12 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş təntənəli anım gecəsi təşkil olunub.
12 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş təntənəli anım gecəsi təşkil olunub.
Qəbulda Rusiya Federasiyasının Prezident Administrasiyasının nümayəndələri, RF Federasiya Şurası üzvləri və Dövlət Dumasının deputatları, RF xarici işlər nazirinin müavini Mixail Qaluzin və Rusiya XİN-in əməkdaşları, Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər, elmi dairələrin və KİV-lərinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Azərbaycanın Rusiyadakı Səfiri Rəhman Mustafayev Heydər Əliyevin Sovet Azərbaycanının rəhbəri (1969-1982), SSRİ Nazirlər Sovetinin birinci müavini (1982-1987) və müstəqil Azərbaycanın Prezidenti (1993-2003) qismində siyasi fəaliyyətinin əsas dövrləri haqqında məlumat verib. Səfir Heydər Əliyevin Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin təməlini qoyduğunu, onun ölkədə sosial-siyasi sabitlik, etnik qruplar arasında sülh və balanslı xarici siyasət xəttinin təmin etdiyini vurğulayıb. Həmçinin qeyd olunub ki, Heydər Əliyev işğaldan azad edilmiş Qarabağı görməsə də, məhz o, Prezident İlham Əliyev tərəfindən 2003-2020-ci illərdə uğurla həyata keçirilmiş qələbə strategiyasının əsasının yaratmışdı. Rəhman Mustafayev məhz Ümummilli liderin Azərbaycanın xarici siyasətində Rusiya ilə strateji tərəfdaşlıq kursunu formalaşdırdığını və həmin siyasətin hazırda Heydər Əliyevin oğlu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Öz növbəsində, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin çıxışında Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərindəki birləşdirici rolu və mühüm töhfəsini xüsusi olaraq vurğulayıb. M.Qaluzin bu gün Moskva və Bakı arasındakı münasibətlərin qarşılıqlı müttəfiqlik səviyyəsinə çatdığını bildirib. O, həmçinin ikitərəfli dövlətlərarası münasibətlərin sürətli inkişafından danışaraq, onların möhkəm bünövrəsinin Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib, ikitərəfli əlaqələrin yüksək intensivliyi və məzmunu kontekstində cari ilin avqust ayında Rusiya Prezidentinin Azərbaycana ilk dövlət səfərini xatırlayıb. “Moskva və Bakı arasındakı əlaqələr Cənubi Qafqaz, Xəzər regionu, Müstəqil Dövlətlər Birliyi və Avrasiya məkanında sabitliyin mühüm amilinə çevrilir”, - deyə Rusiya xarici işlər nazirinin müavini əlavə edib. M.Qaluzinin həmçinin Ümummilli liderin Baykal-Amur dəmir yolu magistralının inşasında oynadığı əvəzsiz rolunu xüsusilə vurğulayıb.
Daha sonra çıxış edən Sosialist Əməyi Qəhrəmanı, keçmiş Baykal-Amur dəmir yolu magistralının tikintisi üzrə Baş İdarənin rəisi, SSRİ nəqliyyat tikintisi nazirinin müavini Yefim Basin Heydər Əliyevlə görüşlərindən xatirələrini bölüşüb və onun BAM-ın işə salınmasına dair əhəmiyyətli qərarlarından danışıb. O qeyd edib ki, “Heydər Əliyev heç bir zaman unudulmayacaq lider, müəllim və ustad idi”.
Qəbulda qonaqların diqqətinə Ümummilli liderin həyat və fəaliyyətindən anları əks etdirən foto-sərgi, eləcə də solist İsmayıl Zeynalov və pianist Müşviq Quliyevin ifasında Heydər Əliyevin sevimli əsərlərindən ibarət musiqi proqramı təqdim edilib.