2025-04-09

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Moskva şəhərinə işgüzar səfər etmişdir

07-09 aprel 2025-ci il tarixlərində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Moskva şəhərinə işgüzar səfər etmişdir.

Səfər çərçivəsində X.Xələfov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, RF Prezidentinin köməkçisi Yuri Uşakov, RF Federal Məclisinin Federasiya Şurasının Beynəlxalq məsələlər üzrə Komitəsinin sədri Qriqori Karasin, RF xarici işlər nazirinin müavinləri Mixail Qaluzin və Andrey Rudenko ilə görüşlər keçirmişdir.

Görüşlər zamanı Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyinin gündəliyi, AQEM-in institusional inkişafı və beynəlxalq təşkilata çevrilməsi, o cümlədən qarşılıqlı fəaliyyət planı müzakirə edilmişdir.

Həmçinin, görüşlərdə iki ölkə arasında müxtəlif səviyyələrdə konstruktiv dialoqun aparılması yüksək qiymətləndirilmiş, Azərbaycan-Rusiya əlaqələrinin inkişafı, ikitərəfli və çoxtərəfli müstəvidə, o cümlədən parlamentlərarası təmasların davam etdirilməsinin vacibliyi qeyd edilmişdir.

Danışıqlarda 22 fevral 2022-ci il tarixli Azərbaycan ilə Rusiya arasında “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin ikitərəfli gündəliyin təməlini təşkil etdiyi və uzunmüddətli əməkdaşlıq üçün əsaslı zəmin yaratdığı məmnunluqla vurğulanmışdır.

Bu kontekstdə ikitərəfli münasibətlərin cari vəziyyəti nəzərdən keçirilmiş, xüsusilə Azərbaycan tərəfinin narahatlığına səbəb olan məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsinə diqqət yetirilmişdir.

Eyni zamanda, Cənubi Qafqaz və Xəzər regionunda davamlı sabitliyin və təhlükəsizlik mühitinin möhkəmləndirilməsi sahəsində birgə səylərin davam etdirilməsinin vacibliyi bildirilmişdir.

Görüşlər konstruktiv və işgüzar mühitdə baş tutmuşdur.

Arxiv üzrə axtarış