Ümumxalq Hüzn Günü - 20 Yanvar 1990-cı il faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir.
Cari ilin 20 yanvar tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində Ümumxalq Hüzn Günü - 20 Yanvar 1990-cı il faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Anım tədbirində Moskvadakı Azərbaycan diasporunun nümayəndələri, görkəmli azərbaycanlı elm xadimləri, həkimlər, Moskva ali məktəblərinin müəllimləri, "Rusiya Azərbaycanlı Gənclər Birliyi"nin (АМОР) tələbələri və fəalları, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev giriş sözü ilə çıxış edərək qeyd edib ki, 20 Yanvar ölkəmizin tarixinə qanlı sətirlə yazılmış və Azərbaycan xalqının qəhrəmanlığını və cəsarətini simvolizə edən həm matəm, həm də parlaq tarixdir. Vurğulanıb ki, sovet hakimiyyətinin ayrı-seçkilik siyasəti fonunda Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda çıxış edən milli azadlıq hərəkatının yatırılması məqsədilə keçmiş sovet qoşunlarının xalqımıza qarşı hərbi təcavüzü Bakıda misli görünməmiş faciəyə səbəb olub və çoxsaylı insan tələfatına çevrilib.
Səfir xüsusilə vurğulayıb ki, o vaxt məhz Ümummilli Lider Heydər Əliyev 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verən ilk həqiqət səsi olub. 21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasında (indiki Azərbaycanın Moskvadakı Səfirliyinin binası) faciə ilə bağlı bəyanatla çıxış edən Heydər Əliyev xalqımıza qarşı törədilmiş vəhşilikləri müharibə cinayəti adlandıraraq qınadı və bu hadisələri törədənləri kəskin tənqid etdi.
Sonra söz Azərbaycan Respublikasının əməkdar müəllimi, Rusiya Federasiyasının "xüsusi xidmətlərinə görə" fəxri təhsil işçisi, Azərbaycan etnomədəni komponenti olan K.A.Kərimov adına 157 saylı məktəbin müəllifi və ilk direktoru Aida Quliyeva, yazıçı, filologiya elmləri doktoru, MGİMO-nun professoru, Azərbaycan Yazıçılar Birliyinin Moskva şöbəsinin sədri Abuzər Bağırov və sənədli film rejissoru, oyun kinosunun ssenaristi Lilia Borovskaya verilib.
Tədbirin sonunda qonaqlar üçün ehsan təşkil olunub.