2024-02-09

9 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu Rusiyadakı diplomatik korpusun duayeni qismində Rusiya Xalqlar Dostluğu Universitetinin təsis edilməsinin 64-cü ildönümü münasibətilə təntənəli qəbulda iştirak etmişdir

9 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu Rusiyadakı diplomatik korpusun duayeni qismində Rusiya Xalqlar Dostluğu Universitetinin təsis edilməsinin 64-cü ildönümü münasibətilə təntənəli qəbulda iştirak etmişdir. Qəbul xarici diplomatik nümayəndəliklərin nümayəndələri üçün təşkil olunmuşdur.

Azərbaycan Səfiri toplaşanlar qarşısında çıxış edərək təhsil müəssisəsinin rəhbərliyini Universitetin yarandığı Gün münasibətilə təbrik etmiş və uzun illər ərzində bu təhsil ocağının təkcə bilik və təcrübə xəzinəsi deyil, həm də dostluq, tolerantlıq və sülh örnəyi olduğunu bildirmişdir. "Bütün bu keyfiyyətlər bugünkü mürəkkəb dövrdə müasir gənc nəsil üçün son dərəcə vacibdir. Sübhəsiz demək olar ki, Universitetinizdə gələcəyin modelinin təməli qoyulur, burada insanlar irqi, milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün dünyanın vətəndaşı olurlar".

Polad Bülbüloğlu çıxışında Rusiya Xalqlar Dostluğu Universitetinin Azərbaycan Respublikasının ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayaraq, ölkələrimizin mütəxəssislərinin ixtisaslarının artırılması, eləcə də təhsil və elm sahəsində təcrübə mübadiləsi layihələrinin birgə səylərlə həyata keçirildiyini bildirmişdir.

Azərbaycan Səfiri Rusiya tərəfinə Azərbaycan Respublikası vətəndaşlarının Universitetdə təhsil almaq imkanına görə təşəkkürünü bildirərək, bunun ölkələrimiz və xalqlarımız arasında gələcək qarşılıqlı fəaliyyət və anlaşma üçün perspektivli olduğunu vurğulamışdır.

Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyasının belə bir əhəmiyyətli təhsil ocağının binasında açılması ilə bağlı həyata keçirilən layihəni xüsusi qeyd edən Səfir Bülbüloğlu, bu layihə sayəsində tələbələrin zəngin Azərbaycan ədəbiyyatı ilə tanış ola biləcəklərini, eləcə də xalqlar arasında dostluğun zamini olan Azərbaycan-Rusiya mədəni əlaqələrinin möhkəmləndirə biləcəklərini vurğulamışdır.

Sonda P. Bülbüloğlu Rusiya Xalqlar Dostluğu Universitetinin bütün tələbələrinə və professor-müəllim heyətinə dünya xalqlarının birləşməsinə verdiyi töhfələrə görə dərin minnətdarlığını bildirmişdir.

Arxiv üzrə axtarış