26 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
26 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində Heydər Əliyev Fondunun Moskva filialı ilə birgə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Səfirlər, diplomatik korpusun, Rusiya ictimaiyyətinin, diasporun, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) nümayəndələri və Moskvada təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Tədbirin rəsmi hissəsindən əvvəl Azərbaycan, Türkiyə və Pakistan Səfirləri, eləcə də iştirak edən qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Səfirliyin binasında ucaldılmış barelyefinə, həmçinin Xocalı faciəsi qurbanlarına həsr olunmuş bannerə gül dəstələri qoymuşdurlar. Zalda simli kvartetin ifasında matəm musiqisi səslənmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Səfiri Polad Bülbüloğlu qeyd etmişdir ki, bugünkü anım günü əvvəlkilərdən fərqlənir, bu gün Azərbaycanın bütün ərazisi kimi Xocalı da işğalçılardan tam azad edilmişdir.
Xocalı Azərbaycan xalqının sağalmayan yarasıdır. Bu, Ermənistanın çoxillik təcavüzü zamanı dinc Azərbaycanlı əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir və ölkəmizin tarixində ən faciəli səhifələrindəndir.
Polad Bülbüloğlu Azərbaycan Prezidenti İlham Əliyevin məhz bu gün Xocalıya səfər etməsinin, Xocalı soyqırımı Memorialının təməlinin qoymasının və ictimaiyyət nümayəndələri ilə görüşməsinin xüsusi əhəmiyyətini vurğulamışdır.
Uzun illər bundan əvvəl "Xocalı soyqırımını törədənlər gec-tez ədalət qarşısında cavab verəcək və layiqli cəza alacaqlar, şəhidlərimizin qanı yerdə qalmayacaq" deyən Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirən Səfir qeyd etmişdir ki, bu il ilk dəfə olaraq bütün ölkə, xüsusən də işğaldan azad edilmiş Xocalı şəhəri 26 fevral hadisələrini tamamilə fərqli, xüsusi hisslərlə, başını uca tutaraq qeyd edir ona görə ki, şəhərin üstündə ölkəmizin Dövlət bayrağı dalğalanır.
Səfir vurğulamışdır ki, vaxtilə belə qanlı cinayətə yalnız Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra siyasi-hüquqi qiymət verilmişdir. Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət" beynəlxalq informasiya kampaniyasının da böyük rolu qeyd olunmuş və bu kampaniya çərçivəsində həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda gənclərin faciə qurbanlarının xatirəsinin qorunub saxlanmasında fəal iştirak etmələri vurğulanmışdır.
Polad Bülbüloğlu gənc nəslin tədbirdə iştirak edən nümayəndələrinə müraciət edərək, onlara öz ölkələrinin tarixinin ağır səhifələrini heç vaxt unutmamağı, Xocalı soyqırımı haqqında həqiqətləri öz həmyaşıdları və beynəlxalq ictimaiyyət arasında yaymağı tövsiyə etmişdir.
Səfir çıxışında mina terroru probleminə xüsusi diqqət yetirmişdir.
Sonda Polad Bülbüloğlu vurğulamışdır ki, Azərbaycan Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərinin normallaşmasına sadiq qalaraq, beynəlxalq öhdəliklərə əməl etməkdə və Ermənistan tərəfindən ərazi iddialarından imtina etməkdə israrlıdır.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalı, İ.M.Seçenov adına Birinci Moskva Tibb Dövlət Universitetinin tələbəsi Günel Miriyeva şair Nailə Nadirin "Mənim torpağım, mənim Qarabağım" şeirini oxumuşdur.
Simli kvartet Edvard Qriqin "Ozenin ölümü" adlı matəm əsərini ifa etmişdir.
Sonda Azərbaycan ənənəsinə uyğun olaraq Azərbaycan mətbəxinin yeməklərindən ibarət ehsan verilmişdir.
Həmin gün Səfirliyin girişində Xocalı faciəsində həlak olanların xatirəsinə həsr olunmuş böyük stend quraşdırılışdır. Moskvada yaşayan soydaşlarımız, diaspor nümayəndələri, azərbaycanlı tələbələr gün ərzində abidənin önünə gül dəstələri qoymuşdurlar.