü işlərdən danışmışdır. Ümummilli liderin ölkəmizin rəhbərliyinə gəldikdən sonra Azərbaycanda baş vermiş köklü müsbət dəyişikliklərdən söz açmışdır. Heydər Əliyevin Rusiya ilə münasibətlərin inkişafına verdiyi töhfələrə diqqət çəkmişdir. Onun Azərbaycanın müstəqilliyinin bərqərar olunmasında və möhkəmləndirilməsində, beynəlxalq aləmdə nüfuzunun artırılmasında müstəsna rol oynadığını demişdir. Parlamentin spikeri qeyd etmişdir ki, məhz Heydər Əliyevin sayəsində bu gün Azərbaycanda hüquqi, demokratik dövlət qurulmuş və inkişaf edir. Bu gün də Ulu Öndərin zəngin irsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ümummilli liderin bütün vəsiyyətlərinin həyata keçirildiyini söyləmişdir. Bu xüsusda, Milli Məclisin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəsna rolunu vurğulayaraq bildirmişdir ki, onun rəhbərliyi altında postsovet məkanında ən uzun sürən və faciəli münaqişələrdən birinə son qoyulmuşdur. Parlamentin spikeri nəzərə çatdırmışdır ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan öz torpaqlarını erməni işğalından azad edərək, ərazi bütövlüyünü və suverenliyini bərpa edə bilmişdir.

Vyaçeslav Volodin Rusiya-Azərbaycan münasibətlərinin qurulması üçün Heydər Əliyev tərəfindən çox işlər görüldüyünü vurğulamışdır. O xüsusilə qeyd etmişdir ki, SSRİ-nin süqutundan sonra iki ölkə arasında münasibətlər lazımi səviyyədə deyildi və bugünkü münasibətlərin əsasını Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Heydər Əliyev qoymuşdurlar.

Ölkələrimiz arasında inkişaf edən münasibətlər haqda danışan Duma sədri Ulu Öndərin həyatından söz açmış, onun SSRİ-nin inkişafı üçün əhəmiyyətli işlər gördüyünü bildirmişdir. BAM-ın tikintisinin başa çatmasının Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləmişdir. Ümummilli liderin peşəkarlığı, qətiyyəti, möhkəm iradəsi və digər xüsusiyyətləri haqqında danışarkən, Vyaçeslav Volodin bu keyfiyyətlərin ətrafda yalnız hörmət yox, eyni zamanda qısqanclıq da yaratdığını qeyd etmişdir. 1985-ci ildən sonra da məhz belə güclü kadrların aradan götürüldüyünü diqqətə çatdırmışdır. SSRİ Nazirlər Sovetindən ilk gedənlərdən Heydər Əliyev olmuşdur. Çünki Mixail Qorbaçov onu özünə rəqib kimi görürdü. Bu gün də SSRİ-nin dağılmasına gətirib çıxaran səbəbləri araşdırarkən o qənaətə gəlmək olar ki, Heydər Əliyev kimi öz fikri olan, populyar, effektiv insanların SSRİ-nin idarəçiliyindən kənarlaşdırılması səbəbindən ölkə süqut etmişdir. Rusiya Dövlət Dumasının sədri Ulu Öndərin SSRİ rəhbərliyindən kənarlaşdırıldıqdan sonrakı həyatından danışarkən onun ölkəmiz üçün gördüyü işlərdən bəhs etmiş və Heydər Əliyevin müasir Azərbaycanın banisi olduğunu söyləmişdir. 9 may tarixinin ölkəmizdə qeyd olunması Heydər Əliyevin adı ilə bağlıdır. Bununla o, tək gələcəyi yox, eyni zamanda keçmişi, tariximizi önəmsədiyini göstərmişdir.    

Gennadiy Zyuqanov Azərbaycanla əlaqələrindən, ölkəmizin neftinin faşizm üzərində qələbənin qazanılmısında oynadığı əhəmiyyətli roldan, Heydər Əliyevlə tanışlığı, onun Azərbaycanın inkişafı, ölkəmizin rus icması, məktəblərimizdə rus dilinin tədrisi üçün gördüyü mühüm işlərdən söz açmışdır.

Polad Bülbüloğlu çıxışlarında sərginin yüksək səviyyədə təşkilinə görə Rusiya rəhbərliyinə, Dövlət Dumasında sərginin keçirilməsi təşəbbüsünü irəli sürən Dövlət Dumasının sədri Vyaçeslav təşəkkürünü bildirmişdir. Səfir qeyd etmişdir ki, bu günlərdə tək Moskvada yox, eyni zamanda Rusiyanın digər şəhər və regionlarında da ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı çoxsaylı tədbirlər keçirilməkdədir. Bu tədbirlərdə Ulu Öndərin gördüyü işlərə diqqət çəkilir, Heydər Əliyevin prinsipiallığı və nüfuzu sahəsində başa çatmış və bu gün də Rusiyanın rifahına xidmət edən BAM-ın tikintisinin onun adı ilə bağlı olduğu vurğulanır. Ölkəmizin Səfiri həyatının 10 ilini mədəniyyət naziri kimi Ulu Öndərlə çalışdığını və bu böyük məktəbin diplomunun heç bir yerdə verilmədiyini qeyd etmişdir. Heydər Əliyevin mədəniyyət xadimlərinə münasibətindən bəhs edən Polad Bülbüloğlu, ümummilli liderə istinad edərək mədəniyyətlərin xalqların göstəricisi olduğunu söyləmişdir.

Federasiya Şurasında keçirilən sərgidə Valentina Matviyenko müasir Azərbaycanın banisi Heydər Əliyevin xatirəsinin Rusiyada geniş yad edildiyini söyləmişdir. Həmçinin o, Ulu Öndərin zəngin həyat yolundan bəhs etmiş, Azərbaycan xalqının tələbi ilə ölkə rəhbərliyinə qayıdışından, üzərinə böyük məsuliyyət götürərək Azərbaycanda hökm sürən xaosa son qoyduğunu və ölkəmizin tərəqqi yoluna qədəm basdığını vurğulamışdır.

Sahibə Qafarova ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərginin yüksək səviyyədə təşkilinə görə Federasiya Şurasının sədri Valentina Matviyenkoya təşəkkürünü bildirmişdir. Çıxışında diqqətə çatdırmışdır ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəldikdən sonra həyatın bütün sahələrində idarəetmə vektoru köklü surətdə dəyişmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra da Heydər Əliyevin böyük təcrübəsinə, unikal qabiliyyətlərinə kəskin ehtiyac duyulmuş və Ulu Öndər həyatın bütün sahələrində yaranmış böhran, qeyri-sabitlik şəraitində dövləti xilas etmək, onun dağılması təhlükəsinin qarşısını almaq, iqtisadi, sosial, siyasi tənəzzülü aradan qaldırmaq kimi tarixi missiyanı öz üzərinə götürmüşdür. Spiker vurğulamışdır ki, ümummilli liderin ən qiymətli əsəri olan müasir Azərbaycan dövlətçiliyi hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf etməkdədir.

Tədbirin bədii hissəsində uşaqlar çıxış edərək Azərbaycan və rus dillərində Ulu Öndər Heydər Əliyevin sevdiyi şeirlərindən parçaları səsləndirmişlər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarovanın Federasiya Şurasının sədri Valentina Matviyenko ilə təkbətək görüşü olmuşdur.

Həmin gün Səfirlik tərəfindən Heydər Əliyevin 100 illiyi ilə əlaqədar möhtəşəm “Yevropeyskiy” salonunda rəsmi qəbul da təşkil edilmişdir.

300 nəfərdən artıq qonağın qatıldığı qəbulda Moskvada akkreditə olunmuş səfirlər və yüksək rütbəli diplomatlar, Rusiya Federasiyasının yüksək vəzifəli rəsmiləri, o cümlədən Dövlət Dumasının sədrinin müavini Aleksey Qordeyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin, Rusiya Prezidentinin köməkçisi İqor Levitin, Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova, Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin və “LDPR” partiyasının sədri Leonid Slutskiy, Dumanın deputatları, komitə sədrləri, Federasiya Şurasının senatorları, Rusiya xarici işlər nazirinin müavinləri Andrey Rudenko və Mixail Qaluzin, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya XİN-in informasiya və mətbuat departamentinin rəhbəri Mariya Zaxarova, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoliy Torkunov, Rusiyanın digər yüksək vəzifəli məmurları, politoloqlar, ekspertlər, Rusiya ictimaiyyətinin və diasporumuzun nümayəndələri, Rusiyanın Azərbaycan Gənclər Birliyinin üzvləri və Rusiyada təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

Çıxış edən Polad Bülbüloğlu bir daha ümummilli liderin 100 illik yubileyinə göstərilən diqqətə görə Rusiya rəhbərliyinə təşəkkürünü bildirmişdir. Bir azərbaycanlı və Səfir kimi Ulu Öndərin 100 illiyinin bu ölkədə yüksək səviyyədə qeyd olunduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirən Polad Bülbüloğlu onu da vurğulamışdır ki, 100 il keçməsinə baxmayaraq, Heydər Əliyevin adı, onun nüfuzu bu gün də Azərbaycana, Rusiya ilə münasibətlərin inkişafına xidmət edir.

Sahibə Qafarova Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş belə gözəl tədbirlərin Moskvada keçirilməsini Azərbaycan xalqının böyük oğlunun xatirəsinə, bütün Azərbaycan xalqına səmimi hörmətin təzahürü kimi dəyərləndirmişdir.

Sahibə Qafarova ümummilli liderin bütün arzularının bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə həyata keçirildiyini, Azərbaycanla Rusiya arasında münasibətlərin daha da inkişaf etdirildiyini məmnuniyyətlə diqqətə çatdırmışdır.

Aleksey Qordeyev çıxışında qeyd etmişdir ki, bu gün Rusiyada Heydər Əliyevi xatırlayırlar, onun xidmətlərini, SSRİ Nazirlər sovetinin sədrinin birinci müavini kimi gördüyü işləri bilir və dəyər verirlər.

Leonid Slutskiy vurğulamışdır ki, bu gün Heydər Əliyevin ruhu ona görə şaddır ki, Azərbaycanda inkişaf müşahidə olunur. Həmçinin qeyd etmişdir ki, ölkəmizdə dünya miqyaslı tədbirlər keçirilir. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinə son qoyaraq, Qarabağı Azərbaycana qaytarmış, Ulu Öndərin vəsiyyətini həyata keçirmişdir.

Qəbul Azərbaycanın milli musiqisi və rəqsləri ilə davam etmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının xalq artisti Ənvər Sadıqov, əməkdar artisti Emil Əfrasiyab, müğənni Vüsal Hacıyev və “Mirvari” rəqs qrupu müvəffəqiyyətlə Azərbaycan mədəniyyətini təmsil etmişdirlər. Həmçinin rusiyalı opera müğənnisi Yana Melikayeva da tədbirdə çıxış etmişdir.

Arxiv üzrə axtarış