2023-05-16

16 may 2023-cü il tarixində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda “Heydər Əliyev – 100. Şəxsiyyət. Qərinə. İncəsənət” sərgisinin açılışı olmuşdur

16 may 2023-cü il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda “Heydər Əliyev – 100. Şəxsiyyət. Qərinə. İncəsənət” sərgisinin açılışı olmuşdur.

Tədbirdə Moskvada akkreditə olunmuş diplomatik korpusun yüksək rütbəli diplomatları, Heydər Əliyev Fondunun əməkdaşları, Rusiya ictimaiyyətinin və diasporumuzun nümayəndələri, Rusiyanın Azərbaycan Gənclər Birliyinin üzvləri və Rusiyada təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova tədbiri açaraq sərginin keçirilməsinin əhəmiyyətindən, ümummilli liderin zəngin həyat yolundan danışmış, onun xaricdə yaşayan soydaşlarımızın birləşməsində, vahid qüvvəyə çevrilməsində mühüm rolunu qeyd etmişdir.

Səfir Polad Bülbüloğlu tədbir iştirakçılarını salamlayaraq görkəmli siyasi xadim Heydər Əliyevin 100 illiyinin Rusiyada yüksək səviyyədə qeyd edilməsinin sevindirici və qürur verici olduğunu söyləmişdir. O, Heydər Əliyevin Rusiya ilə Azərbaycan arasında bağlayıcı körpü olduğunu bildirmişdir. Səfir ümummilli liderin SSRİ rəhbərlərindən biri olduğunu söyləyərək, onun keçdiyi dolğun həyat yolundan danışmışdır. Həmçinin vurğulamışdır ki, o, 60-cı illərin sonunda fəaliyyət göstərən yaradıcı insanlar hər zaman dahi şəxsiyyətin diqqət və qayğısını hiss etmişdirlər. Məhz bu diqqət, dəstək və qayğının nəticəsində bizlər SSRİ-də tanındıq. 1993-cü ildə xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni qaçılmaz uçurumdan qurtarmış, ölkəni xilas etmişdir. 10 il Heydər Əliyevin hökumətində mədəniyyət naziri kimi çalışdığını demiş, böyük həyat və idarəçilik məktəbi keçdiyini, o illərin diplomu heç bir yerdə verilməyən məktəb olduğunu vurğulamışdır. Polad Bülbüloğlu bildirmişdir ki, Heydər Əliyevin 100 illiyinin Rusiyanın bir çox şəhər və regionlarında yüksək səviyyədə qeyd edilməsi onu sevindirir. Hər yerdə də Ulu Öndərin xidmətləri ehtiramla yad edilir. Azərbaycanın Səfiri 15 may tarixində Moskvada “TASS” informasiya agentliyinin qarşısında, Rusiya Federasiya Şurası və Dövlət Dumasında təşkil edilən sərgilər, sərgilərdə Federasiya Şurasının sədri Valentina Matviyenkonun və Dövlət Dumasının sədri Vyaçeslav Volodinin etdiyi çıxışlar, iştirak etmiş nüfuzlu qonaqlar və Səfirlik tərəfindən keçirilən rəsmi qəbul haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermiş, qeyd edilən tədbirlərin siyasi əhəmiyyətini önə çəkmişdir. Səfir vurğulamışdır ki, bu tədbirlərdə iştirak etmək üçün Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova və onun başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Moskvaya səfər etmişlər. Polad Bülbüloğlu Ulu Öndərin şəxsiyyətinə göstərilən diqqətə görə Rusiya tərəfinə təşəkkürünü bildirərək qeyd etmişdir ki, 100 il keçsə də, Heydər Əliyevin adı, onun xatirəsi bu gün də Azərbaycan və Rusiyanın, iki xalqın yaxınlaşmasına xidmət edir.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev çıxışında dahi Heydər Əliyev haqqında danışmağın məsuliyyətli olduğunu söyləmiş və qonaqlara sərginin mahiyyəti və burada sərgilənən əsərlər haqqında məlumat vermişdir. Həmçinin o qeyd etmişdir ki, ümummilli liderin 100 illiyi ilə əlaqədar ölkəmizdə, o cümlədən Bakıda 10-dan artıq, Şuşada isə dörd sərgi təşkil olunmuşdur. Bu sərgilərdə Heydər Əliyevin sevimli əsərləri nümayiş olunur. Onların da arasında Ulu Öndərin ən sevdiyi əsər müəllifi Azərbaycan Respublikasının xalq rəssamı Oqtay Sadıqzadənin olduğu həyat yoldaşı Zərifə Əliyevanın portretdir.

“TASS” informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman 2001-ci ildə Heydər Əliyevlə müsahibəsinə istinad edərək Heydər Əliyevin rəssam olmaq istədiyini, lakin müvafiq təhsil ocağının olmaması səbəbindən Ulu Öndərin memarlıq fakültəsinə daxil olduğunu qeyd etmişdir. Əminliklə demək olar ki, Heydər Əliyev “rəssam” və “memar” sözlərinin geniş mənasında ölkəsinin, müasir Azərbaycanın rəssamı və memarı olmuşdur. Onun arzusu həyata keçmişdir. Bu gün Prezident İlham Əliyev tərəfindən irəli aparılan ölkənin əsasını Heydər Əliyev qoymuşdur.


Politoloq Sergey Markov sərgidə iştirak etməkdən məmnunluq ifadə etmiş, Heydər Əliyevin 100 illiyinin Rusiyada geniş qeyd edilməsinin sevindirici olduğunu, Heydər Əliyevin Rusiya ilə Azərbaycanı birləşdirdiyini söyləmişdir. Ulu Öndərin həyatı haqqında danışan natiq, onun Sovet rəhbərliyində gördüyü mühüm işlərdən söz açmış, Heydər Əliyevin həyata keçirdiyi fəaliyyətdən Rusiyanın bu gün də bəhrələndiyini qeyd etmişdir. Həmçinin ümummilli liderin Azərbaycanı ən çətin vaxtda xilas etdiyi vurğulamış, görkəmli siyasi xadim Heydər Əliyevin irsinin öyrənilməsinin zəruriliyini qeyd etmişdir.

Tədbirin bədii hissəsi klassik musiqinin müşayiəti ilə davam etmişdir.

 

 

Arxiv üzrə axtarış