2023-06-08

26 may 2023-cü il tarixində Müstəqillik günü ilə əlaqədar Səfirlik tərəfindən rəsmi qəbul təşkil edilmişdir.

 

Qəbulda Rusiya Federasiyasının xarici işlər nazirinin müavinləri Mixail Qaluzin, Andrey Rudenko, Aleksandr Pankin, Sergey Ryabkov, Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin, Federasiya Şurasının senatorları, Dövlət Dumasının deputatları, komitə sədrləri, XİN-in və Moskvada akkreditə olunmuş diplomatik korpusun yüksək vəzifəli təmsilçiləri, Rusiyanın görkəmli ictimai və siyasi xadimləri, politoloqlar, ekspertlər, Heydər Əliyev Fondunun nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları, diasporun nümayəndələri və Moskvada təhsil alan azərbaycanlı tələbələr iştirak etmişdirlər. 

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının və Rusiya Federasiyasının himnlərinin səsləndirilməsi ilə başlamışdır. Sonra Səfir Polad Bülbüloğlu və Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin çıxış etmişdirlər.

Polad Bülbüloğlu çıxışında Azərbaycan Demokratik Respublikasının yaranma tarixi haqqında danışmışdır. O bildirmişdir ki, qısa müddət ərzində parlament, hökumət yaradılmış, bayraq, himn kimi dövlət atributları təsis edilmiş, dövlət quruculuğu sahəsində mühüm qərarlar qəbul edilmiş və respublikanın beynəlxalq münasibətlər sisteminin subyekti qismində tanınması istiqamətində addımlar atılmışdır.

Cəmi 23 ay ömrü olan ADR müsəlman Şərqində demokratik ənənələrin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Parlamentdə bütün millətlərin nümayəndələri təmsil olunurdular, ilk dəfə olaraq qadınlara səsvermə hüququ verilmişdir, Bakı Universiteti açılmış və bir çox digər vacib işlər görülmüşdür. 

Səfir vurğulamışdır ki, müasir Azərbaycanın reallığı, ölkəmizin müstəqilliyinin qorunması və gücləndirilməsi bu il 100 illiyini qeyd etdiyimiz görkəmli dövlət və siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır və bu, təkzib edilməz həqiqətdir.

Sevindirici haldır ki, bu əlamətdar gün Rusiyanın bir çox regionlarında geniş qeyd edilir. Həştərxan, Volqoqrad, Vladimir, Krasnoyarsk, Yekaterinburq, Mahaçqala, Ufa, Sankt-Peterburq və Moskva kimi şəhərlərdə Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir və sərgilər keçirilmişdir. Polad Bülbüloğlu ölkəmizin adından artıq tarixi olan tədbirlərin keçirilməsi təşəbbüsü və təşkilinə görə Dövlət Dumasının rəhbərliyinə və şəxsən Vyaçeslav Volodinə, Federasiya Şurasının rəhbərliyinə və şəxsən Valentina Matviyenkoya, həmçinin Sergey Mixaylov başda olmaqla “TASS” informasiya agentliyinə təşəkkürünü bildirmişdir.

Eyni zamanda Səfir dahi Azərbaycanlı haqqında filmlər yaradan Rusiyanın aparıcı televiziya kanallarını qeyd edərək “Birinci kanal”a, “Rossiya 1” kanalına, “Mir” dövlətlərarası telekanala, habelə bu gün də xalqlarımızı və ölkələrimizi birləşdirən insan haqqında geniş məqalə çap edən aparıcı Rusiya KİV-lərinin rəhbərlərinə minnətdarlığını çatdırmışdır.

Azərbaycanın Səfiri qeyd etmişdir ki, Heydər Əliyev xarici siyasət strategiyasının əsas istiqamətləri və prioritetlərini müəyyən edilmişdir. Sözün əsl mənasında Azərbaycan ilə Rusiya arasında birləşdirici fiqur olan Heydər Əliyev iki ölkə arasında mehriban qonşuluq və dostluq münasibətlərinin qurulmasına xüsusi önəm verirdi, onların inkişafı üçün bütün mümkün imkanlardan effektiv istifadə edirdi.

İkitərəfli əlaqələrin inkişafı üçün imkanların qarşılıqlı anlayışının keyfiyyətcə yeni mərhələsi başlamış, ölkələrimiz arasında münasibətlərin geniş gündəminin, habelə iki dövlətin maraqlarına toxunan və 1997-ci ildə Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilənin imzalanması ilə nəticələnən qlobal və regional məsələlərin təşviqi istiqamətində konkret addımlar atılmışdır.

Bu gün müasir şəraitdə Heydər Əliyevin ideya və planları Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Hal-hazırda Azərbaycanla Rusiya arasında münasibətlər müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çıxmışdır ki, bu il imzalanmasının ildönümünü qeyd etdiyimiz "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə bunun əyani sübutudur.

2020-ci ilin noyabr ayında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 il davam edən və ərazilərimizin 20%-nin Ermənistan tərəfindən işğalına son qoyaraq torpaqlarımızı azad etmişdir.

Ərazilərimizin azad olunması onilliklər ərzində Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızda aparılan geniş miqyaslı qanunsuz fəaliyyəti üzə çıxarmışdır. Buraya etnik təmizləmə, ərazilərin geniş minalaması, dini, mədəni və tarixi irsin məqsədyönlü şəkildə məhvi və mənimsənilməsi, təbii resursların talanı və infrastrukturun dağıdılması daxildir.

Çoxillik işğalın ağır nəticələrinə baxmayaraq Azərbaycan Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesi təşəbbüsünü irəli sürmüş və iki dövlətin suverenitetinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət əsasında sülh sazişinin imzalanmasını, habelə sərhədlərin delimitasiya prosesinin başlanmasını nəzərdə tutan sülh gündəmini təşviq etməyə davam edir.

Lakin regiondakı vəziyyət, Ermənistanın siyasi rəhbərliyinin ritorikası və uydurmaları onu deməyə əsas verir ki, qonşularımız sülh istəmir və dövlətlərarası münasibətlərin normallaşdırılması prosesini süni olaraq uzadırlar. Təəssüflə qeyd olunmalıdır ki, Ermənistan danışıqların imitasiyası praktikasını tətbiq edərək revanşist ideyalarla yaşamağa davam edir və öz öhdəliklərini vicdanla yerinə yetirmək əvəzinə təxribat və sabotaja əl atırlar. Bundan əlavə, Ermənistan ərazilərimizin minalanması prosesini davam edərək, təbii resurslarımızın qanunsuz hasilatını həyata keçirərək və silahlı qüvvələrini Azərbaycanın suveren ərazilərindən çıxarmayaraq regiondakı sabitlik və təhlükəsizliyə yeni təhdid yaradır.

Səfir Ermənistan tərəfindən üzərinə götürdüyü 2020-ci ilin 10 noyabr Bəyanatından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin, beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətin və regionun sülh şəraitində inkişafının başqa alternativinin olmadığının anlamağın vacibliyini qeyd etmişdir.    

Bu gün Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionlarının dirçəlişi Azərbaycan xalqının milli ideyasının vacib elementi olmuşdur. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə geniş miqyaslı bərpa işləri aparılır. İddialı layihələr həyata keçirilir.

Həmçinin Polad Bülbüloğlu vurğulamışdır ki, Azərbaycan Rusiyanın və şəxsən Prezident Vladimir Putinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli və postmünaqişə dövründə nizamlanma səylərini yüksək qiymətləndirir.

Çıxışının sonunda Səfir qeyd etmişdir ki, Azərbaycan üçün Rusiya ilə əməkdaşlıq açıq və aydın, proqnozlaşdırıla bilən və məqsədyönlü strateji perspektivə malikdir. Bunun üçün də böyük potensial və iki ölkə rəhbərliyinin iradəsi vardır.

Mixail Qaluzin Prezident Vladimir Putinin Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubuna istinad edərək vurğulamışdır ki, bu gün Azərbaycan iqtisadi və sosial sahələrdə heyrətamiz uğurlar əldə etmiş, dünya miqyasında layiqli nüfuza malikdir və beynəlxalq gündəmdəki bir çox mühüm məsələlərin həllində fəal rol oynayır.

Rusiyanın xarici işlər nazirinin müavini qeyd etmişdir ki, Rusiya və Azərbaycan xalqlarını mehriban qonşuluq, dostluq və qarşılıqlı hörmət birləşdirir. İki ölkə arasında ikitərəfli münasibətlər bütün istiqamətlərdə yüksələn xətlə inkişaf edir ki, bu da dövlətlərimizin liderləri arasında mövcud olan və qarşılıqlı etibara söykənən dialoqa mümkün olmuşdur. O, Rusiya ilə Azərbaycanın MDB çərçivəsində, eləcə də regional və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətinə diqqət yetirmişdir. Mixail Qaluzin bütün qeyd edilən amillərin xarici konyunkturadan asılı olmayaraq Rusiya-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir. Moskva və Bakı ümumi aktual məsələlərin həllində səylərini əlaqələndirir, 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlara istinad edərək regional təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət göstərirlər. Rusiyalı diplomat xüsusilə vurğulamışdır ki, sözügedən sənədlərin bütün müddəalarının həyata keçirilməsi Cənubi Qafqazda sabitlik və inkişafın təminatıdır. Heç bir digər dövlət kimi Rusiya bu nəticənin əldə olunmasında olduqca maraqlıdır.

Həmçinin Mixail Qaluzin Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolundan danışmışdır.

Tədbirdə çıxış edən Rusiya neft-qaz sənayeçiləri İttifaqının prezidenti Gennadiy Şmal qonaqlara Fərman Salmanov və Sabit Orucov, onların keçmiş SSRİ-nin neft və qaz sahələrinin inkişafında rollarından danışmışdır. O, Sibirdə neft yataqlarının aşkar edilməsinin tarixindən və bu işdə Fərman Salmanovun rolundan bəhs etmiş, faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan neftinin müstəsna rolunu vurğulamışdır. Həmçinin o Orucov S.A. medalının təsis edildiyini elan edərək xalq komitəsinin qərarı ilə Səfir Polad Bülbüloğlunun bu medalla təltif edildiyini bildirmişdir.

Qəbul rəsmi hissəsindən sonra qonaqlar üçün furşet təşkil olunmuşdur.

  

Arxiv üzrə axtarış