2023-07-26

Cari ilin 26 iyul tarixində Azərbaycanın Rusiyadakı Səfiri, diplomatik korpusun duayeni Polad Bülbüloğlu Türkiyənin Rusiyadakı Səfiri Mehmet Samsarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

Cari ilin 26 iyul tarixində Azərbaycanın Rusiyadakı Səfiri, diplomatik korpusun duayeni Polad Bülbüloğlu Türkiyənin Rusiyadakı Səfiri Mehmet Samsarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud olan ən yüksək səviyyəli əlaqələrdən, iki dövlətin xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, o cümlədən Rusiyadakı səfirlikləri arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilmişdir. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında dövlət başçılarımızın birgə səylərinin mühüm rolu məmnuniyyətlə qeyd olunmuşdur.

Polad Bülbüloğlu vurğulamışdır ki, 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Rusiyadakı Səfirliyi hər zaman Azərbaycanın Səfirliyinə mənəvi dəstək olmuş, sözügedən müharibənin hər bir çətin və şərəfli gününü bizimlə birgə yaşamışlar.

Səfir türkiyəli həmkarına minnətdarlığını bildirərək gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulamışdır.

Qəbula görə təşəkkürünü bildirən Mehmet Samsar, Türkiyə xalqının Azərbaycanın uğurlarına sevindiyini və xalqlarımız arasında qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış