2024-03-23

"Crocus City Hall" baş vermiş terror aktına dair

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi bildirir ki, 22 mart 2024-cü il tarixində "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı ilə əlaqədar Səfir Polad Bülbüloğlu tərəfindən bayram günlərinə baxmayaraq, bütün məsul işçilərə diplomatik nümayəndəlikdə iş yerlərində toplaşmaq göstərişi verilmişdir. Dəstək üçün vətəndaşlarımıza müraciət edildiyi təqdirdə təcili yardımın göstərilməsi məqsədilə gecə növbətçiliyi təşkil edilmiş, lakin hazırda Səfirliyə heç bir müraciət daxil olmamışdır.

Hücum nəticəsində yaralananlar haqqında ilk məlumatlar aşkarlanmağa başlayan kimi Səfirlik açıqlanan bütün məlumatları diqqətlə izləmişdir. İlkin siyahılarda adı çəkilən Sevinc Rüstəmova yenilənmiş siyahılarda artıq qeyd olunmamışdır. Lakin həlak olanların siyahısında 1983-cü il təvəllüdlü Hüseynov Vüqar Fuad oğlu adlı azərbaycanlı, ehtimal ki, Rusiya vətəndaşı vardır.

Hazırda Azərbaycan Respublikasının Səfirliyi bu informasiyanın aydınlaşdırılması üçün bütün lazımi tədbirlər görür, o cümlədən öldürülən şəxsin cəsədinin yeri, habelə mərhumun qohumları və tanışları haqqında məlumatlar toplanılır. Yeni məlumat əldə edilən kimi, dərhal Səfirliyin Teleqram-kanalında yerləşdirəcəkdir.

Arxiv üzrə axtarış